Müəllimlər psixoloji təlimlərə cəlb olunmalıdır

Şagirdə əl qaldıran adam öz övladlarını onun yerinə qoymalıdır

  “Binə qəsəbəsində yerləşən 334 saylı tam orta məktəbdə, 10-cu sinifdə təhsil alan oğluma qarşı sinif yoldaşları "bullinq" edib. Bədən tərbiyəsi müəllimi də şagirdlərə qoşularaq oğlumu ələ salıb”. Bu sözləri sosial media hesabında yazar Cəlil Cavanşir yazıb. Yazarın sözlərinə görə, oğlu dəfələrlə müəllimlərin davranışından, yanaşmasından şikayət edib: “Təhsil Nazirliyinin Qaynar xəttinə zəng edib, şikayət etdim, məni başdan elədilər, yönəltdilər Bakı Şəhər Təhsil İdarəsinə. Təhsil idarəsində də zənglərə cavab vermirlər. İndi mənim 15 yaşlı oğlum bu "bullinq"ə görə özünə nə isə etsə mən kimin yaxasından yapışmalıyam?
Bu necə təhsil sistemidir? Nə düşünür bizim Emin müəllim? Nə vaxta qədər debilllər, vicdansızlar təhsil sistemində at oynadacaq?”.
  Jurnalist Günel Musa da qızına qarşı zorakılıqdan şikayətlənib: “249 saylı məktəbin 3 –cü sinfində təhsil alan qızımı müəllim tərəfindən mütəmadi fiziki və psixoloji şiddətə məruz qaldığı üçün məktəbdən uzaqlaşdırmaq məcburiyyətində qalmışam. 8 yaşlı uşaga 23 şagirdin içində "sənin qız boynunu yerə soxum", "filankəsin barmağı gözünə girsin" kimi sözlər deyirdi. Dəmir xətkeşlə vurub əlini yaralayıb. Uşağın əli irinləmişdi”.
  Məruz qaldığı zorakılıqdan sonra qızının psixologiyasının pozulduğunu vurğulayan G. Musa uşağın hazırda məktəbə getmədiyini və dərslərdən geri qaldığını deyib: “Bir aydır ruhi xəstə müəllimə görə mənim uşağım təhsildən yayınıb. Amma o müəllim işinə davam edir. Sistem də açıq olmadığı üçün uşağı başqa məktəbə yerləşdirə bilmirəm. Bir valideyn olaraq mən nə etməliyəm? Aidiyyəti qurumdan övladımın təhsilini bərpa etməsini tələb edirəm”.
  Təhsil eksperti Kamran Əsədov isə “Sherg.az"a açıqlamasında deyib ki, “bullinq” uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Çox təəssüf ki, orta məktəb şagirdləri arasında zorakılıq və təqiblər getdikcə yayılır:

 “Zorakılıq fiziki və ya psixoloji olmasından asılı olmayaraq, qüvvələrin bərabərsizliyini nəzərdə tutur. Zərərçəkən kəskin bir duyğusal reaksiya və müqavimət göstərə bilmir.
  İlk növbədə tədris proqramına nəzər salsaq görərik ki, orta məktəblərdə tədris olunan dərsliklərdə və fənlərdə bu məsələ o qədər də təbliğ olunmur. Düzdür, Həyat bilgisi dərsliyində bununla bağlı müəyyən paraqraflar olsa da, dünya təcrübəsi ilə müqayisədə çox azdır. Əvvəllər İnsan və cəmiyyət, Azərbaycan Respublikası Konstitusiyası fənləri tədris olunurdu ki, bu fənlərin müəyyən paraqraflarında müəllimlər ailə dəyərləri, insani rəftar kimi məsələlər ətrafında geniş məlumat verir, maarifləndirici söhbətlər aparırdılar. Lakin bu kimi faydalı fənlər ləğv olundu. Bundan sonra orta məktəb dərsliklərində şagirdlərin gələcək həyat və fəaliyyəti barədə məlumat verəcək fənlər salınmadı. Hesab edirəm ki, bu barədə ciddi şəkildə müzakirə aparılacaq və həyati əhəmiyyətli mövzu və fənlər tədrisə daxil ediləcək. Çünki orta məktəb insanları həyata hazırlayır. Əgər bu barədə məlumat yoxdur və öyrədilmirsə, hazırlıq necə həyata keçirilə bilər?”.
  K.Əsədovun sözlərinə görə, müəllimin də şagirdə qarşı fiziki zorakılıq törətməsi, aşağılayıcı sözlər deməsi yolverilməzdir: “Mən bütün hallarda şagirdə qarşı zorakılıq və fiziki cəzanın əleyhinəyəm. Lakin unutmaq olmaz ki, bizim milli mentalitetimiz var. Şagirdi döyən müəllim bunu ona cəza vermək, ona hansısa fiziki xəsarət yetirmək üçün etmir. Müəllim öyrədən və tərbiyə edəndir. Məktəblərdə çətin tərbiyə olunan uşaqlar da çoxdur. Bəzən onlar müəllimi elə səviyyəyə çatdırır ki, idarəetmə qabiliyyəti olan şəxs özündən çıxıb şagirdə qarşı arzuolunmaz davranışlar sərgiləyir.
  Əvvəllər valideynlər övladlarını məktəbə aparanda deyərdilər ki, “Əti sənin, sümüyü mənim”. Yəni öyrətmək üçün nə lazımdır edə bilərsiniz, əziz müəllim. Ötən əsrin sonlarına qədər müəllimlər bu metoddan istifadə edərək şagirdlərin elmə sahib olmasına nail ola bilirdi. Lakin indi dövr də, uşaqlar da dəyişib.
  Ona görə də məktəblərdə bu kimi problemlərin aradan qaldırılması üçün ilk növbədə müəllimlərin psixoloji cəhətdən təlimlərə cəlb olunması lazımdır. Onlar hansısa şagirdə qarşı bu addımı atanda öz övladlarını onun yerinə qoysunlar. Bu zaman məsələ daha yaxşı formada həllini tapacaq".