Qapı-qapı gəzib yoxlayacaqlar 

Ev heyvanları da koronavirus daşıyıcısı ola bilər

COVİD-19 xəstəliyinin ev heyvanları (it və pişik) arasında yayılmasının araşdırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən elmi-tədqiqat işlərinə başlanılıb. Hazırda Bakı şəhəri və Abşeron rayonu ərazisində yerləşən baytarlıq klinikalarında müayinə olunan, həmçinin heyvan sığınacaqlarında saxlanılan it və pişiklərdən müvafiq nümunələr (qan və yaxma) götürülür.

Sözügedən məsələ haqqında "Şərq"ə danışan həkim Şahvələd Məmmədov bildirib ki, bu layihənin həyata keçirilməsi çox böyük əhəmiyyət kəsb edir və vacibdir:

"Ev heyvanlarının koronovirus infeksiyasının daşıyıcısı olma təhlükəsi gözlənilir. Hətta təcrübədə də var. Bəzi ölkələrdə bu hal yaşanıb. Bu layihə COVİD-19 törədicisinin heyvanlar arasında yayılması səbəblərinin aşkarlanması və törədicinin ətraf mühitdə dövr etməsinin qarşısının alınması məqsədilə həyata keçiriləcək profilaktik tədbirlər baxımından olduqca əhəmiyyətlidir.  Düşünürəm ki, yoluxma riski daha çox evdə kütləvi şəkildə heyvan bəsləyənlər üçün ola bilər. Tək-tük ev heyvanlarının olduğu məkanlarda bunun olmasını güman etmirəm. Ev heyvanlarından götürülən nümunələrdə hər hansı təhlükəli hal müşahidə olunarsa, bu barədə qabaqlayıcı tədbirlər görmək lazım olacaq. Əgər nəticələr daha təhlükəli vəziyyətə gətirib çıxarsa, yaxın zamanda ev heyvanlarının da vaksinasiya edilməsinə başlanıla bilər".