Millət vəkili: "Azərbaycan artıq yeni idarəetmə mərhələsinə qədəm qoyub"

“Bütün bunlar o, deməkdir ki, Azərbaycan artıq yeni idarəetmə mərhələsinə qədəm qoyub”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Deputat bildirib ki, Prezident yeni təyin edilmiş və yerlərini dəyişən icra başçılarını qəbul edərək onlara öz tapşırıq və tövsiyələrini verdi: 

“Bu tövsiyələrlə cənab İlham Əliyev həmin icra başçılarının simasında bütün məmurlara və digər icra başçılarına mesajlar göndərdi. Ölkə başçısı rüşvətxorluğa, korrupsiyaya yol verməmək, daim insanların arasında olmaq, vətəndaşları düşündürən və narahat edən məsələləri vaxtında öyrənib həll yollarını tapmaq, yeri gələrsə, daha yuxarı mərkəzi icra orqanlarına yönləndirmək tapşırıqları verdi. Həmçinin, regionlara böyük investisiyalar cəlb etmək və sahibkarlığın inkişafına dəstəyi təmin etmək kimi önəmli məqamlara diqqət çəkdi. Ölkəmiz artıq yeni idarəetmə mərhələsinə qədəm qoyub. Bu mərhələdə vətəndaş məmnuniyyəti hər şeydən üstündür”. 

Parlament üzvü bəyan edib ki, Prezidentin bir nömrəli tapşırığı vətəndaş məmnunluğunun təmin edilməsidir: 

“Yəni, burada artıq vətəndaş-məmur münasibətlərində yeni yanaşmanın ortaya qoyulması birinci yerdə dayanır. Bütün bunlar ölkədə baş vermiş neqativ hallara son qoyacaq. Hər kəs icra başçılarına göndərilən mesajdan nəticə çıxaracaq”.