"Dava” yeni deyil: META rəqəmsal bazardan milyonlar qazanır

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;
 
 
"İnstagram"ın qapadılması ilə bağlı Türkiyə hökumətinin, Prezident Ərdoğanın mövqeyi anlaşılandır
 
 
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “İnstaqram” sosial şəbəkəsi ilə bağlı söylədikləri və hökumətin sözügedən platforma barədə atdığı addımlar Türkiyə ilə yanaşı, digər ölkələrdə, o cümlədən Azərbaycanda da müzakirə mövzusuna çevrilib. Məlum olduğu kimi, Türkiyə lideri instaqram sosial platformasını tənqid edib. Ərdoğan bildirib ki, HƏMAS lideri İsmayıl Haniyənin sosial şəbəkə platformalarında fotolarının yayılmasının, onun haqqında yazılan yazıların instaqram tərəfindən məhdudlaşdırılması düzgün deyil: “Bu, azadlıq deyil, demokratiya deyil”. Ərdoğan qeyd edib ki, bu, ilk belə hal deyil. Sosial şəbəkə platformalarından narazılığını dilə gətirən Ərdoğan ABŞ və Avropada qaydalara riayət edilməsi ilə bağlı göstərilən həssaslığın Türkiyə ilə bağlı göstərilmədiyini bildirib: "Arzu edilən əməkdaşlığı hələ də tam şəkildə qura bilməmişik. Türkiyənin haqlı tələbləri yerinə yetirilərsə və həssas olduğu mövzularda hörmət nümayiş etdirilərsə, məsələ onsuz da özlüyündən həll olunacaq. Sosial şəbəkə şirkətləri döyüşçüyə çevriliblər. İsraili tənqid edən sadə bir cümləyə belə dərhal senzura tətbiq etməyi özlərinə borc bilirlər. Fələstinlə bağlı paylaşımları dərhal qadağan edən və bunu da azadlıq kimi satan rəqəmsal faşizmlə qarşı-qarşıyayıq. Haniyənin şəhadəti bizə göstərdi ki, fikir və ifadə azadlığının sərhədləri Qərb ölkələrində İsrailin "kaprizləri" ilə müəyyən edilir". Xatırladaq ki, Türkiyədə “İnstagram”a giriş bağlanılıb. Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu daha əvvəl bildirib ki, Türkiyədə “İnstagram”ın blokdan çıxarılmasının vaxtı sosial şəbəkə rəhbərliyinin pozuntuları nə qədər tez aradan qaldıracağından və fəaliyyətini Türkiyə qanunvericiliyinə uyğunlaşdıracağından asılıdır. Onun sözlərinə görə, Nəqliyyat və İnfrastruktur Nazirliyinin nümayəndələri “İnstagram” rəhbərliyi ilə növbəti görüş keçiriblər: "Hazırda sosial şəbəkə hələ də VPN olmadan əlçatmazdır". Qeyd edək ki, "Meta - Facebook" sosial şəbəkəsi və "İnstagram"ın fəaliyyəti Rusiyada da ekstremist kimi qadağan edilib. Feysbuk və instaqramın, o cümlədən digər plaformaların Azərbaycan seqmentində də Türkiyə rəhbərinin diqqət çəkdiyi problemlər yaşanmaqdadır. Məsələn, son günlər feysbuk və instaqram şəbəkələrində şəhid və hərbi-vətənpərvərlik xəbərləri, o cümlədən siyasətlə bağlı informasiyaların paylaşılması, demək olar ki, mümkünsüz hala gəlib. Çünki sözügedən platformalar bu kontentdə informasiyaları "zərərli" hesab etdiyi üçün dərhal silir. Maraqlısı odur ki, bu tip normal xəbərləri "təhlükə" kimi dəyərləndirən feysbuk və instaqram əsl təhlükələrin, məsələn, narkotiklərin istifadəsi, satışı və LGBT kimi əxlaqsız ünsürlərin tirajlanmasına nəinki göz