Ermənistan ictimaiyyəti yaxşı bilir: “Azərbaycanın mövqeyi dəyişilməzdir”

“Real vəziyyəti nə qədər tez dərk etsələr, bölgədə o qədər tez sülh, əmin amanlıq yaranacaq"




"Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün salınmış “Qobu Park -3” yaşayış kompleksinin açılşında Prezident İlham Əliyev cəmiyyətin əsas maraq dairəsində olan bir çox məsələlərə aydınlıq gətirdi".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, son vaxtlar küçə demokratı Paşinyan Ermənistan cəmiyyətində itirdiyi etimadı, hakimiyyətə gəlməmiş verdiyi populist vədləri yerinə yetirə bilmədiyinə görə ciddi təzyiqlərlə üzləşib:

"Bir tərəfdən ölkəsinin Rusiya ilə münasibətlərini normal şəkildə formalaşdıra bilməmiş və primitivliyinə, qeyri-peşəkarlığına görə o olkənin siyasi elitası tərəfindən dəstəklənmir. İkinci tərəfdən isə, hakimiyyətə gəlməmişdən əvvəl Ermənistanın Rusiyadan ayrılaraq, siyasi kursunun sırf qərbyönümlü olacağı barədə verdiyi bəyanatları icra edə bilməyib. Buna görə də Qərb institutlarının ona olan inamı itib. Nəticədə ölkənin gələcək inkişafını təmin etmək üçün lazım olan maliyyə dəstəyi verilmir. Əlavə olaraq, Dağlıq Qarabağ ərazisində keçirilən "prezident seçkiləri"ndə öz adamını seçdirə bilməməsi isə, bütövlükdə onun bir siyasətçi kimi, nüfuzunun çox aşağı olduğunun göstəricisidir".



Parlament üzvü əlavə edib ki, belə bir vəziyyətdə, xələflərinin də istifadə etdiyi Dağlıq Qarabağ mövzusundan spekulyativ şəkildə istifadə edərək erməni ictimai fikrini yayındırmağa, danışıqlar prosesini pozmağa cəhd edir:

"Ölkəmizin başçısı bu məsələlərə aydınlıq gətirərək, açıq şəkildə öz mövqeyini ortaya qoydu. Prezident bildirdi ki, konflikt mərhələli şəkildə həll olunmalı, məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır. Başqa variant qəbul edilməzdir. Azərbaycanın güclü ordusu, beynəlxalq hüquqa əsaslanan təbii haqqları və dəstəyi imkan verir ki, problemin müsbət həllinə nail olsun. Bu mövqeyin cənab Prezident tərəfindən səsləndirilməsi olduqca böyük əhəmiyyət kəsb edir".
N.Məhəməliyev vurğulayıb ki, Azərbaycan xalqı bir daha əmin oldu ki, Ermənistan rəhbərliyinin danışıqlardan yayınmasına baxmayaraq, əvvəlki kimi prosesin mərhələli həlli nəzərdə tutulur:

"Beynəlxalq təşkilatlar və erməni ictimaiyyəti bir daha məlumatlandırıldı ki, Azərbaycanın mövqeyi dəyişilməzdir. Real vəziyyəti nə qədər tez dərk etsələr, bölgədə o qədər tez sülh, əmin amanlıq yaranacaq".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu