Biz səhlənkarlıq etsək, çoxalacaq

Koronavirus artıq insanların davranışlarından asılıdır

Quba rayonunda karantin qaydalarını pozanlar məsuliyyətə cəlb edilib. DİN Mətbuat Xidmətinin Quba regional qrupunun məlumatına görə, Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları rayonun Afurca kəndi ərazisində xidmət aparan zaman kənd sakini Ramin Mustafayevə məxsus evin həyətyanı sahəsində qonaqlıq məclisi təşkil edildiyini aşkarlayıblar. Məclis dərhal dayandırılıb. Ev sahibi və məclisdə iştirak edən Sumqayıt şəhər sakini olan 20 nəfər saxlanılaraq RPŞ-yə gətiriliblər.

Onlarla izahedici söhbətlər aparılıb və hər biri inzibati qaydada məsuliyyətə cəlb olunublar.
Həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə keçirdiyi monitorinqlər zamanı 20 ictimai iaşə obyektində qaydalara əməl olunmadığını aşkarlayıb.
Agentliyin məlumatında bildirilir ki, Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlarda (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) 352 ictimai iaşə obyektində 482 monitorinq keçirilib.
Reyd keçirilən 20 ictimai iaşə müəssisəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev “Şərq”ə açıqlamasında koronavirus pandemiyası ilə mübarizədə əldə edilmiş müsbət nəticələrin aradan qalxmasına bir çox hallarda vətəndaş məsuliyytəsizliyinin səbəb olduğunu dedi: 

- Pandemiya ilə mübarizədə əldə edilən müsbət nəticələr – sağalanların sayının yoluxanların sayından artıq olması mərhələli şəkildə yumşalmalara gedilməsinə səbəb oldu.

Dövlət lazım olan addımları atdı. Bundan sonrası isə artıq vətəndaşların üzərinə düşürdü. Artıq hər kəsə məlumdur ki, koronavirus və bu tipli yoluxucu xəstəliklərdə əsas faktor insan amili, insanların davranışlarıdır. İnsanlar düzgün, tələb olunan  qaydada davransa, yoluxma sayı artmayacaq, getdikcə azalacaq və xəstəlik bitəcək.

Yox əgər insanlar qaydalara əməl etməyəcəksə yoluxmalar artacaq və xəstəlik uzun müddət qalacaq. Məsuliyyət vətəndaşın üzərindədir. Fikrimcə, ölkəmizdə yoluxma sayındakı azalma insanlarımızda bir qədər arxayınlıq yaratdı, insanlar elə bildi ki, xəstəlik bitdi artıq. Və yenidən qaydaları pozmağa, məhəl qoymamağa başladılar.

Nəticə yenə göz qabağındadır. Yoluxma sayında artım müşahidə edilir. Dünya ölkələrində kütləvi yoluxma halı yaşanan zamanlarda Azərbaycanda yoluxma sayı çox az idi. Bu, bizə ümid verirdi. Dövlət də, vətəndaş cəmiyyəti institutları da üzərlərinə düşən vəzifəni yerinə yetirdilər, təbliğat işləri aparıldı. Amma dünyada ikinci dalğanın başladığı və kəskin bir hal aldığı vaxtda təəssüf ki, bəzi vətəndaşlar yenə məsuliyyətsizliyə yol verir. Halbuki, indi biz daha məsuliyyətli olmalıyıq.

Çünki ölkədə hazırda iki cəbhə var; düşmənlə üz-üzə dayanan, torpaqlarımızı işğaldan azad edən əsgərlərimizin dayandığı ön cəbhə və pandemiya ilə mübarizə aparmalı olan arxa cəbhə. Bizdən atəş altında olmaq, güllə atmaq tələb olunmur. Bizdən tələb olunan sadə qaydalara riayət etməkdir. Cəbhədə, döyüş meydanında tarix yazan əsgərlərimizin şücaəti müqabilində qaydalara riayət etmək yəni belə çətindir?! Qələbəmiz naminə məsuliyyətli olmalıyıq.   

Ə.Nuriyev bildirdi ki, vətəndaş məsuliyyətsizliyi yoluxma sayında bundan sonra da artıma səbəb olacaqsa, sərt karantin qaydalarının yenidən tətbiqi qaçılmaz olacaq: 

- İstisna etmirəm ki, SMS icazə qaydası, yaşı 65-dən yuxarı olanlara evdən çıxmaq yasağı yenidən tətbiq edilsin. Qoruyucu tibbi maskalardan istifadə edilmədiyinə görə cərimələr təkrarlansın. Pandemiya şəraitində cəzalandırma zəruri şərtdir. Bunların təkrarlanmasını istəmiriksə, davranışlarımıza fikir verməli, qaydalara riayət etməliyik.

Bir həqiqəti qəbul edək ki, məsuliyyətimizin ömrü nə qədər böyük olacaqsa, azadlığımız və sərbəstliyimiz də bir o qədər böyük olacaq.