KXCP seçkilərə qatılmayacaq: “Səhv qərardır”

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) gələn il fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak etməyəcək. 

Sherg.az-ın xəbərinə görə, iştirak etməmə haqda qərar təşkilatın Ali Məclisinin toplantısında verilib. Məclis üzvlərinin əksəriyyəti KXCP-nin namizədlər irəli sürərək marafona qoşulmasını məqbul saymayıblar.

Xəbəri saytımıza partiyanın Ali Məclis üzvü İsmayıl Yusifov təsdiqləyib:

“Ali Məclis belə qərar verdi. Hesab edirəm ki, bu doğru qərar deyildi. Seçkilərdə iştirak etmək, mübarizə aparmaq lazımdır. Siyasi təşkilatın funksiyası seçkilərə qatılmaqdır”. 

İ.Yusifov partiyanın qərarına baxmayaraq, namizədliyini irəli sürəcəyini də bildirib.