"Gecələr gözümə yuxu getmirdi"

Hidayət Elvüsal: "Uşaqlığımızı, ən təmiz xatirələrimizi, yazdığımız ilk sevgi məktublarını oğurladı ermənilər"


Xalqımız hər an, hər saat qələbə xəbərləri gözləyir. Cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də bütün ölkənin səbirsizliklə gözlədiyi müraciətlərində xalqa işğaldan azad edilmiş şəhərlər, kəndlər, qəsəbələrin müjdəsini verir. Sentyabrın 27-dən bütün ölkə əhalisi – kiçiyindən böyüyünədək bu xəbərlərə köklənib. Yurd-yuvasından didərgin düşmüş soydaşlarımız isə xüsusilə həssas durumdadır. Heç kəs inkar etməz ki, köçkün soydaşlarımız qədər qələbə müjdəsinə, hansısa kəndin, bölgənin işğalına son qoyulması xəbərini daha artıq səbirsizliklə gözləyirlər. Vətən hər birimizindi. Amma Vətən hamımızdan daha artıq bu gün cəbhədə düşmənə zərbələr vuran, məğlubiyyət acısını yaşadan igid əsgərlərimizindir.

Bu, birmənalıdır. Köçkün soydaşlarımızı fərqləndirənsə onların Vətəndəykən doğma yurdlarına həsrət qalmalarıdır. Bu gün o həsrətlərə son qoyulduqca köçkün soydaşlarımıza sanki ikinci nəfəs gəlir. İllərlə köçkünlük, itkinlik acısı içində yaşayanlar üçün qələbə xəbərləri isti ocaqlarına qayıdış müjdəsidir. Bu hissi yalnız onu yaşayanlar bilər.

Qocaman jurnalist, Azərbaycan mətbuat tarixində “Səhər” adlı demokratik nəşrin  rəhbərlərindın biri və ən əsası yurdumuzun cənnət adlandırılan Kəlbəcərində doğulub boya-başa çatmış  Hidayət Elvüsal indi hansı hissləri keçirir, təxmin etmək asandı. Amma, dediyim kimi, biz sadəcə təxmin edirik, hissləri qoy özü dilə gətirsin. Mümkündürsə, əgər. 

- Qızım, bu hissləri mən, illərin qələm adamı, jurnalisti ifadə edə bilmirəm... Nə deyim, keçirdiyim hissləri hansı sözlərlə ifadə edim?!. Bu, möcüzədi!.. Möcüzə bildiyim həqiqət oldu. Gecələr gözümə yuxu getmirdi, elə hey fikirləşiridim, deyirdim, ay Allah, görəsən Kəlbəcəri bir də görəcəm, o torpaqlara görəsən, qayıdacağıq?!. Açığını deyim, inamım yox  idi. Ümidsiz idim. Cənab Prezident möcüzə bildiyimi reallığa çevirdi, mənə o inamı qaytardı. Başqa nə deyim?.. 

- Hidayət müəllim, hamımız eyni haldayıq. Qürur hissi keçiririk, fəxr edirik. 

- Prezident bizi məğlubiyyətdən çıxardı. Məğlub olmuşduq. Torpaqlarımızı itirmişdik. Bilirdik ki, ermənilər arxalarında dayananlar hesabına torpaqlaırmızı işğal edib. Onlara arxa, dayaq duran olmasaydı, heç vaxt bizə qalib gələ bilməzdilər. İndi niyə qalib gələ bilmirlər? Azərbaycan əsgərinin, Azərbaycan ordusunun qarşısından qaçırlar. Prezidentimiz deyən kimi, rəhbərləri də siçan dəliyi axtarırlar. Biz həqiqəti o zaman da, 1992-93-cü illərdə bilirdik ki, ermənini üstümüzə qaldıran var. Məğlub olduq, şəxsən mən utanırdım bir kəlbəcərli kimi, Kəlbəcərin işğalına görə. Amma bu gün Prezidentimizin iradəsi ilə qalib xalq kimi adımızı tarixə yazdıq. Azərbaycan xalqı işğalçılara qarşı çox vururşub. Məğlub olduğu zamanlar da olub, qalib gəldiyi zamanlar da. Amma Azərbaycan tarixində ilk dəfədir ki, işğalçını tamamilə vurub torpaqlarımızdan çıxarırıq. Ermənilərə elə bir dərs veririk ki, dünya durduqca yaddaşlarından çıxmayacaq. 

- Hidayət müəllim, yəqin mənimlə razılaşarsınız ki, 1992-93-cü illərdə xalqımızın igid oğulları düşmənə sinə gərdi, ermənilər döyüşsüz heç bir kəndi işğal edə bilmədi... 

