İslahatlar sürətlənir
Peşə təhsilini bitirənlərin işlə təmin olunma faizi çox yüksəkdir
"Təcrübə göstərir ki, texniki peşə təhsili bütövlükdə təhsil sisteminin aparıcı istiqaməti olmaqla, cəmiyyətin sosial mənəvi və iqtisadi inkişafında fərdlərin iştirakını təmin edir. Onların ətraf mühitə təsir etmək imkanlarını artırır, insanları yeni biliklərə yiyələnməyə istiqamətləndirir"
Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;
Müasir dövrdə əmək bazarının inkişaf xüsusiyyətlərinə uyğun olaraq onun peşə biliklərinə malik şəxslərlə təmin edilməsi kifayət qədər aktuallıq kəsb edir. Ümumilikdə dövlət və iqtisadiyyatın müəyyən sahələri üçün müvafiq ali təhsilli mütəxəssislərlə yanaşı, müxtəlif peşə sahələri üzrə zəruri bilik və vərdişlərə malik mütəxəssislərin hazırlanması da vacibdir. Müxtəlif sahələrdə çalışmaq üçün mütləq şəkildə ali təhsilə malik olmaq zəruri deyil. Bu mənada müəyyən peşə ixtisası üzrə biliklərin əldə edilməsi ilə də iqtisadi və sosial həyatın müəyyən sferalarında əmək fəaliyyəti ilə məşğul olmaq mümkündür. Peşə təhsilinin əhəmiyyəti həm də onunla bağlıdır ki, ümumilikdə əmək bazarının tələbatına uyğun olaraq orta məktəbi bitirən şəxslərin əmək bazarına ixtisassız girişinin qarşısı alınır. Eyni zamanda onların ilkin bilik və bacarıqlar ilə təmin olunması səbəbilə əmək fəaliyyətinə daha hazırlıqlı başlaması səbəbindən peşə təhsili mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan yaxşı olardı ki, orta məktəblərdə şagirdlərə peşə təhsilinin istiqamətləri haqqında geniş məlumat verilsin, ilkin bilik və bacarıqlar aşılansın. Cəmiyyətimizdə elə bir fikir formalaşıb ki, orta məktəbi bitirən hər kəs ali təhsil almalıdır. Bəzən müəyyən peşə sahəsinə marağı və istəyi olan gənc valideynlərinin təkidi ilə ali məktəblərə imtahan vermək məcburiyyətində qalır. Biz bu stereotipləri qırmalıyıq, həmin gənclərə dəstək olmaq üçün müəyyən mexanizm hazırlanmalıdır. Məlumat üçün bildirək ki, dünəndən etibarən peşə təhsil müəssisələrinə 2022/2023-cü tədris ili üzrə tələbə qəbuluna başlanılıb. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. 2022/2023-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23 min 340 yer üzrə aparılacaq. Son müraciət tarixi 12 avqustdur. Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən Ceyhun Kərəmov deyib ki, Cəlilabad və Sumqayıtda yeni peşə təhsili müəssisələri yaradılacaq: “Hazırda peşə təhsili alan tələbələrin 45 faizi Bakıda yerləşən peşə təhsili müəssisələrinin payına düşür. Bu il dövlət sifarişi üzrə ümumi qəbul planı ötən illə müqayisədə 10 faiz artırılıb. Eyni zamanda, ödənişli ixtisaslar üzrə də qəbul planı artırılıb”. O bildirib ki, Sumqayıtda sənaye və İT yönündə peşə təhsili müəssisəsinin yaradılması istiqamətində də iş aparılır: “Növbəti il Lənkəranda yeni peşə təhsili müəssisəsinin açılması planlaşdırılır. Ümumilikdə, 2026-cı ilə qədər 8 yeni peşə təhsili müəssisəsinin yaradılması hədəf kimi müəyyənləşdirilib”.
Ceyhun Kərəmov bildirib ki, peşə təhsili üzrə 5 yeni ixtisas əlavə edilib. Bunlardan 2-si yüksək-texniki, 3-ü isə texniki peşə ixtisasıdır: “Peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu da təhsilin məzmununun və keyfiyyətinin artırılmasına xidmət edəcək. 2026-cı ilin sonuna qədər peşə təhsilinə cəlb olunanların sayı 11 minə qədər artacaq. Bu, 50 faiz artım deməkdir. Hər il 15 yeni ixtisasın peşə təhsilinə qəbula salınması nəzərdə tutulur. İxtisasartırma və təlimlərlə əmək bazarının tələbatının ödənilməsi əsas prioritetdir”.
