"Axı biz də informasiya müharibəsində fəal olduq"


Politoloqlar, siyasi ekspertlər də işğaldan azad edilmiş rayonlara getmək istəyir

"İşğal olunmuş ərazilərə müxtəlif peşə sahiblərinin səfəri təşkil edilir. Bu çox müsbət addımdır. Jurnalistlər, mədəniyyət işçiləri və digər sahədə çalışanlar bu səfərlər nəticəsində düşmənin işğalından azad edilən ərazilərdə vandalizm aktlarını əyani görürlər. Həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin də səfərlərini təşkil edirlər. Belə səfərlər təbii ki, vacibdir". 

Bu sözləri "Şərq"ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, hər gün mətbuatda, televiziya efirlərində Ermənistanın işğalı, Azərbaycanın bu sahədə apardığı siyasəti təhlil və şərh edən, açıqlamalar verən, ictimaiyyəti daha dolğun təhlillərlə maarifləndirən politoqlar, siyasi ekspertlər yada düşmür:

"Axı Vətən müharibəsində və ondan əvvəlki illərdə hər gün politoloq və siyasi ekspertlər Ermənistan haqqında, Azərbaycanın bu istiqamətdə siyasətini diqqətdə saxlayıblar. İnformasiya müharibəsində fəal olublar. Qarabağ mövzusu bizim üçün daim prioritet olub. Siyasi ekspertlər də gedib işğal olunmuş ərazilərdə erməni vəhşiliyini görmək, müşahidələr aparıb bu mövzuda daha ətraflı və akademik səviyyədə çıxışlar edə bilər. Həmçinin məqalələr yazarlar. Bu baxımdan, sözün düzü, təşkilatçıların kimliyini bilməsəm də, politoloqları və siyasi ekspertləri görməzlikdən gəlmək məndə təəssüf hissi doğurur".