Bəxti qara fəhlə baba... – Yıxılıb öldü - Nəzarət yoxdur ! 

“Sahibkarlar fəhlə üçün müvafiq təhülkəsizlik şəraiti yaratmırlar”

“Fəhləni müxtəlif yüksəkliklərdə yaxud da digər təhlükəli sahələrdə çalışdırırlar”

“Sahibkarlar  işçinin əməyin təhlükəsizliyi hüququnu kobud  şəkildə pozurlar”

Daha bir fəhlə hündürlükdən yıxılaraq dünyasını dəyişib. Noyabrın 21-i, saat 11:00 radələrində paytaxtın Binəqədi rayonu ərazisində Rzayev Elşən Yusif oğlunun hündürlükdən yıxılması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna  məlumat daxil olub. İlkin araşdırmalar nəticəsində E.Rzayevin Binəqədi rayonu, Hökməli qəsəbəsi ərazisində tikilməkdə olan doqquz mərtəbəli yaşayış binasının damından yıxılaraq həlak olduğu müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başladılıb.

Əlbəttə, birinci dəfə deyil ki, belə xəbərlə rastlaşırıq. Dəfələrlə görülüb, bu nə ilkdir,  də deyil son da. Bu yerdə Sabirin “Fələ, özünü sən də bir insanmı sanırsan?!” misraları yada düşür. Fəhlə özünü insan sanır, Mirzə. Neyləsin ki, sahibkarı onun ətdən, qandan ibarət olduğunu unudur.



Məlum məsələ ilə bağlı “Sherg.az”a danışan “Konstitusiya” Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev deyib ki,  tikinti sektoru ən riskli sahələrdən biridir. Ölüm hadisələrinin çoxu bu sahədə müşahidə olunur:

“Təəssüf  ki, sahibkarlar bütün hallarda əməyin təhülkəsizlik qaydalarına əməl etmir, fəhlə üçün müvafiq şəraiti yaratmırlar. Çalışırlar ki, bu istiqamətdə xərcləri minumuma endirsinlər. Bununla yanaşı fəhləni müxtəlif yüksəkliklərdə yaxud da digər təhlükəli sahələrdə çalışdırırlar. Onu da deyim ki, dəfələrlə bu istiqamətdə müxtəlif təbirlər görülüb. Həm inzibati qaydada, həm də maarifləndirici işlər həyata keçirilib. Sahibkarlara  xəbərdarlıq olunur ki, qoruyucu vasitələrdən istifadə etsinlər.

Ümumiyyətlə, bütün sahələrdə təhülükəsizlik qaydalarına əməl edilməlidir. İşçilər təlimatlandırılmalıdır, məlumatlandırılmalıdır. Təəssüf ki, təhlükəsizlik işləri formal olaraq həyata keçirilir.

Həm də obyektlərə giriş, yoxlamalarla bağlı məhdudiyyətlər də var. Ona görə sahibkarlar  işçinin əməyin təhlükəsizliyi hüququnu kobud  şəkildə pozurlar.

Şübhəsiz məsuliyyətin gücləndirilməsi məsələsi  vacibdir. Eyni zamanda böyük  kompensasiyaların, ciddi cərimələrin olmasına baxılmalıdır. Həmçinin yoxlanışların bərpa edilməsi şərtdir. Müfəttişlər qanunlara riayət olunmasına əməl etsinlər”.

Ekspet, həmçinin söyləyib ki, insanların təhlükəsizliyi vacib məsələdir. Yaxşı olar ki, Həmkarlar İttifaqı bu işlərə nəzarət etsin:

“Həm də maarifləndirmə işləri apara bilərlər. İşçilərlə əmək sazişinə xüsusi normaların daxil edilməsi vacibdir. Bütün bunlar həyata keçirilsə, itkilərin sayı azala bilər. İnsan həyatına belə yanaşmanın da miqyası kiçilər.

Ümid etmək istərdim ki, bu istiqamətdə qanunvericilikdə sərtləşdirmə baş verəcək. Onsuz da qanunlar var idi. Lakin tətbiq edilməsində problem yaranırdı.

Həmçinin bu proreslərdə Vətəndaş Cəmiyyəti də monitorinqləri gücləndirməyə çalışmalıdır. Çünki hər bir fəhlənin, işçinin yanında əmək müfəttişi qoymaq mümkün deyil.

Onlar gəlib,gedirlər. Hətta elə olur ki, sahibkarlar yoxlamanının gələcəyini bilirlər. Ona görə digər tikinti şirkətindən qoruyucu vasitələri qısa müddətlik alırlar.Yoxlamadan sonra geri qaytarırlar. Sadəcə yoxlamaya göstərmək xarakteri daşıyır. Lakin işçinin təhlükəsizliyi mütləq şəkildə təmin edilməlidir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəbova Yazarın yazıları
menu
menu