Təhsil eksperti Kamran Əsədov “Şərq”ə deyib ki, keçmiş sovetlər dövrünə nəzər saldıqda görürük ki, texniki peşə təhsili ölkə iqtisadiyyatının peşə-ixtisas kadrlarına olan ehtiyacının ödənilməsində mühüm rol oynayıb. Ekspertin fikrincə, SSRİ dağıldıqdan sonra təhsilin başqa sahələrində olduğu kimi, peşə təhsilində də ciddi problemlər yaranıb:
“O dövrdə texniki peşə təhsili müəssisələri baxımsızlıq ucbatından bərbad vəziyyətə düşmüşdü. 1988-1993-cü illərdə Azərbaycanda yaranmış mürəkkəb iqtisadi-siyasi şərait bütün sahələrdə olduğu kimi, texniki peşə təhsilinin inkişafına da öz mənfi təsirini göstərib. Bu dövrdə hökm sürən ictimai və sosial-iqtisadi sabitsizlik, istehsal həcminin kəskin azalması, təhsil təşkilatları ilə müəssisələr arasında ənənəvi əlaqələrin qırılması texniki peşə təhsili sistemini iflic vəziyyətinə salıb. Tamamilə dağılmaq təhlükəsi ilə üz-üzə qoyub. Uzun müddət bir çox ixtisaslar üzrə lazım olan işçi qüvvəsi ya xarici ölkələrdən dəvət olundu, ya da bunu qeyri ixtisaslı kadrlar həyata keçirməyə başladı. Geridə qoyduğumuz 30 ildə texniki peşə təhsili müəssisələrinin binaları yararsız hala düşmüşdü, mühəndis pedaqoji heyətin böyük bir qismi işdən uzaqlaşmışdı.Yataqxanalar qaçqın və məcburi köçkün ailələri tərəfindən zəbt olunmuşdu. Buna baxmayaraq, 2016-cı ildən etibarən texniki peşə təhsilinin inkişafı sahəsində yeni mütərəqqi meyillər yaranmağa başladı. Təcrübə göstərir ki, texniki peşə təhsili bütövlükdə təhsil sisteminin aparıcı istiqaməti olmaqla, cəmiyyətin sosial mənəvi və iqtisadi inkişafında fərdlərin iştirakını təmin edir. Onların ətraf mühitə təsir etmək imkanlarını artırır, insanları yeni biliklərə yiyələnməyə istiqamətləndirir. Peşəkar fəaliyyətdə davamlı inkişafa nail olmaqda real köməklik göstərir”.
K.Əsədova görə, 2016-cı ildə Prezidentin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərmanından sonra peşə təhsili islahatının gedişi daha da sürətləndi:
“Yeni peşələr üzrə kadr hazırlığına diqqət artırıldı. Bu gün orta məktəbləri bitirmiş şəxslər kütləvi şəkildə ali məktəblərə qəbul olmaq üçün sənəd təqdim edirlər. Halbuki, 54 ali təhsil müəssisəmizdə təhsil alan 164 min tələbənin yalnız 42 faizi təhsilini başa vurduqdan sonra əmək bazarında ixtisası üzrə işlə təmin olunur. Amma peşə təhsilini bitirənlərin işlə təmin olunma faizi isə çox yüksəkdir. Müasir Azərbaycan gənclərinin peşə təhsili müəssisələrini seçməməsinin bir səbəbi də onların təhsil aldıqları müddətdə hərbi xidmətdən azad edilməməsi idi. Amma yeni “Peşə təhsili haqqında” qanunda qeyd olunur ki, bu pillədə təhsil alanlara da möhlət hüququ veriləcək. Bu, gənclərin kütləvi şəkildə peşə təhsilinə yönəlməsinə gətirib çıxaracaq. Artıq bir neçə ildir ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu “ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilir. Bütün bu addımlar peşə-ixtisas təhsili müəssisələrinə marağı və müraciəti ciddi şəkildə artıracaq”.