Məğlubiyyət Ermənistanın alnına yazılıb

Avropa Şurası haqlı tərəfin, güclü Azərbaycanın yanında dayandı

Xəbər verdiyimiz kimi yanvarın 25-də Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin “AŞ PA Monitorinq prosedurunun 2020-ci il üzrə tərəqqi hesabatı” adlı qətnamə qəbul edilib. Qətnamədə Ermənistan və Azərbaycan arasında baş vermiş münaqişə və 44 günlük döyüşlər kontekstində müvafiq bəndlər yer alıb. Sənədin 5-ci bəndində vurğulanıb ki, komitə 27 sentyabr 2020-ci il tarixində Dağlıq Qarabağ bölgəsində baş verən hərbi döyüş əməliyyatları ilə bağlı hadisələri yaxından izləyir.

Həmçinin, cari məsələlər üzrə hər iki tərəfdən deputatların iştirakı ilə fikir mübadiləsi təşkil olunur. Bundan savayı, Ermənistan və Azərbaycan üzrə həmməruzəçilər münaqişənin sülh yolu ilə həllinə çağırışlar edir. Qətnamənin 11-ci bəndində isə aşağıdakı fikirlər yer alıb: “Münaqişə ilə əlaqədar olaraq, Assambleya bütün tərəfləri siyasi dialoqa mane olan iltihablı ritorikadan çəkinməyə çağırır. Ermənistanı və Azərbaycanı üçtərəfli bəyanatın humanitar məsələlərlə bağlı müddəalarını ən qısa müddətdə həyata keçirməyə səsləyir. Eyni zamanda bütün tərəfləri dərhal hərbi əsirlərin və cəsədlərin mübadiləsini həyata keçirməyə, mədəni irsə hörmət etməyə çağırır. Monitorinq Komitəsini parlament səviyyəsində sülh prosesi üçün əlverişli bir atmosferə töhfə vermək üçün yolları araşdırmağa dəvət edir.

Assambleya münaqişə zamanı bütün tərəflərin humanitar və insan hüquqları qanunlarını pozduğuna dair məlumat və iddiaları, bəzi dini yerlərin və abidələrin deqradasiyasını, eləcə də xüsusi mülkiyyətin dağıdılması iddialarından ciddi narahatlığını da dilə gətirib.

Qurum bu məlumatların tam araşdırılmasını və pozuntuların aradan qaldırılmasını və günahkarların mühakimə olunmasını gözlədiyini açıqlayıb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, hər il ənənəvi hazırlanan hesabatla əlaqədar qətnamə layihəsində monitorinq proseduruna və ya monitorinqdən sonrakı dialoqa cəlb edilmiş ölkələrdə baş vermiş əsas hadisələr qiymətləndirilir və müvafiq tövsiyələr verilir. 

Xususi vurğulamaq lazımdır ki, AŞ PA-dakı Ermənistan nümayəndə heyətinin qətnamə layihəsinə əsassız düzəlişlər irəli sürmək cəhdləri uğursuzluqla nəticələnib. Ermənistan tərəfinin düzəlişləri həm Monitorinq Komitəsi, həm də Assambleyanın plenarı tərəfindən rədd edilib. Bundan başqa, Ermənistan nümayəndə heyəti sessiya çərçivəsində cari məsələlər üzrə debat proseduru əsasında “Avropa Beynəlxalq İnsan Hüquqları Standartlarının pozulması kimi Azərbaycan hakimiyyət orqanları tərəfindən erməni əsirlər və digər saxlanılan şəxslərin qaytarılmasının əsassız olaraq gecikdirilməsi” mövzusunda müzakirənin keçirilməsini istəyib. Bu xüsusda, Azərbaycan nümayəndə heyəti tərəfindən AŞ PA Prezidentinə məktub ünvanlanaraq məsələ üzrə mövqeyimiz onun diqqətinə çatdırılıb və belə bir debatın keçirilməsinin məqbul olmadığı vurğulanıb. Nəticə etibarı ilə, qurumun Bürosu tərəfindən bu mövzuda debatın keçirilməsi məqsədəuyğun hesab edilməyib. Göründüyü kimi ermənilər hər fürsətdə, ələ keçirdikləri hər tribunada Hadrut ətrafında Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılan 62 nəfər erməni diversant qrupunu “hərbi əsir” kimi təqdim etməyə və Avropa İnsan Hüquqları Məhkəməsinə siyasi təzyiq etməyə cəhd göstərirlər. Bu dəfə də ermənilər “hərbi əsirlərlə” bağlı Monitorinq Komitəsinə 4 düzəliş təqdim ediblər. Lakin Komitənin mütləq əksəriyyəti “düzəlişləri” qəbul etməyib. Məlumdur ki, “düzəlişlər 2 plenar iclasda 10 üzv tərəfindən dəstək alarsa, səsə qoyula bilərdi. Ancaq ermənilər heç bir dəstək görməyib. Hətta Ermənistan nümayəndə heyətinin üzvü Ruben Rubinyan ermənilərin təqdim etdiyi düzəlişlərin əleyhinə çıxış edib. 