- Mən o günləri necə unuda bilərəm?.. O başqa bir şey idi. Şəkil çəkdirmişəm o igidlərlə cəbhədə. Tərtər çayının sağ-sol sahillərində əsgərlərlə fotolarım var. Hamısı igid oğullar idi. Bizim o zaman döyüşən oğullarımız olmasaydı, bugünkü qələbələr də olmayacaqdı. Onlar qanları ilə, canları ilə qələbəmizin təməlini qoydular. Şəhid oldular, yaralandılar, qazi oldular, amma qələbəyə aparan yolu açıq saxladılar. O zaman vəziyyət tamam fərqli idi. Komandanlıq yox idi, silah-sursat çatmırdı. SSRİ-dən qalan bir-iki hərbi baza vardı. Bizim igidlər demək olar əliyalın torpağı müdafiə edirdilər. Amma şükür, bu günü də gördük, Azərbaycan Ordusuna hətta Amerika generalının həsəd apardığını gördük.  Ermənilərin ordumuzun qabağından necə qaçdığını gördük. 

- Ordumuzun önündən qaçırlar, yenə özlərini dünyaya “əzabkeş”, “yazıq” kimi göstərirlər, bir tərəfdən də şəhərlərimizi raket zərbəsinə məruz qoyurlar. Mülki əhalini hədəf alırlar. 

- Bu, erməni xislətidi, qızım. Onlar həyasız, abırsız, nankor, riyakar, qorxaq məxluqlardı. Kəlbəcərlilər rus dilini yaxşı bilir, rus dilində bir deyim var; “armyanstvo xuje faşizma” – ermənilik faşizmdən də pisdir. Prezidentimizin dediyi kimi, onları son mənzillərinədək qovmalıyıq. Elə qovmalıyıq ki, bir də cürət edib biz tərəflərə ayaq basmasınlar. 

- Hidayət müəllim, xəbərləri gecə-gündüz izləyirsiniz, əlbəttə. 

- Yatmağı yaddan çıxarmışam. Yatağıma uzanmıram, kresloda əyləşib ancaq televiziyaya baxıram, xəbərlərə qulaq asıram, xoş xəbərlər, qələbə xəbərləri gözləyirəm. Nəvəm də cəbhədədi. 

- Hərbi xidmətdədir, yoxsa könüllü gedənlərdi? 

- 18 yaşı cəbhədə tamam oldu. Onu hərbi xidmətə çağırmamışdılar, özü getdi. Dedi, “getməliyəm, vəssalam”. 18 yaşını qələbə sevinci ilə qeyd etdi. 

- Ordumuzun əks-hücum əməliyyatları başlayandan hamımız səbirsiz olmuşuq. Hər gün nədir, hər saat qələbə xəbəri, hansısa kəndin, ərazinin düşməndən azad edildiyi xəbərlərini almağa köklənmişik. Hərdən necə deyərlər, özümüzə gəlib, anlayırıq ki, asan iş deyil, ordumuz irəliləməlidi... 

- Başa düşürəm sizi. Bunu o çoğrafiyanı, yerli şəraiti bilməyənlər düşünür. Mən Kəlbəcərdə anadan olmuşam, oranın, bütün Qarabağın relyefini bilirəm. Bilirəm ki, Madagizdən – Suqovuşandan Kəlbəcərə nə qədər məsafə var, ordan keçirsən Murova, ordan da Basarkeçərə (Vardenis). Hesab elə ki, Murov Kəlbəcər yollarının keşiyini çəkən əsgərdi. İndi bizim əsgər dayanıb o keşikdə. Ermənilər ağır texnikalarını ən çox o yollarla keçirirdi Qarabağa. Daha keçirə bilməyəcəklər. Kəlbəcər ovcumuzun içindədi. Mən bunları o yerlərin hər qarışına bələd adam kimi deyirəm. Kəlbəcər dağlıq ərazidi. Ən yüksək dağ zirvələri ordadı. Üzü dağlara qalxdıqca döyüşən ordu üçün hərəkət etmək çox çətindi. Amma diqqət edək ki, ordumuz qısa zamanda necə sürətlə irəliləyir. Bunun hamısı ordumuzun, Silahlı Qüvvələrimizin gücü sayəsində, zamanında dövlət başçısının düzgün və gələcəyə hesablanmış siyasət aparması nəticəsindədir. Deməli, Prezident ordumuza qayğını bir an belə azaltmayıb, Silahlı Qüvvələrimizin güclənməsi üçün çalışıb. Zamanı yetişəndə də düşmənə dərs verdi. Və tarix yazdı. – Yəqin Füzuli, Cəbrayıl, Zəngilan... işğal altındakı yurdlarımız əsarətdən bir-bir xilas edildikcə, gözünüz Kəlbəcəri axtarır... 

- ...Kəlbəcər anadı! Uşaqlığım orda keçib. İnsan necə olar uşaqlığı oğurlansa? İnsan necə olar ilk sevgisi oğurlansa? Uşaqlığımızı, ən təmiz xatirələrimizi, yazdığımız ilk sevgi məktublarını oğurladı ermənilər. 

