Bir az bayram ovqatı olmalıdır...

Yeni ili keçirməliyik, amma həmişəki kimi ifrat dərəcədə yox

Qarşıdan Yeni İl bayramı gəlir. Onun gəlişi ilə cəmiyyətdə müzakirələr, mübahisələr də qızışır. Əksər vətəndaş Vətən müharibəsində canından keçən  şəhidlərimiz varkən bayram qeyd etməyin düzgün olmadığını düşünür. Hətta şəhərin bəzədilməsinin də yanlış olduğunu söyləyənlər var.  İnsanların bir hissəsi isə bayram ab-havasındadır.  Az da olsa yeni ili qarşılamağın həyəcanını, sevincini yaşayırlar. 

Bəs, əslində necə olmalıdır? Doğrudan da  şəhərin bəzədilməsi, bayramın qeyd edilməsi  şəhidlərimizin ruhuna hörmətsizlikdirmi? 

“Şərq”in suallarını cavablandıran sosioloq-alim Əhməd Qəşəmoğlu hər iki mövqeyi də yüz faiz dəstəkləmədiyini söyləyib:

“Həm şəhidlərimiz var, həm də böyük qələbə çaldıq. Yeni ilə elə münasibət göstərməliyik ki, hər iki məsələ də öz əksini tapsın. Həmişə deyirlər ki, Yeni İl bayramında, şəhər təntənəli şəkildə bəzədilir. Bunun özünə də çox ehtiyac yoxdur. Təqvim dəyişir, dünyanın aparıcı dövlətlərinin nümayəndələri gəlir. Bu bayram özünü müəyyən qədər göstərməlidir. Amma ifrat dərəcədə yox. Düşünürəm ki, özümüzü tamamilə yasdaymış kimi nümayiş etdirməməliyik. Bir az bayram ovqatı da olmalıdır. Əlbəttə, bunu da çox qabartmamalıyıq. Azca hiss olunmalıdır ki, təqvim dəyişir, yeni il gəlir. Mən hər iki tərəfi də yüz faiz dəstəkləmirəm”.