yumur, üstəlik, geniş yayılmasına şərait yaradır. Ötən gün Azərbaycanda 148 instaqram və teleqram kanalları məhz bu səbəblərdən bağlanılıb. Yəni instaqram və teleqramda yeni kiber üsullardan istifadə olunmaqla narkotiklərin satışını həyata keçirən 148 səhifənin bağlanması təmin edilib. Son dövrlər müasir texnologiyaların sürətli inkişafı ilə bir sıra cinayətlərin ənənəvi üsullarla deyil, yeni texnoloji vasitələrdən istifadə olunmaqla törədilməsinə rast gəlinir. Xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən transmilli şəbəkələrin cinayətkar fəaliyyətlərini kiberməkana keçirdiyi müşahidə olunmaqdadır. Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən internet resurslarında aparılan araşdırmalar nəticəsində sosial şəbəkələrdə narkotiklərin satışını həyata keçirən bir sıra səhifələr, qruplar və profillər müəyyən edilib. Müəyyən olunub ki, həmin səhifələrin idarəçiləri şəbəkə üzvləri arasında məlumat mübadiləsini artıq gizli kanallar və şifrəli mesajlar göndərməklə həyata keçirirlər. Bu səhifələrə ilkin baxış zamanı hər hansı qeyri-leqal fəaliyyətlə məşğul olunduğuna dair şübhələr yaranmır. Saxlanılan şəxslər narkotiklərin satışından əldə edilən külli miqdarda pul vəsaitini kriptovalyuta və digər elektron pul kisələri vasitəsilə leqallaşdırıblar. Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək sosial mediada rastlaşa biləcəkləri zorakılıq, kriminal fəaliyyətin təbliğ olunması, zərərli kontentlərin reklam edildiyi səhifə və sosial şəbəkə hesablarından uzaq durmağa çağırıb. Ümumiyyətlə, dünyanın bir neçə ölkəsində sosial şəbəkələrlə bağlı müxtəlif təkliflər, hətta sərt və məhdudlaşdırıcı qərarların alınması çağırışları edilir. Zaman-zaman Azərbaycan ictimaiyyətində də feysbuk, tiktok, instaqram kimi sosial platformalarla bağlı müraciətlər gündəmə gətirilir. Həmçinin məlum şəbəkələrə bəlli məhdudiyyətlərin gətirilməsi tələb olunur. "Azxəbər.com" informasiya portalının baş redaktoru Hacıbəy Heydərli “Şərq”ə açıqlamasında deyib ki, Türkiyədə sosial media və dezinformasiya ilə mübarizə qanunu qəbul edilib. Həmçinin bundan əvvəl “X” platformasının bloklanması və Türkiyənin şərtlərinin qəbul edilməsindən sonra həmin platformadan istifadəyə icazə verilməsini xatırladıb: "Bu faktlar Türkiyə hökumətinin bu məsələdə kifayət qədər israrlı olduğunu göstərir. Türkiyənin aidiyyəti qurumları dəfələrlə instaqram rəhbərliyinə müraciət ediblər ki, hər hansı qayda pozuntusunu özündə əks etdirən hallara yol verilməsin. Lakin sosial platforma bir çox hallarda qayda pozuntularına reaksiya verməyib". Türkiyənin dünyada “İnstagram” istifadəçilərinin sayına görə beşinci ölkə olduğunu xatırladan H.Heydərli yaxın günlərdə Türkiyə ilə “İnstagram” rəhbərliyi arasında qarşılıqlı razılaşmanın olacağını və “META”-nın Türkiyənin şərtlərini qəbul edəcəyini düşünür. Onun sözlərinə görə, “İnstaqram” öz maraqlarına uyğun gəlməyən siyasi paylaşımları hər zaman bloklayır.

