Türk qanı, türk tərbiyəsi...

12 yaşlı balacanı 103 dəfə öpüb, bağrımıza basırıq

Şəhid Milli qəhrəmanın nəvəsi qəpiklərlə yığdığı pulu əsgərlərə göndərdi

Bakıda 12 yaşlı məktəbli qürurverici hərəkəti ilə digərlərinə örnək olub. Bakı şəhər sakini, Xocalıdan olan məcburi köçkün Tofiq Hüseynov Azərbaycan əsgərinə dəstək aksiyasına qoşulub. T.Hüseynov bir müddət əvvəl özünə fotoaparat almaq üçün 50 qəpiklər yığırmış. Bir neçə gün öncə o, ASAN Xidmətin Azərbaycan əsgərinə dəstək aksiyası keçirdiyini eşidib və yığdığı qəpiklər dolu qabı götürərək 5 saylı "ASAN xidmət" mərkəzinə yollanıb. O, pulqabını xidmət əməkdaşlarına təqdim edərək "Bunun içərisindəki pulları əsgərlərimizə əlcək və corab almaq üçün göndərin, qoy onların əlləri üşüməsin və torpaqlarımızı tez azad etsinlər" deyib. Xidmət əməkdaşları uşağın iştirakı ilə pulqapını açaraq sayıb.

Qabda 103 manat 50 qəpik olub. Xidmət əməkdaşları uşağa təkid ediblər ki, həmin pulu özünə xərcləsin. Amma Tofiq Hüseynov inadla bu pulun əsgərlərə göndərilməsini istəyib. Beləliklə, T.Hüseynovun topladığı 103 manat əsgərlər üçün qəbul edilib".

Xatırladaq ki, T.Hüseynov Azərbaycanın şəhid Milli Qəhrəmanı, Xocalı özünümüdafiə batalyonunun komandiri Tofiq Hüseynovun oğul nəvəsidir.
Millət vəkili Elman Məmmədov "Şərq"ə açıqlamasında vurğulayıb ki, vətənpərvərlik hissləri bizim tarixi ənənələrimizdir. O, diqqətə çatdırıb ki, vətən üçün hər şey etmək, onu qorumaq və müdafiə etmək Azərbaycan xalqının genində və qanındadır:

"Bu, türk millətinin tarixi ənənəsi və qanımızda olan tərbiyədir. Dədələrimizdən, babalarımızdan, ulularımızdan bizə əsrlərdən, min illərdən bəri keçib gələn adət-ənənəmizdir. İndi də bu ənənə Cənab Prezidentimizin rəhbərliyi ilə ən yüksək səviyyədə davam etməkdədir. Onun apardığı məqsədyönlü işlər nəticəsində bu gün cəmiyyətin hər bir üzvü bu istiqamətdə səfərbər olunub. Azərbaycan cəmiyyəti  elə toparlanıb, elə cəmləşib, səfərbər olub ki... Hamı yalnız belə bir şüarla yaşayır: "Hamı cəbhə üçün, hamı qələbə üçün!". Bu bir faktdır ki, uşaqdan böyüyə kimi bu gün hər kəs cəbhə üçün, qələbə üçün çalışır. Bu birliyin qarşısında təbii ki, düşmən tab gətirə bilmir və darmadağın, məhv olur. Körpə balalarımız da özünün qəpik-qəpik yığdığı pulu ordumuza göndərməklə Azərbaycan əsgərinə, Azərbaycan Ordusuna o böyük ürəyi, kiçik boyu, geniş qəlbi ilə Qələbəmizə töhfə verir. İnşallah, həmin balalarımızın hər biri o qələbini tezliklə görəcək və yaşayacaq".