Ət də yemək lazımdır, tərəvəz də

Vegetarianlar adətən 50-60 il yaşayır

"Düzgün qidalandıqda heç nə orqanizmə ziyan vurmaz"

Ət yeyənlər düzgün qidalanmaya riayət etdikləri təqdirdə vegetarianlardan daha çox yaşayırlar. “Sputnik Azərbaycan” xəbər verir ki, belə bir fikri "Beşinci Kanal"a müsahibəsində tibb elmləri namizədi, həkim-dietoloq İnna Kononenko səsləndirib.

Həkim-dietoloqun dediklərində qeyri-adi bir şey yoxdur. Bizim ağsaqqal-ağbirçəklərimiz ət yeməklərindən imtina edənlərə yeri gəldikcə qədim əyyamlardan misal çəkməyi sevirlər; kənddə filankəs vardı, ömrü boyu təzə kəsilmiş quzu ətinin kababını, bozbaşını yedi, 100 il yaşadı, filankəs filan qədər yaşadı və sair. Amma nə edəsən ki, insan təbliğata yenik düşür çox zaman.

Sovet dövrünün 80-ci illərində ət qıtlığı yarananda camaat deyirdi ki, televizora çıxan ətin ziyanından danışır, yeməyə ət yoxdur deyə, əhalini ətdən uzaqlaşdırmağa çalışırlar. Təkcə ət deyildi, qıt olan. Kərə yağı da yavaş-yavaş mağazalardan çəkilirdi, sovet təbliğatı da “kərə yağı orqanizmə ziyandı, bitki yağları istifadə edilməlidir” üzərində qururdu.

Getdikcə siyahı uzanırdı; şəkər, qənd, hətta yumurta da “ziyan”lı qidalar sırasına daxil edildi. Sonra elə vaxt gəldi ki, təbii kərə yağı, şəkər də tapılmadı. Palma yağları “kərə yağı”na çevrildi. Şəkərlər nişasta oldu, toyuqların yumurtlamasına da ehtiyac qalmadı, süni yumurtalar istehsal olunmağa başladı. İndi vəziyyət fərqlidir. Savadı olan internet resurslardan istədiyi məlumatı əldə edə bilir.

Nə xeyirdir, nə ziyan bilmək mümkündü. Tibb kimi, dietologiya elmi də xeyli irəliləyib. İnsanlara orqanizmlərinin, konkret hansısa orqanın mövcud durumuna uyğun qida rasionu və ya dieta təyin edilir, ət qidaları, ya da tərəvəz məhsulları məsləhət görülür.

Vegetarianlıq da son zamanların dəbidir. Əslinə baxsan, keyfiyyətsiz ət məhsullarındansa bitki mənşəli qidalara, tərəvəzlərə üstünlük vermək daha doğrudur. Bitki də bitki olsun da gərək. Daha dibinə gübrədən, azotdan doldurulub şişirdilən tərəvəzlər nəyə yarayacaq ki? Hazırda cəmiyyət qida məsələsində də ikiyə bölünüb: ət yeyənlər və ot yeyənlərə (bir az sərt səslənir deyəsən – M.R.).           

Ət yeyənlərlə ot yeyənlərin fərqi nədədi? 

Rusiyalı dietoloq bunu belə izah edir: 

"Orqanizmimizdə hər şey, demək olar ki, zülaldan ibarətdir. Vegetarianlarda zülal çatışmazlığının nəticələri həmişə dərhal görünmür. Yaş artdıqca bu daha çox özünü göstərəcək", - o bildirib.

Kononenko diqqəti bədənin yaşlanmasının iki göstəricisinə çəkib. Birincisi, ümumi karotid arteriyada damar divarının qalınlığıdır: qalınlıq çox olduqca, yaşlanma da sürətli olur. Vegetarianlar az xolesterol qəbul etdikləri üçün onlarda bu divarın qalınlığı ət yeyənlərdə olduğundan daha aşağı olacaq. Lakin ət yeyənlər kifayət qədər B12, D3, K2 vitaminlərini qəbul edərsə, bu divarın qalınlığı artmayacaq.

Yaşlanmanın ikinci göstəricisi mitoxondrilərin fəaliyyətidir. Mütəxəssis onları hüceyrələrin "enerji stansiyaları" adlandırır:

"Ət yeyənlərlə müqayisədə vegetarianlarda mitoxondrilər pis işləyir. Bu, ətin mitoxondrilərin işləməsi üçün lazım olan L-karnitinin mənbəyi olması ilə bağlıdır".

Onun sözlərinə görə, konkret üzvi birləşmənin yoxluğu zamanı müəyyən zülalın parçalanması və mənimsənilməsi prosesi pozulur ki, bu da saçın, dırnaqların, görmənin, dərinin və damarların vəziyyəti ilə bağlı problemlərə gətirib çıxarır.

Dietoloq həm ət yeyənlərə, həm də vegetarianlara vitamin və mikroelementlərin çatışmazlığından qaçmağı tövsiyə edir.

Azərbaycanlı həkim-qastroenteroloq Sevindik Arazov isə “Şərq”ə açıqlamasında “qısaca deyəcəm” söylədi: 

- “Ətəmi üstünlük verək, tərəvəzəmi” düşünənlərə cavabım budur; 100 yaşlı ət yeyən görmüşəm, amma 100 yaşlı vegetarian görməmişəm. Vegetarianlar adətən 50-60 yaşarası yaşayır. Dünyanın ən uzun ömürlü insanlarından biri Lerikdə yaşayan Şirəli Müslümov idi, ömrü boyu ət xörəkləri yemişdi. Amma düzgün qidalanma artıq başqa mövzudur. Düzgün qidalandıqda heç nə orqanizmə ziyan vurmaz.

Ətin də xüsusi bişirilmə qaydası var, tərəvəz məhsullarının da. Kimsə əti doymamış yağlarla qızardıb, hətta qap-qara rəngə gətirib yeyirsə, əlbəttə, bunun heç bir xeyri olmayacaq, əksinə, ziyan verəcək. Hər bir xörəyin düzgün bişirilmə qaydası var. Onlara əməl edilsə, bütün ərzaqlar xeyirlidir və faydalıdır. Orqanizmə ət məhsulları da lazımdır, tərəvəz, göy-göyərti, meyvə də. Hər məhsulun özünün vitamin deposu var. Rusiyalı həkimin dediyi B12, elə bizim bildiyimiz ətdədir.

D3 günəşin qısa ultrabənövşəyi şüalarındadır. K2 isə qanın laxtalanma faktorudur. Nahaq demirlər, iş insanın cövhəridir. Babalarımız quzu kababı yeyib əlində pult televizorun önündə saatlarla əyləşmirdi, uşaqlar ciyər yeyib kompüter önündə saatlarla oturmurdu, mobil telefonda oyun oynamırdı, çıxırdı məhləyə, küçəyə, kəndin içinə həmyaşıdları ilə qaçırdı, hoppanırdı, müxtəlif oyunlara başı qarışırdı. Yəni qəbul edilən qida hərəkətsizlik ucbatından orqanizmdə toplanır, zərərli yağa çevrilir, damarlarda tıxanma yaradır.

Amma hərəkət olanda həzm prosesi sürətlənir, zərərli yağlar əriyir. Orqanizm özünə lazım olan faydalı elementləri alır, zərərliləri isə atır. Məsələ bu qədər bəsitdi. Hər cür qida qəbul edilməlidir, lakin düzgün şəkildə.