- Yenə yazılacaq o məktublar, Hidayət müəllim... 

- Biz o məktubları təzədən oxuyacağıq. 

- İşğaldan azad edilmiş şəhərləri, kəndləri efirdə göstərirlər, mən heyran qalıram, belə də gözəllik olarmı? Zəngilan necə gözəl imiş. Azərbaycanın hər qarışı cənnətdi, təkcə Qarabağ yox. 

- Mən də baxdım, süjetlərə. Zəngilanda evləri söküblər, dağıdıblar. Kəlbəcər həm də deyim nəyə görə başqa bölgələrdən fərqlənir, Kəlbəcərdə evləri sökmək mümkün deyil. Kəlbəcərin daşını sökmək olmur. O daşları heç top da dağıtmaz. Kəlbəcər topdağıtmaz qalaydı. Kəlbəcər təkcə cənnət yox ey, həyat mənbəyidi. Kəlbəcərdə yerdən su qaynayır, yəqin eşitmisiniz, bilirsiniz... 

- Bəli. İstisu. 

- Kimin nə xəstəliyi vardı, o sudan içərdi, sağalardı. Övladı olmayan gəlinlər, gəlib o su vannasına düşərdi, övladı olardı. Sağalmaz xəstəliklərin dərmanıdı o su. Kəlbəcərdə 2 İstisu vardı -  “kiçik” və “böyük”. Kiçik İstisuya hamı gəlirdi. “Böyük” İstisuya o vaxtın böyük adamları, vəzifə sahibləri gələrdi, sanatoriya vardı... Bizim ev kiçik İstisu ilə yaxın məsafədədi. 

- Hidayət müəllim, elə dediniz, sanki evinizi Bakıdan görürsünüz... 

- Mən orda olmasam da, ora həmişə mənim evim olub, qızım... 

- Siz Kəlbəcər şəhərinin özündə yaşayırsınız? (Bilərəkdən sualı felin indiki zamanında verdim. Cavab da indiki zamanda oldu). 

- Bəli. Evimiz Kəlbəcər şəhərindədi. Aynabəndə çıxanda bütün Kəlbəcər gözünün önündə dayanır... 

- İnşəllah, uzun illərin həsrətindən sonra evinizə ayaq basarsınız... 

- İnşəllah. Daha inanıram. 

- Başqa nəsə sözünüz varmı? 

- Bunu demək istəyirəm ki, biz Kəlbəcərin necə bir kapital olduğunu yaddan çıxarmayaq. Nəhayət anlayaq ki, Kəlbəcər nə deməkdi. Kəlbəcər qızıl mədənidi, civə yatağıdı. Ucu-bucağı görünməyən otlaqlar, meşəliklərdi. Sərsəng su anbarıdı... İndi marketlərdə “saf su” deyib satılan sular var ha, Kəlbəcərdə get istənilən bulağın başında əyləş, qabı doldur suyla, ən təmiz, saf sudur.  Sovet vaxtı Kəlbəcərdə “İstisu” mineral su zavodu tikilmişdi. Azərbaycan dövləti o zavodu yenidən inşa edəcək və xalqımız təmiz, billur kimi saf su içəcək. 

- Hidayət müəllim, ölüm haqdı... 

- Sözsüz. 

- Allah sizə bundan sonra da can sağlığı versin, inşəllah doğma yurda qayıdışın sevincini yaşayasınız. Bu illər ərzində ürəyinizdə bir niskil vardı, “bəlkə Kəlbəcəri görmədən dünyadan köçəcəm”... Daha elə fikirləşmirsiniz... 

- Düzünü deyim, Kəlbəcərdən əlimi də üzmüşdüm, ümidimi də. Prezident İlham Əliyev dahidi. Böyük adamdı. Diplomatiyanı da bilir, hərbi də. Hansı sözü nə zaman, harada demək lazım olduğunu da. Prezident deyir, “mən bilirəm, hansı işi nə zaman görmək lazımdır”. Mən ona inanıram. Kəlbəcər işğaldan azad  olunacaq!  İllərlə ürəyimdən keçib ki, dünyadan köçüb gedəcəm, bəlkə cəhd edim, Kəlbəcərə turist kimi gedim, oraları görüm. Həmişə də ürəyimdə qalırdı arzum. Nə qədər insanımız ürəyində Vətən qubarı ilə köçdü bu dünyadan. Allah onların hamısına rəhmət eləsin, şəhidlərimizin ruhu şad olsun. Bu gün ordumuz qalibdir. Vətən uğrunda döyüşənlərin, torpağa canını fəda edənlərin qanı yerdə qalmadı. Bundan sonra kəlbəcərlilər də, işğaldan azad edilən bütün torpaqlarımızın insanları Vətən torpağına qovuşacaqlar.