Fermerlər bu il çiyələkdən ikiqat gəlir əldə ediblər

Çünki artıq sahibkarlar yerli yox, xarici, dadı olmayan çiyələk sortları yetişdiriblər


Bu il Azərbaycanda çiyələk daha çox məhsuldar olub və fermerlər ikiqat gəlir əldə ediblər. DAİM-də verilən məlumata görə, bu il 500 hektar sahədən 7 min tonda çox çiyələk yığılıb. Ötən il isə 450 hektar sahədən 6500 ton çiyələk yığılıb. Kartof, taxılçılıq kimi sahələrin ənənəyə çevrildiyi Cəlilabad rayonunda çiyələk artıq təkcə daxili bazarlara deyil, xarici bazarlara da çıxarılır. Fermerlər builki mövsümdən xeyli razıdırlar. 

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən iqtisadçı-ekspert Rauf Qarayev qeyd edib ki, əgər məhsulun məbləğ yüksəkdirsə, bu, sahibkarın xeyrinədir: "Bu il çiyələyin ən aşağı qiyməti 1 manat 50 qəpik - 2 manat olub.

Ümumiyyətlə, artıq demək olar ki, dərmansız məhsul yetişmir. Sahibkar məhsulunu daha baha satmağa çalışır, istehlakçı isə daha ucuz qiymətə məhsul almaq istəyir. Ola bilər ki, bu il sahibkarlar qıtlıq olduğundan çiyələkdən daha çox vəsait əldə ediblər. Yerli çiyələk sortu artıq öz əhəmiyyətini itirib. Baxmayaraq ki, şirinliyinə görə, ona üstünlük verənlər az deyil. Bir faktı deyim ki, bu il qıtlıq istehlakçını məcbur etdi ki, adi yararsız hala düşmüş çiyələyi alsın. İndi sahibkar əsasən xarici sort və dadı olmayan, görünüşü yaxşı olan çiyələklərə üstünlük verir. Səbəb odur ki, bu, geni dəyişdirilmiş çiyələk sortları daha dözümlüdür. İnsanlar isə məcbur olub bu çiyələkləri alır". 

İqtisadçı əlavə edib ki, onların xarici bazara göndərilməsi də, yerli sahibkara sərf edir:

"Çünki bu məhsullar yolda gec xarab olur. Hesab edirəm ki, çiyələyin baha olması və əhalinin bundan az faydalanmasının nəticəsi özünü göstərəcək. Bildiyiniz kimi, insan hər mövsümə meyvə, giləmeyvə, tərəvəz qəbul etməlidir. Bunun qəbul etməsi ölkə üzrə xəstəliklərin də azalmasına, immunitetin güclənməsinə gətirib çıxarır. İndi təsəvvür edin ki, əhali bundan məhrum olur. Müxtəlif səpkili virusların tuğyan etmədiyi zaman ölkə əhalisini zərbə altına qoyur. Dövlət tərəfindən tədarük məntəqələrinin açılmasına baxmayaraq, bu effekti vermir. Ölkə bazarında da, kənd təsərrüfatı məhsullarının qiymət tənzimlənməsinə təsir etmir. Məhsullar daha yüksək və ya həddən artıq aşağı qiymətə satılır. Kənd təsərrüfatı sahəsində ciddi boşluqlar var". 
R.Qarayev vurğulayıb ki, fermerlərə kredit verilməsində müəyyən baryerlərin olması ölkə kənd təsərrüfatına ciddi təsir edə bilər: "Gələcəkdə belə məsələlərin artması məhkəmə proseslərinin sayını artıra bilər. Kənd təsərrüfatı nazirimiz İnam Kərimov yaxşı menecerdir. Amma bu sahədə ciddi nöqsanlar olduğu üçün, hesab edirəm ki, kadr və baxış bucağını dəyişmək vaxtıdır.