 "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Sherg.az"a bildirib ki, əslində, son illərdə dövlət başçıları ilə qlobal resurslar arasında bu formada "dava” təzə deyil. Ekspertin sözlərinə görə, 4-5 il öncə ABŞ-nin sabiq Prezidenti Donald Tramp ilə qlobal media resursları arasında baş verənlər unudulmamalıdır:
 "Son illərdə qlobal sosial media resursları (Facebook, İnstagram, YouTube və s.)  xeyli siyasiləşib, ikili standartlar artıb. Bir çox hallarda bu resurslar vasitəsilə sərbəst fikir bildirməkdə problemlər yaranır. Əsas səbəb isə məhz bu resursların özləri tərəfindən uzun illər oturuşan və hamını qane edən prinsipin, "məzmuna istifadəçi cavabdehdir" prinsipinin pozulması olub. Yəni qlobal resurslar məzmuna müdaxiləyə başladığı andan, ifadə azadlığına ikili standartlarla müdaxiləyə başladığı andan bu tip qapanmalar, kontentin silinməsi, "kontent saxta ola bilər" kimi işarələnməsi və s. reallığa çevrilib. Məhz bu səbəbdən, sosial resursların hüdudsuz hakimiyyət əldə etməsindən dolayı 5 il öncə Tramp bu resurslarla bağlı ciddi bir tənzimləmə hazırlamışdı. Prinsip ondan ibarət idi ki, əgər qlobal resurs artıq kontenti redaktə edirsə, bu, ifadə azadlığının pozulmasıdır, demək o özü senzordur və kontentə görə özü məsuliyyət daşımalıdır. İndiyədək mövcud olan "kontentə istifadəçi cavabdehdir" prinsipi pozulursa, onda qlobal resurslar da tənzimlənməyə cəlb olunmalıdır. Tramp o zaman bunu reallaşdıra bilmədi. İndi həmin məsələ Türkiyədə baş verib. META şirkəti İranda qətlə yetirilən HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı Türkiyədəki paylaşımları "İnstagram"dan silib. Yəni qlobal resurs yenə "redaktorluq" edib. Amma META Türkiyənin terrorçu hesab etdikləri ilə bağlı çoxsaylı paylaşımları "İnstagram"dan silməyib. Bu baxımdan "İnstagram"ın qapadılması ilə bağlı Türkiyə hökumətinin, Prezident Ərdoğanın  mövqeyi anlaşılandır".
 Lakin O.Gündüz hesab edir ki, dövlət maraqlarının reallaşması istiqamətində Türkiyənin atdığı addımlar "baltanın kökündən vurulması"dır və düşündürücüdür: ""İnstagram" Türkiyədə ən populyar, ən çox ictimai və biznes əhəmiyyəti olan sosial platformadır. Türkiyədə milyonlarla insanın burada böyük biznesi var, milyonlarla insanlar orada işləyir. Türkiyə "İnstagram"ı milyonların "oturduğu" biznes və ictimai platformadır. İctimai fikrin formalaşmasına təsir edən platformadır. Türkiyə cəmiyyəti üçün bu platforma yetərincə əhəmiyyətli resursdur. META da Türkiyənin rəqəmsal bazarından milyonlar qazanır.
Bu baxımdan problemi əvvəllər olduğu kimi xəbərdarlıqlar, danışıqlar, müvəqqəti məhdudlaşmalarla, META ilə əməkdaşlıqla  həll etmək doğru yanaşma olardı. Türkiyənin bu sahədə təcrübəsi var. Ümid edirəm, qısa zamanda problem öz həllini tapacaq və "İnstagram" Türkiyədə fəaliyyətini bərpa edəcək. Düşünürəm ki, qlobal sosial media resursları "redaktor" səlahiyyətlərinə iddialı olduqca, ifadə azadlığına qarşı ikili standartlardan əl çəkmədikcə, bu tip problemlər hələ çox davam edəcək. Bunun həlli yolu tapılmalıdır".