Sosial məsafə - sıfır! Avtobuslarda adi günlərdəki kimi basa-bas yaşanır

"Sərnişin sıxlığını azaltmağın yolu metropolitenin fəaliyyətinin bərpasıdır"

İctimai nəqliyyatda hədsiz sıxlıqdı. Xüsusən metrostansiyalararası hərəkət edən M1, M2 ekspress avtobuslarda. Məlumdur ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Bakı Metropoliteni fəaliyyətini dayandırdıqda, Bakı Nəqliyyat Agentliyi sərnişinlərin mənzil başına rahat yetişməsi üçün ekspress avtobuslar xəttə buraxdı və bu, çox müsbət addım oldu.

Xüsusi karantin rejiminin tətbiqinə başlandığı ilk vaxtlarda bu avtobuslarda seyrəklik idi, oturacaqların hamısı tutulduqda sürücülər əlavə sərnişin mindirməkdən imtina edir və buna icazə olmadığını deyirdilər. Yəni, sosial məsafə prinsipi gözlənilirdi.

Amma son günlər karantin rejimi ilə bağlı müəyyən məhdudiyyətlərin yumşaldılması, fəaliyyətinə icazə verilən sahələrin sayının artması, sərnişin sıxlığını da artırıb. Bunu Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli də etiraf edib. Statistik rəqəmlər ictimai nəqliyyatdan istifadə hallarının kəskin artdığını göstərir. Hər gün işə gedib-gələnlər də bunu müşahidə edir. Vəziyyət heç də ürəkaçan deyil. Ekspress avtobuslar günün pik saatlarında dop-dolu olur. Adi günlərdəki kimi basa-bas yaşanır. Sosial məsafə - sıfır! Tibbi maska taxanlar bir əlin barmaqları sayı qədər ola, ya olmaya. Amma virus təhlükəsi sovuşmayıb axı. Bəs niyə avtobuslarda belə basa-basa yol verilir? Anlaşılandır ki, bu, işə gedib-gələnlərin dayanacaqlarda qalıb sərnişin seyrəkliyi zamanını gözləməməsi üçün edilir. Amma virus təhlükəsi hələ də varsa, alternativ variantlar düşünülə bilər. Məsələn, metropolitenin fəaliyyətinin bərpası üzərində düşünmək olar, bizcə. 

Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli “Şərq”ə açıqlamasında bildirdi ki, həm BNA-nın təyin etdiyi ekspress avtobuslar, həm də metropolitenin eyni vaxtda fəaliyyət göstərməsi sərnişin sıxlığının aradan qalxmasına kömək edər: 

- Bakı Metropoliteni fəaliyyətini məhz koronavirusun yayılma təhlükəsinə görə dayandırdı. Hamımız da gördük ki, metronun fəaliyyətini dayandırması, hansı çətinliklər yaratdı. Metropoliten ictimai nəqliyyatın yükünü ən çox çəkən qurumdur. Amma virus təhlükəsi olduğu metronun fəaliyyətini dayandırmasını  sərnişinlər də anlayışla qarşıladı. Və belə şəraitdə BNA-nın sərnişindaşımaya əlavə marşrut avtobusları təyin etməsi, bu avtobuslara bir növ metronu əvəzləyərək metrostansiyalararası hərəkət marşrutu müəyyənləşməsi, həqiqətən də təqdirə və alqışa layiq addım oldu. Amma hazırda vəziyyət bir xeyli dəyişib. Xüsusi karantin qaydalarında yumşalmalar var, bir sıra xidmət sahələrinin fəaliyyəti bərpa olunub, SMS icazənin müddəti uzadılıb. Bu da təbii ki, şəhərdə əhali sıxlığını, buna müvafiq olaraq da ictimai nəqliyyatda sərnişin sıxlığını artırıb. Bəli, avtobuslarda hədsiz sıxlıqdır.
 
Sosial məsafənin gözlənilməsi qeyri-mümkünləşib. Belə vəziyyət yoluxma risqini artırır. Fikir verdinizsə, BNA rəhbərliyi ictimai nəqliyyatda maska taxılmamasına görə cərimələrin ola biləcəyini də bildirib. Hesab edirəm ki, sərnişin sıxlığını azaltmağın yolu metropolitenin fəaliyyətinin bərpasıdır. Bir halda ki, karantin qaydalarında yumşalma var, xidmət sahələri fəaliyyətini bərpa edib, o zaman paralel olaraq sərnişindaşımada da bir açılım həyata keçirilə bilər. Sərnişindaşımada sıxlıq yaşanmasın deyə, düşünürəm ki, metronun fəaliyyəti bərpa olunmalıdır. Buna izin verilməli, imkan yaradılmalıdır. Təbii ki, lazımi önləyici tədbirlər həyata keçirilməklə.

 Həm də metronun ənənəvi iş rejimi bərpa edilməsiylə. Çünki iş qrafikinin dəyişməsi, yenə də sıxlığa səbəb olacaq. Qatarlararası interval mümkün qədər azaldımalıdır ki, sıxlıq yaranmasın.  Həm metropoliten, eyni zamanda BNA-nın müəyyən etdiyi ekspress avtobusların paralel fəaliyyəti sərnişin sıxlığının qarşısını alacaq. Nazirlər Kabineti yanında Operativ Qərargah təklifləri müzakirə etsə, yaxşı olar.