Neft Fondunun gəlirləri azalacaq

Neftin qiymətinin 35 dollardan götürülməsi ciddi əhəmiyyət kəsb etmir

Milli Məclis  nəhayət ki, dünən 2020-ci il dövlət büdcəsində və icmal büdcədə dəyişiklikləri müzakirə edib. Maliyyə Nazirliyi  isə bu dəyişiklikləri əsasən əlavə müdafiə, təhlükəsizlik tədbirlərinin görülməsi üçün ehtiyatın formalaşdırılması və habelə COVİD-19 pandemiyasının ölkəyə mənfi təsirinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə zah edib. 

Parlamentdəki müzakirədə iştirak edən  Maliyyə naziri Samir Şərifov deyib ki, növbəti altı ay üçün neftin orta qiyməti 35 dollar həcmində proqnozlaşdırılır.

Büdcənin formaşalmasında Neft Fondunun "təhlükəsizlik yastığı" rolu oynadığını vurğulayan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, neftin dünya bazarındakı qiymətindən asılı olmayaraq Fonddan dövlət büdcəsinə transferlər həyata keçirilir:

"Hazırda isə  Neft Fondundan büdcəyə transferlərin həcmi 60 faizə çatıb. Bu mənada neftin qiymətinin 35 və ya 55 götürülməsi  büdcə gəlirləri üçün elə bir ciddi əhəmiyyət kəsb etmir". 

N.Cəfərlinin sözlərinə görə, neftin qiymətinin 35 dollardan  götürülməsi ümumdaxili məhsulun azalmasına təsir göstərəcək:

"Samir Şərifov da qeyd edib ki, hazırda 3,7 faiz olan ÜDM-nin il sonuna kimi 5 faizə çatacağı güman edilir. 
Ən əsası isə Neft Fondunun gəlirləri azalacaq. Azərbaycan tarixində ilk dəfə olaraq Neft Fondunun xərcləri gəlirlərindən  2 dəfədən də artıq olacaq. Ən pis halda Neft Fondunun gəlirlərinin 95 faizi xərclənirdisə, artıq gəlirdən daha artıq vəsait dövlət büdcəsinə və büdcədən kənar məsələlərin maliyyələşməsinə  yönləndiriləcək. Belə getsə, növbəti illərdə  Neft Fondunun  ehtiyatlarının kəskin azalmasına şahid olacağıq". 
Digər iqtisadçı-ekspert Asif İbrahimov isə hesab edir ki,  dünyada tüğyan edən COVID-19 pandemiyası ilə əlaqədar yaranmış makroiqtisadi natarazlıq bir çox sahələrə öz mənfi təsirini göstərib. Mart ayından başlayaraq ölkədə tətbiq edilən karantin rejimi milli iqtisadiyyatımızın əksər sahələrinin zəifləməsinə səbəb olub: "Büdcəmizin əhəmiyyətli hissəsini təşkil edən neftdən əldə edilən gəlirlərin azalması, pandemiya ilə mübarizə, pandemiyadan əziyyət çəkən sahələrə dövlət dəstəyinin davam etdirilməsi, eyni zmanda Azərbaycan-Ermənistan sərhədində baş verən insidentlər nəticəsində ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması fonunda xərclərin artması zərurəti yarandığı üçün sözügedən  dəyişiklik və dürüstləşmə artıq mart ayından etibarən gözlənilirdi.

 Milli Məclisin sözügedən iclasında müzakirəyə çıxarılan 2020-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə təklif edilən dəyişiklikdə əksini tapıb. 

Deməli, 2020-ci il dövlət büdcəsinə ediləcək dəyişikliklərin əsas məqsədi əlavə müdafiə və təhlükəsizlik tədbirlərinin görülməsi üçün ehtiyatın formalaşdırılması, habelə COVID-19 pandemiyasının ölkəmizə mənfi təsirinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin, ölkə əhalisinin sağlamlığının qorunması məqsədi ilə səhiyyə sahəsində həyata keçirilən tədbirlərlə bağlı əlavə ehtiyacların qarşılanmasından ibarətdir. Eyni zamanda  pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sektorlarına, sahibkarlıq subyektlərinə və əhalinin həssas qruplarına göstərilən dövlət dəstəyinin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması, eyni zamanda sadalanan səbəblərdən ilin ikinci yarısında dövlət büdcəsinin artan xərcləri ilə azalan gəlirləri arasında gözlənilən natarazlığın aradan qaldırılması istiqamətində fəaliyyətlər təmin etməkdir".

İqtisadçının sözlərinə görə, yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaların əhəmiyyətli dərəcədə azaldılması, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun dövlət büdcəsinə transferi və dövlət büdcəsinin sair daxilomaları müvafiq olaraq artırılması nəzərdə tutulur:

"Azərbaycanda 2020-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklər çərçivəsində mərkəzləşdirilmiş büdcədən rayon və şəhərlərə ayrılan vəsaitlərin məbləğinə də dəyişiklik edilib. Bir neçə rayon istisna olmaqla rayonlara ayrılan vəsaitlər azaldılıb. Bu onu göstərir ki, prioritet olmayan istiqamətlər üzrə layihələrin icrası təxirə salınacaq, ümdə olan məsələlər ön plana çıxacaq.

Baş vermiş pandemiyanın ağır nəticələri dünyada bir çox hökumətlər kimi Azərbaycan hökumətinə də bir siqnalıdır ki, dövlət büdcəsindən asılılığın aşağı salınması istiqamətində fəaliyyətlərin həyata keçirilməsi təmin edilsin, bir çox yerli özünüidarəetmə qurumlarının fəaliyyətləri yenidən gözdən keçirilərək özünümaliyyəşədirmə moduna keçirilsin, fondverimliliyi aşağı olan investisiya layihələrinin icrası yenidən gözdən keçirilsin və dövlət büdcəsinə əlavə gəlir gətirə biləcək yeni sahələr ciddi təhlil edilsin".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Şəymən Bayramova Yazarın yazıları
menu
menu