Qiymətləndirmə vasitələrinin işəgötürənin tələbinə uyğun hazırlanması doğru yanaşmadır -EKSPERT

"Təhsildə yeni qiymətləndirmə alətlərindən istifadə etməliyik. Əgər bu baş verməyəcəksə, gənclərimizin əmək bazarında işi çətinləşəcək".
Bunu SABAH qruplarının 10 illik yubileyinə həsr olunan Tələbə-Məzun Forumu və Karyera sərgisində elm və təhsil nazirinin müavini İdris İsayev deyib.
O bildirib ki, işəgötürənlər fərqli bacarıqlar tələb edirsə, onlar da bu prosesdə iştirak etməlidirlər.
"Yaxın 10 ildə dünyanın 42 faizi əmək bazarında yeniliyə cəlb olunacaq", - deyə nazir müavini qeyd edib.

Təhsil eksperti Elnur Aydın “Sherg.az”a bildirib ki, qiymətləndirmə alətləri yalnız biliyin qiymətləndirilməsi üçün nəzərdə tutulmamalıdır:

“Qiymətləndirmə alətləri əsasən səriştələrin ölçülməsini və bacarıqların yoxlanılmasını təmin etməlidir. Zərurət yarandıqdaisə elektron qiymətləndirmə vasitələri onlayn platforma və rəqəmsal testlər formasında keçirilməlidir. Səriştələrin yoxlanılması zamanı isə üzbəüz görüşlər, bacarıqların yoxlanması və ya müsahibə formasında da olması tələb olunmalıdır. Qiymətləndirmə alətləri hazırlanarkən əsasən "Biz nəyi yoxlayırıq və necə yoxlayırıq ? " suallarına aydın və konkret cavabımız olmalıdır. Həmçinin qiymətləndirmə alətlərini hazırlayarkən əmək bazarında fəaliyyət göstərən qabaqcıl işəgötürənlərin işçiləri qarşısında qoyduğu tələb və ehtiyacları müəyyənləşdirilməlidir. Əks təqdirdə gələcəkdə əmək bazarına çıxacaq məzunlar işəgötürənlərin tələb etdiyi və ya arzu etdiyi işçilər ola bilməyəcək. Hətta bu zaman əmək bazarında işəgötürən ehtiyacı olan səriştəli işçi tapmaqda problemlar yaşayacaq. İşçi olmaq istəyənlər isə iş tapmaqda çətinlik çəkəcək. Yeni qiymətləndirmə vasitələrinin işəgötürənin tələb və ehtiyaclarına uyğun hazırlanması doğru yanaşmadır. Lakin yetərli deyil. Həmçinin təhsildə məzmun və tədris proqramlar hazırlanarkən işəgötürənlərin  işçisndən tələb etdiyi bilik, bacarıqlar da nəzərə alınmalıdır”.