Azərbaycan və Türkiyə ordusu yenə meydanda

Qardaş ölkələr Azərbaycan və Türkiyə masada danışıqlar getdiyi vaxtda poliqonda da güc nümayişini zəruri hesab edirlər


6-8 aprel tarixində Azərbaycan və Türkiyə ordularının növbəti birgə təlimləri keçiriləcək. 44 günlük müharibədən sonra Qarabağ ərazisində Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təlimləri keçirilsə də, Türkiyə ilə birgə təlimlər ilk dəfə reallaşacaq. Görünən odur ki, Azərbaycan və Türkiyə masada danışıqlar getdiyi vaxtda poliqonda da güc nümayişini zəruri hesab edirlər.

Təlimin keçiriləcəyi tarix də diqqət çəkir. Məlumdur ki, bu tarixdə Ermənistan baş naziri Nikol Paşinyan Moskvada prezident V.Putinlə görüşəcək. Mümkündür ki, kommunikasiyanın bərpa edilməsi ilə bağlı razılaşma üzrə rəsmi sənədin imzalanmasına hazırlıq gedir. Üçtərəfli qrupun Rusiyadan olan həmsədri, baş nazirin müavini Aleksey Overçukun Bakı və Yerevana səfəri, ardınca Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı bu yöndə ehtimalı gücləndirir. Diqqətçəkən məqamlardan digəri isə təlimlərin dövlət başçısı İlham Əliyevin təsdiq etdiyi plan əsasında keçirilməsidir. Qardaş ölkə rəhbərinin dəfələrlə bəyan etdiyi kimi Türkiyə Ordusu hər daim Azərbaycanın yanındadır. Birgə təlimlər bunun ən bariz nümunəsidir və Moskva daxil digər mərkəzlərə mesajdır. 



Təlimləri “Şərq”ə şərh edən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, erməni tərəfi revanşist düşüncələrdən, işğalçılıq missiyasından geri çəkilmədiyi müddətcə hərbi gücün tətbiq edilməsi hər zaman gündəmdə olmalıdır. QAT rəhbərinin fikrincə, hərbi əməliyyatların başlayıb-başlamaycağı erməni tərəfinin mövqeyindən asılıdır:

“Xankəndi, Xocavənd və digər ərazilərdə hakimiyyətimizi tezliklə bərqərar etməliyik. Əgər ermənilər müvafiq sazişlərə əməl etməzsə, kimlərəsə arxayın olub yenidən müharibə iddiasına düşərsə, o halda Azərbaycan Ordusu yenidən meydana çıxacaq. Azərbaycan-Türkiyə ortaq hərbi təlimləri konkret hansısa üçüncü ölkəyə yönəlməyib. Biz haqq işimizin müdafiəsi üçün qardaş Türkiyə ilə hərbi əməkdaşlığımızı genişləndiririk. Hərbi müttəfiqimiz təkcə Türkiyə deyil, digər türk dövlətləri ilə də müdafiə sahəsində əlaqələrimiz intensivləşir. Mediada tez-tez Turan Ordusunun qurulması ilə bağlı xəbərlər yayılır. Müşahidələr göstərir ki, artıq bununla bağlı müzakirələr getməkdədir. Burada vahid komandanlıqdan daha çox türk ölkələrinin silahlı qüvvələrinin razılaşdırılmış qaydada ortaq fəaliyətindən söhbət gedir. Turan Ordusunun nüvəsini Azərbaycan və Türkiyə silahlı qüvvələri təşkil edəcək. Ona görə də bu cür təlimlər vacibdir. Müasir müharibələrdə ən önəmli nüanslardan biri rabitə sistemlərinin, ordular arası əlaqələrin düzgün qurulmasıdır. Ortaq təlimlər davamlı olacaq. Azərbaycan-Türkiyə hərbçilərinin qarşılıqlı təcrübə mübadiləsi zəruridir. Nəzər almalıyıq ki, həm Türkiyəyə, həm də Azərbaycana qarşı təhdidlər var. Bu təhdidlərdən sığortalanmağın yolu hərbi güclərimizi cəmləşdirməkdən keçir”.