Panduslar gözdən əlillər üçün xüsusi imkanlar yaradacaq

Ancaq burada bir nüansı nəzərə almaq lazımdır 

"Paralel olaraq əlillərlə ondan istifadə ilə bağlı xüsusi təlimlər keçirilməli və xüsusi qaydalar başa salınmalıdır"

Ölkəmizdə əlliliyi olan şəxslərin sosial müdafiəsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Dövlət başçısının bu istiqamətdə sosial siyasətinin tərkib hissəsi olaraq şəhər nəqliyyatında müyəssərliyin təmin olunması məqsədilə son 5 ildə çox əhəmiyyətli işlər görülüb. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev açıqlamasında bildirib ki, bu çərçivədə 160-dan çox küçə və prospektdə 2200-dən artıq pandus təşkil edilib. Həmçinin, 10-dan artıq küçə və prospektdə “İdeal səki” layihəsi icra olunub ki, nəticədə həmin ərazilərdə əsasən görmə imkanları məhdud şəxslər üçün rahat hərəkət imkanı yaradılıb.

Nəqliyyat eksperti İlqar Hüseynli "Şərq"ə açıqlamasında bildirib ki, panduslar gözdən əlillər üçün xüsusi imkanlar yaradır. Ekspertin sözlərinə görə, ancaq burada bir nüansı nəzərə almaq lazımdır:

"Azərbaycanda panduslardan yeni tətbiq olunmağa başlanıb. Belə deyək ki, bu, ölkəmizdə yeni texnologiyadır. Bunu tətbiq etməklə, paralel olaraq əlillərlə ondan istifadə ilə bağlı xüsusi təlimlər keçirilməli və xüsusi qaydalar başa salınmalıdır. Məsələn, onların üzərində necə hərəkət etmək olar? Onları necə tanımaq olar və sair.

Yəni bunlarla bağlı həmin əlillərlə maarifləndirmə tədbirləri həyata keçirilməlidir. Onlara bu texnologiyanın üstünlükləri başa salınmalıdır. Təbii ki, paralel olaraq maarifləndirmə həyata keçirilsə, pandusların əlillər üçün kifayət qədər faydası olacaq. Bu tip pandusların ilk növbədə şəhərdə çoxaldılması vacibdir". 

Ekspert hesab edir ki, maarifləndirmə işlərinin televiziyalarda aparılmasının xüsusi effekti olmayacaq:

"Çünki bu, gözdən əlillər üçün tətbiq olunub. Onlara praktiki təcrübə yalnız xüsusi gözdən əlillər cəmiyyətləri, yol nəqliyyat ekspertləri və yaxud da o təcrübəni kifayət qədər yaxşı bilən təcrübəli ixtisasçılar tərəfindən həyata keçirilməlidir.

ABŞ-da panduslardan çox geniş istifadə olunur. Burada xüsusi yerlər var. Hansı ki, həmin yerlər də əlillərin təlimlənməsi məqsədilə hazırlanıb. Çox yaxşı olar ki, bizim özümüzdə də belə xüsusi ayrılmış yerlər olsun.

Mütəmadi olaraq gözdən əlillər və bu qurğulara ehtiyacı olan şəxslərə praktiki təlimlər keçirilsin".