Müşfiq Şükürlüdən tənqidlərə CAVAB: “"Xaltura" ədəbiyyatının müdafiəçiləri çox oldu ” 

“Həmin adamlar ədəbiyyatı dilənçilik, ehtiyaçsızlıq, imkansızlıq kimi göstərirlər”

“Bu cür “xalturşik”lərin hesabına ədəbiyyatı ciddiyə alan olmur”

Məncə, yazıçının və ədəbiyyat adamının bir mənəvi ağırlığı, mədəni çəkisi, dəyəri olmalıdır”




“Şübhəsiz, özünəvurğun, ağırxasiyyətli və bədbəxt idi. Onun niyə bu qədər oxunması təəccüblüdür. Səbəbini anlamıram”
Bu sözləri 19-cu əsrdə rus ədəbiyyatının  nəhənglərindən biri    Tolstoy həmkarı  dahi Dostoyevski haqqında söyləyərək,  onu tənqid edib. Hələ əsrlər öncə mövcud olan  ədəbi tənqid günümüzdə də aktualdır. Gənc yazarlar zaman-zaman bir-birlərinə irad bildirir, səhvlərini söyləməkdən çəkinmirlər. Lakin çox vaxt edilən tənqidlərin sonu polemika və mübahisə müstəvisinə gəlib çıxıb. Son günlərin ən çox müzakirə olunan tənqidi yazılarından biri “Yafəsdən Kəramətə”dir.  Müəllif gənc yazar Müşfiq Şükürlü kitab satışları üçün müxtəlif üsullara əl atan  yazıçıları sərt tənqid edib. Hətta məqalənin baş  qəhrəmanları olan - Yafəs Türksəs, Kəramət Böyükçöl, Ayxan Ayvaz və Rəvan Cavidi “Sıqan”, “Qaraçı” adlandırıb.  Müşfiq Şükürlünün yazısı birmənalı qarşılanmayıb. Yazıçını qınayanlarla yanaşı, ona haqq qazandıranlar da  var. 

Gəlin, görək həmin  qalmaqallı yazıya  imza atan  M.Şükürlü şərhlərə necə reaksiya verib?

“Sherg.az”ın suallarını cavablandıran yazar söylədi ki, koronavirus infeksiyasının  gündəmi zəbt etdiyi bir dövrdə ədəbiyyata dair mövzunun polemika yaratması sevindiricidir:

“Üstəlik, yazımın reaksiya doğurması  xoşdur, amma nəticə məni elə də qane etmədi. Gerçək ədəbiyyat yox, "xaltura" ədəbiyyatının müdafiəçiləri çox oldu. Tənqid etdiyim şəxsləri qurban kimi təqdim etdilər. Halbuki həmin adamlar ədəbiyyatı dilənçilik, ehtiyaçsızlıq, imkansızlıq kimi göstərirlər. Bu cür “xalturşik”lərin hesabına ədəbiyyatı ciddiyə alan olmur. Ədəbiyyat adamları gülüş hədəfinə çevrilir. Çünki  küçə-küçə düşüb kitab satmaqla ədəbiyyatı başqa cür təbliğ etmək mümkün deyil. Məncə, yazıçının və ədəbiyyat adamının bir mənəvi ağırlığı, mədəni çəkisi, dəyəri olmalıdır. Küçə ədəbiyyatının tərəfdarı deyiləm.”

“Yazını qərəzli şəkildə qələmə aldığını, hətta paxıllıq etdiyini iddia edənlərə isə yazıçı ironik cavab verdi:
“Əlbəttə, paxılam, ən böyük arzum da küçədə kitab satmaqdır.”