Nəşriyyatlar öz məhsullarını təqdim edir, yeni əməkdaşlıqlar yaranır, yazıçı-şairlər oxucularıyla görüşür, ünsiyyət qurulur...
Milli Kitab Satış-Sərgisini karantin qaydaları yumşaldıldıqdan sonra paytaxtda keçirilən ilk böyük, kütləvi tədbir saymaq olar. Satış-sərginin keçirilməsinə oktyabrın 1-dən başlanılıb. Və artıq xeyli yazar və əlbəttə ki, onların oxucuları, həmçinin ümumiyyətlə kitabsevərlər Əl Oyunları Sarayının qapısını açır. Razıdır hamı. Sevinirlər. Kitabların sərgilənməsi, endirimli qiymətlərlə satışa çıxarılması, yazıçılarla, şairlərlə görüş, imza günlərinin təşkili, isti, dostyana mühit iştirakçıların da ürəyindəndir, qonaqların da.
Çoxdandır, belə qələbəlik olmamışdı. Satış-sərginin yəqin üstünlüklərindən biri də yaş senzinin nəzərə alınmamısıdır. Məsələn, qocaman sənətkarımız, Xalq yazıçısı Mövlüd Süleymanlının, Xalq şairi Sabir Rüstəmxanlının da imza günü keçirilir, Aygül Ağayeva (nasir), Rəsul Həsən (qrafika), Elşad Miri (ilahiyyatçı, yazar), Gülzar İbrahimova (Gülzar Nənə) kimi gənc yazarların da.
Milli Kitab Satış-Sərgisi barədə fikirlərini “Şərq”lə bölüşən yazıçı-şair Cəlil Cavanşir bu tədbirin önəmini belə izah etdi:
- Belə tədbirlər ona görə faydalıdır ki, kitaba marağın artmasıyla yanaşı, nəşriyyatlar öz məhsullarını təqdim edir, yeni əməkdaşlıqlar yaranır, yazıçı-şairlər oxucularıyla görüşür, ünsiyyət qurulur... Hesab edirəm ki, sərgi çox yaxşı təşkil olunub.
C.Cavanşir qeyd etdi ki, sərgidə “Mücrü” nəşriyyatını təmsil edir:
- “Mücrü” nəşriyyatı sərgiyə 200-dən çox kitabla qatılıb. Hər şey çox yaxşıdır. Əladır. Panellərə qatılırıq, oxucularla görüşürük. İlk dəfədir ki, dövlətin dəstəyi olmadan belə böyük bir tədbir keçirilir. Şəxsən mən çox məmnunam. Hesab edirəm ki, oktyabrın 10-dək işimizi uğurla davam etdirəcəyik.
C.Cavanşir öz kitablarının da satış-sərgidə təqdim edildiyini bildirdi:
- 6-7 kitabım sərgilənir. Kitablar endirimlə satışa qoyulub. Bundan əlavə kitablarını hədiyyə edən yazıçılarımız, şairlərimiz də var. Ümumiyyətlə, müəlliflərin vəziyyətini qənaətbəxş hesab edirəm. Mən də hədiyyə etmişəm. Hədiyyə etdiklərim öz hesabıma aldığım kitablardı. Çünki mən satışla məşğul olmuram. Bu işləri nəşriyyat üzərinə götürür.
Satış-sərginin Əl Oyunları Sarayının alt mərtəbəsində keçirilməsindən doğan bəzi narazılıqlara gəlincə, C.Cavanşir bunun təşkilatçılarla əlaqəsi olmadığını dedi:
- Bu məsələ bizi yerlə təmin edənlərin günahıdır. Sadəcə, ilk sərgi-satış olduğu üçün hər hansı mənfi cəhəti görməzdən gəlirik. Qane oluruq. Əsas odur ki, sərgi baş tutub.