Xəritə səhih olmazsa... – Şərh: “Əlimizdə “kozır” var”

Əldə edilmiş razılığa əsasən, bir neçə gün əvvəl 15 nəfər erməni terrorçu düşmənə qaytarılıb. Bunun əvəzində isə Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələr Azərbaycan verilib. Bu, onu deməyə əsas verir ki, rəsmi İrəvan, nəhayət, revanşist niyyətini yerə qoyub. Ya da yenə riyakarlıq edir. Hər halda xəritənin səhih olmasına dair müxtəlif iddialar da səslənir.

 Siyasi analitik Turab Rzayev tərəflər arasındakı razılıq barədə “Sherg.az”ın suallarını cavablandırdı:

- Sözügedən anlaşmanı necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, məqsədəuyğundur. Hər halda terrorçular üçün əlavə xərc çəkmək bizə lazım deyil. Onları ya həbs etməli, ya maraqlarımız çərçivəsində qaytarmalıyıq. Əlbəttə, hazırda ən əsas məsələlərdən biri məhz minalı ərazilərin xəritəsinin verilməsidir. Bu, mülki əhalimizin təhlükəsizliyinin təmin olunması deməkdir.

-Bəs xəritə saxta olsa?

- Sənədə uyğun bir neçə minanın yerini müəyyənləşdirdikdən sonra bundan əmin ola bilərik. Dediyiniz ehtimala inanmıram. Çünki saxta xəritə hazırlamaq özü də asan iş deyil. Bir neçə şəxsin imzası lazımdır. Dediyim kimi, belə tez vaxtda saxta xəritə tərtib olunması ağlabatan deyil. Bunu əvvəldən etməli idilər. Xəritə səhih olmazsa, onda növbəti addımlarımızı da buna uyğun atacağıq. Ağdam, Füzuli və digər yerlərdəki minalı ərazilərin xəritəsi ermənilərdə dəqiq var. Lakin bəzi ərazilərdən, o cümlədən Hadrutdan tələm-tələsik çıxdıqlarına görə, ola bilsin, oradakı minaları qeyd etməyi unudublar.

-Bəs necə əmin ola bilərik ki, həmin xəritədə, həqiqətən, deyildiyi qədər, yəni 97 min minanın yeri göstərilib?

- Əlbəttə, deyildiyindən daha az ola bilər. Amma bu, bizi narahat etməməlidir. Əslində mina nə qədər az olarsa, o qədər yaxşıdır. Çünki təmizləmək daha az vaxt alacaq.

-Digər əsirləri nəyin əvəzində qaytara bilərik?

- İlk növbədə məhz minalı ərazilərin xəritəsi qarşılığında. Həmçinin sərhəd delimitasiyası, Zəngəzur dəhlizinin açılması və digər məsələlərdə ermənilərin haqsız mövqelərindən əl çəkmələri üçün əlimizdəki “kozır”dan yararlana bilərik.