Bir ananın övladıykən bir millətin qüruru olan OĞULLAR

2020-ci il avqustun 13-də Yevlax şəhərində İkram kişinin oğlunun  doğulduğu xəbərini gətirən qohuma muştuluq verilmişdi sevinə-gülə. Yeni doğulan körpənin evə gəlişinə qurban kəsilib paylanmışdı. Axı, İkramla Nailə  xanım  ailə qurduqdan 7 il  sonra qızları  Arzu, 14 il sonra oglu dünyaya  gəlişi ilə ailəyə gözəl bir ab-hava gətirmişdi. Oğul övladı ailəni muradına catdırmışdı, elə buna görə də ana öz oğluna  Murad  adı  vermişdi. 
Bütün ailə üzvləri, qohumları bu sevimli balanın məhəbbətlə, qayğı ilə əhatə edib əzizləsələr də, Murad heç vaxt ərköyünlük etməyib, hamının  sevimlisi olmuşdu. Onu ilk dəfə dərsə  yola salanda necə sevinmişdilər.
Murad Ağazadə Yevlax şəhəri 6 saylı tam orta məktəbdə təhsilini müvəffəqiyyətlə başa vuranda da fəxr etmişdilər. 
Murad öz nizam –intizamı, həm də idmana həvəs göstərməsi ilə secilmişdi məktəbdə. İdmanın Cu-do növünə böyük həvəs göstərməsi onun  respublika yarışlarına vəsiqə qazanmasına səbəb olur və yarışlarda qazandığı uğurlara görə layiq görüldüyü fəxrifərmanlar, kuboklar elə bu gün də  Ağazadələr ailəsinin evini bəzəyir. 
2018-ci ildə hərbi  xidmətə cagrılan Ağazadə Murad İkram oğlu 2020- ci ildə həqiqi hərbi xidmətini başa vuraraq evlərinə dönür.
Bacısı Arzu Tovuz döyüşləri zamanı qardaşı Muradın necə vətənpərvər olduğunu özü üçün bir daha təsdiq edir, döyüşləri necə həyacanla izlədiyinin şahidi olur. Mənimlə söhbətində Arzu deyir ki, Tovuz döyüşləri Murada necə pis təsir eləmişdisə, elə hey təkrar edirdi: torpaq bizim ola – ola mənfur düşmən, bizim olan torpaqlarda necə at oynada bilər axı? Buna dözə bilmirəm.
-Görəcəksən, bacı, tezliklə bu torpaqlar özümüzə qayıdacaq və torpagımızın azad olunması ücün  mən də  qoşulacam müharibəyə gedənlərə.
Elə bu vətən, torpaq  sevgisi ilə müharibəyə yollanan könüllülər sırasına ilk yazılanlardan olub Murad.
13 iyul 2020 –ci ildə səfərbərlikdən 2 ay əvvəl, bacısı Arzu qardaşının ad dünündə Muradın şəklini  paylaşaraq, onu təbrik edib.
Amma, qəlbi də, ruhu da vətən  sevgisinə bürünən Murad Arzuya deyir; bacı, təbrikə görə  cox sag ol, amma  xahiş edirəm, sil bu statusu. Mən necə ad günü qeyd edə bilərəm axı, gör bizim necə igid oğullarımız şəhid olur.
Və beləcə gunlərin bir günü ailədən xəbərsiz, ilk könüllülərdən olaraq, torpaqlarımızı azad etmək ücün müharibəyə getməyi qərara alır 20 yaşlı Murad.
Yola düşməzdən əvvəl gəlir bacısıgilə, onun övladlarını bağrına basır. Amma müharibəyə yola düşdüyünü nə bacısına nə valideyinlərinə deyir.
Ata-anası bu xəbəri  həyəcanla qarşılasalar da, başa düşürdülər ki, Vətən dardadır, vətəni qorumaga, torpaqlarımızı azad etməyə elə oğullar getməlidir.
Evlərinə tez- tez zəng vururmuş. Anası Nailə xanım hər dəfə oglunun səsini eşidib kövrəlirmiş, aglayırmış, axı, müharibənin dəhişəti adından  bəllidir.
