Şəhidin həyat yoldaşı: “Nə özü gəldi, nə də hədiyyəsi...”


İkinci Qarabağ savaşı Azərbaycanın qeyrətli oğullarını xalqımıza tanıtdı. Nəinki tanıtdı, həm də sevdirdi, adlarını qəlblərə yazdırdı. İndi böyüyən körpələr həmin qəhrəmanlarımızı nümunə götürürlər.

44 günlük döyüşlərdə millət mənsubiyyətinin yox, vətəndaşlığın ön plana keçməsi sevindiricidir. Belə ki, azərbaycanlı olmasa da, vətəndaşımız olan Denis Pronin də hərbi əməliyyatlarda qəhrəmanlıqla iştirak etdi və şəhadətə qovuşdu. O, 1989-cu il may ayının 26-da Bakıda anadan olub. 1995-2004-cü illərdə Bakıdakı T.Bağırov adına 59 nömrəli orta məktəbdə təhsil alıb. 2007-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. İki il sonra isə tərxis olunub.

Şəhidimizin yoldaşı Aynur xanım daha ətraflı “Sherg.az”a danışdı:

 “ O, sentyabr ayının 21-də hərbi təlimlərə cəlb edildi. Müharibə başlayan gün cəbhəyə göndərildi. Yoldaşım Füzuli istiqamətində döyüşürdü. Sonuncu dəfə oktyabrın ayın 6- da danışmışdıq.

Növbəti gün, yəni ayın 7- si qızımızın ad günü idi, təbrik etdi. Söz verdi ki, gələndə hədiyyə, tort olacaq. Buna çox əmin idi. Amma qızımızın ad günündən bir gün sonra düşmənin raket zərbəsi nəticəsində şəhid oldu. İndi qızımız atasız böyüyür. Nə özü gəldi, nə də hədiyyəsi”.