Evdə qalaq ! – Bu ən doğru yoldur


“Hər kəs Operativ Qərargahın müəyyən etdiyi qaydalara riayət etməli, təmasdan çəkinməli, şəxsi gigiyenik qaydalara əməl etməli və vaxtını evdə keçirməlidir"




"Azərbaycan koronavirusa qarşı mübarizədə mütərəqqi addımlar ataraq bütün dünyaya örnək olur".
Bunu "Sherg.az"a açıqlamasında "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.
Gənc fəal bildirib ki, dövlət qurumları özəl sektorla birlikdə çalışaraq vəhdət nümayiş etdirirlər: 

"Virusa ən az yoluxma sayı Azərbaycandadır. Bu da təsadüfi deyil. Əlbəttə, indiki statistikaya görə, dövlət tərəfindən görülən tədbirlər, ən əsası isə cənab Prezidentin qətiyyəti xüsusi rol oynayır. Ölkə rəhbərinin çağırışına əsasən həmrəylik nümayiş etdirən cəmiyyətin sağlam davranışları da burada mühüm rol oynayır. Əlbəttə, görülən işlərlə kifayətlənmək olmaz. Hər bir vətəndaşımız Operativ Qərargahın qərarlarına, müəyyən etdiyi qaydalara tam riayət etməli, təmasdan çəkinməli, şəxsi gigiyenik qaydalara əməl etməli və vaxtını evdə keçirməlidir".



F.Şahbazlı vurğulayıb ki, özümüzü qorumaqla həm ətrafımızı, ailəmizi, həm də bütövlükdə cəmiyyətimizi qorumuş olarıq: 

"Evdə qalmaq bizə cansıxıcı gələ bilər. Amma hər halda evdə darıxmaq insanın öz həyatını və ya doğmalarını itirməkdən daha təhlükəli deyil. Ona görə də xalq olaraq bərabərlik nümayiş etdirməliyik. Hamınız dövlətimizin yanında olmalıyıq. Eyni zamanda böyük maliyyəsi olan şirkətlərimiz, iş adamlarımız bu prosesdə həmrəy olmalıdır. Şübhəsiz, dövlət bütün zəruri tədbirləri görür. Lakin vətəndaşlar da üzərinə düşəni etməli, məsuliyyətini anlamalıdır".