Nailə xanıma ürək-dirək verir, deyirmiş: Ana, başını dik tut, mən vətənimizin xarı bülbül qoxulu torpaqlarını əsarətdən qurtarmaq, sizləri xoşbəxt etmək ücün döyüşürəm və bu torpaqlar azad olunanacan  döyüşəcəm.!.
Sentyabrın 30-da qızgın döyüşlər gedirdi. Bir anlıq bəlkə də ürəyinə  danmışdı şəhid olacağı Muradın. Evlərinə zəng vurur: Ana, narahat olmayın, hər şey yaxşıdır, məndən nigaran olmayın, özünüzdən mugayət olun.
Bu, onun axırıncı zəngi, anasına son sözləri olur. İllər keçəcək, amma oğlunun o kövrək, bir də məğrur səsi ananın qulaqlarından getməyəcək.
Döyüş yoldaşları 20 yaşlı Muradı cılız olduguna görə döyüş meydanında çox irəli buraxmırdılar. Ancaq bir də görürdülər ki, lap irəlidə, döyüşlərin ən qızğın getdiyi nöqtədədir Murad. -Od kimi oğul idi, deyir döyüş yoldaşları. Torpaq uğrunda öz evinin divarı üçün vuruşurmuş kimi vuruşurdu. Vətən yolunda həlak olanların vətəni olurdu 20 yaşlı bu igidimiz. Murad hey istəyirdi ki, vursun, dağıtsın, mənfur düşmənlərin  hamısını məhv etsin.
Amma fələk deyir: sən saydığını say, mənim öz hesabım var. Və onun ömür payına düşən qisməti sanki dilə gəlirdi: sənə 20 il, cəmi 20 il ömür vermişəm. Amma dünya dürduqca qəlblərdə yaşayacaqsan. Bəli, Murad bala, Allah  sənə 2020- ci ilin 2 oktyabr tarixinəcən yaddaşlarda iz  buraxan  bir ömür  yazmışdı.
Sən doğulanda ananın sevincdən bütün vücudu silkələnmişdi, 2 oktyabrda isə ananın ürəyi sızladı, göynədi, bacının nəfəsi tükəndi sanki.
Nailə xanım hər şeyi hamıdan əvvəl hiss edir. Ürəyinə damır ki, oğlu həyata «vida» deyib. Bilirsənmi niyə? Cünki bala son nəfəsində ananı haraylayır: Gəl, ay ana gəl.!!!
Bəli, tam 70 gün Murad neytral zonada uyudu, ruhu ana evində balasına  lay- lay deyən Nailə xanımın başı üstündə fırlanaraq, fəryad edən anayla birgə alışdı, yandı.
70 gündən sonra böyüyüb  boya başa çatdığı, canından artıq sevdiyi  torpağa qovuşdu Murad.
21 sentyabr 2020 ci ildə qoşaraq getdiyi müharibədən, 9 dekabr 2020 –ci il tarixdə, Vətənin üç rəngli  bayrağına bürünərək çiyinlərdə gəldi Murad.
O, sevdiyi torpağı seçdi, torpaq da sevə –sevə ağuşuna aldı bu igidi.
Bilirəm, anan Nailə xanımın övlad yanğısı heç vaxt sönməyəcək, atan  İkram kişi bir də səni «oğlum» deyə çağıra bilməyəcək, bacın Arzu bir daha səni bağrına basa bilməyəcək, amma sən Vətənin sevimli övladı oldun,  yaddaşların  əziz oğluna çevrildin, el səni bağrına basdı.
9 dekabr 2020-ci ildə Yevlaxın Şəhidlər xiyabanında özünə bir ev qurdun, qonşuların qəhrəman şəhidlər, qonaqların qazilər, ziyarətcilərin səni heç vaxt unutmayacaq xalqın oldu.
Sevib secdiyin torpaqda rahat yat, Murad. Bu torpağı sən və şəhid  atalar, oğullar, qardaşlar azad etdiniz. Bu torpaqda asudə, rahat, başı dik, alnı açıq, qürurla yaşamağı sizlər bizə nəsib etdiniz. Sizlərə borcluyuq hər şey  ücün! Və bir ananın övladıykən bir millətin qüruruna çevrildin, Murad.

Əminə YUSİFQIZI,
YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri,
Respublikanın əməkdar jurnalıstı