Paytaxt ərazisində polis əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir nəticəsində “TikTok” sosial şəbəkəsində bank olmayan kredit təşkilatlarının adlarına oxşar səhifələr açaraq insanları aldadan 2000-ci il təvəllüdlü Sənan Abbasov saxlanılıb.
Sherg.az DİN-ə istinadən xəbər verir ki, araşdırmalarla S.Abbasovun səhifələrə müraciət edən vətəndaşların şəxsi məlumatlarını ələ keçirərək zərərçəkənlərin adlarına 100-600 manat aralığında mikrokreditlər rəsmiləşdirdiyi, daha sonra isə həmin pul vəsaitlərini xarici ölkələrdən birində yaşayan yaxın qohumunun kart hesablarına köçürdüyü müəyyən olunub. Qeyd edilən vəsaitlər daha sonra ölkə daxilində olan elektron pul kisələrinə göndərilərək Gəncə şəhərində nağdlaşdırılıb və xarici valyuta şəklində yenidən ölkə xaricinə transfer olunub. S.Abbasov bu yolla 200 nəfəri aldadaraq 350 min manatdan artıq maddi vəsaiti mənimsəyib. O, törətdiyi qanunsuz əməllərdən yayınmaq məqsədi ilə ölkəni tərk etmək istəyən zaman polis əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb olunub.
S.Abbasovun kiberdələduzluq tərkibli cinayət əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.
Onun qanunsuz əməllərini birgə həyata keçirdiyi, ölkə xaricində yaşayan və şəxsiyyəti polisə məlum olan qohumunun da saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Məsələyə münasibət bildirən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov “Sherg.az”a açıqlamasında deyib ki, sosial şəbəkələrdə bank və kredit səhifələri yaradaraq kredit təklif edən dələduzları mütləq araşdırmaq lazımdır:
“İlk növbədə həmin şirkətlərin, təşkilatların, bankların, kredit təşkilatlarınln rəsmi fəaliyyət göstərib-göstərməməsinin yoxlanılması yaxşı olar. Çünki internetdə çox sayda yerli məlumat var. Digər tərəfdən dələduzların internetdə geniş fəaliyyəti mövcuddur. Onlar hər bir işi özləri üçün fəaliyyətə çevirirlər. Hazırda isə dələduzluq növləri xeyli artıb. Bu mənada Azərbaycanın internet seqmentini, xüsusən də sosial şəbəkə istifadəçilərini diqqətli olmağa çağırırıq. Çünki bir ildir ki, sözügedən istiqamətdə həm xaricdəki, həm də Azərbaycandakı kiber dələduzlar fəaliyyətlərini və ssenarilərini genişləndiriblər. Belə hallarla üzləşməmək üçün isə insanlar internetdən aldığı təkliflərin real olub olmadığını araşdırdıqdan sonra o işlə maraqlanmalıdırlar”.