SENSASİON PROQNOZ ! - “İsrail İranın nüvə bazalarına hücum edə bilər”

“İran öz daxilində raket bazalarının müdafiəsini təşkil edə bilmirsə, ABŞ və İsrailin hücumlarından qoruna bilməyəcək”

“Bu partlayışlar terror hücumlarıdırsa, belə çıxır ki, Tehran daxildə güclü təhlükəsilzik çəmbərini formalaşdıra bilməyib”



“İran ətrafında siyasi-hərbi təhdidlər yeni müstəviyə daxil olub. Azərbaycanın cənub qonşusunda baş verən problemlər müəyyən dərəcədə ölkəmiz üçün də həssasiyyat təşkil edir”. 
Bunu “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 
Analitik bildirib ki, 30 milyondan artıq soyadaşımızın yaşadığı İranın hərbi ritorikası, bu ölkəyə qarşı müharibənin başlanmasına gətirib çıxara bilər: 

“Tehran yaxınlığında SEPAH-ın raket və hərbi obyektlərində partlayışlar baş verib. Bundan əvvəl, nüvə bazasında partlayış olmuşdu. Göründüyü kimi İrana qarşı PUA və digər vasitələrlə hücumlar təşkil edilir. İranın hərbi obyektləri artıq öz daxilində hücumlara məruz qalır. Bununla da İranın heç də güclü hərbi müdafiyə imkanlarına sahib olmaması aydın olur.



Bu partlayışlar nəbz yoxlanışı da ola bilər. Bundan sonra aviazərbələrlə İsrail İranın nüvə bazalarına hücumlar təşkil edə bilər.

Əgər, İran öz daxilində xüsusilə, Tehranda öz raket bazalarının müdafiəsini təşkil edə bilmirsə, ABŞ və İsrailin mümkün hücumlarından qorunması mümkün olmayacaq. İran rəsmilərinin siyasi-hərbi rəhbərliyinin güclü müdafiəsi barədə dedikləri quru bəyanatlardan ibarətdir. Deməli, İrana qarşı lokal hücumlar təkcə Suriya və İraqda deyil, artıq daxildə də təşkil edilir. Bu partlayışlar terror hücumlarıdırsa, belə çıxır ki, Tehran daxildə güclü təhlükəsilzik çəmbərini formalaşdıra bilməyib”.

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan İranla iqtisadi və siyasi əməkdaşlığı hər keçən gün artırır: 

“İrana qarşı hərbi hücumların başlanmasında maraqlı deyilik. Çünki  müharibə olacağı təqdirdə soydaşlarımıza ziyan dəyəcək. Ermənistan və Rusiya mətbuatında İrana qarşı hücumların reallaşmasında Azərbaycan ittiham olunur.

İran rəsmiləri anlamalıdır ki, Azərbaycan öz qonşusuna qarşı təcavüzkar ölkə ilə əməkdaşlıq etməz”.