Eyni zamanda vurğulamaq lazımdır ki, 25 yanvar tarixində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç qış yarım-sessiyasında AŞ PA üzvləri qarşısında çıxışında təşkilatın mövqeyini bir daha ifadə edərək Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr tarixli üçtərəfli bəyanatı alqışladıqlarını söyləyib. O, AŞ-nin səlahiyyətləri çərçivəsində hər iki ölkəyə post-konflikt dövründə dəstək verməyə hazır olduqlarını və bu məqsədlə tərəflərlə məsləhətləşmə apardıqlarını bildirib. 

Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra nəinki öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu, həm də bütün regionda yeni siyasi reallıqlar yaratdı. Bu yeni reallıqla Cənubi Qafqazda siyasi təsir imkanları uğrunda mübarizə aparan qlobal güclər belə hesablaşmağa məcburdur. Ümumiyyətlə, Azərbaycan ötən müddətdə bütün beynəlxalq platformalarda torpaqlarının işğal olunması, Ermənistanın Azərbaycana qarşı təcavüzü, azərbaycanlıların etnik təmizləmə və soyqırıma məruz qalması həqiqətini qəbul etdirə bilmişdi.

Bəzi ölkələr bu faktları öz siyasi maraqları kontekstində rəsmi şəkildə etiraf etməkdən çəkinsə də, ümumilikdə dünya ictimaiyyətində münaqişənin meydana çıxma səbəbləri barədə aydın təsəvvür formalaşmışdı. Şübhəsiz, bu, nəticə etibarilə Azərbaycan diplomatiyasının gücü sayəsində baş vermişdi. Prezident İlham Əliyevin irəli sürdüyü “hücum diplomatiyası” Azərbaycanın xarici siyasətinin yeni taktiki parametrlərini müəyyən etdi və qlobal güclərin rəsmi Bakıya yanaşması köklü dəyişikliyə məruz qaldı. Artıq Avropanın nüfuzlu qurumları əvvəlki kimi gözüyumulu ermənilərin uydurmalarına, əsassız iddialarına aldanmırlar. İndi bütün dövlətlərin hesablaşmaq məcburiyyətində olduğu güclü Azərbaycan var. 

Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov “Şərq”ə açıqlamasında bildirib ki, AŞ PA-ya üzv ölkələr arasında baş vermiş ən böyük hadisə 44 günlük müharibə və onun nəticələridir. Ekspertin sözlərinə görə, belə mühüm bir hadisənin qətnamənin əsas mövzusu olması təbii və gözlənilən idi:

“AŞ PA ilk növbədə tərəflərə ənənəvi çağırış etdi ki, münaqişəni yenidən alovlandıran açıqlamalardan, davranışlardan çəkinsinlər. Siyasi gərginliyin hərbi əməliyyatlara keçməməsi üçün bu cür çağırışlar normaldır. AŞ PA burada konkret hansısa tərəfi ittiham etmir, sadəcə tərəfsiz qalmaq üçün hər iki ölkəyə müraciət ünvanlayır. Ermənistan tərəfindən müxtəlif cəhdlər ediləcəyi əvvəlcədən ehtimal olunurdu. Erməni mediası Hadrutda ələ keçirilən diversantlarla bağlı məsələnin beynəlxalq platformalarda qaldırılacağının anonsunu verirdi. Məqsəd Azərbaycan əsgərlərinə qarşı təxribat törətmiş erməni terrorçularını “hərbi əsir” kimi təqdim edərək Azərbaycana təzyiq etmək idi. Ancaq düşmən istəyinə nail olmadı. Rəsmi Bakının erməni diversantlarla bağlı birmənalı mövqeyi Azərbaycan nümayəndəliyi tərəfindən AŞ PA-nın müvafiq komitələrinin diqqətinə çatdırıldı. Vurğulandı ki, müharibə 10 noyabr üçtərəfli sazişi ilə bitsə, erməni silahlıları mövqelərimizə hücum edərək əsgərlərimizi şəhid ediblər. Onlar mütləq Azərbaycan məhkəmələri qarşısında cavab verməli və cəzalarını almalıdır. Sevindirici haldır ki, haqlı və əsaslandırılmış mövqeyimiz Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olundu”. 

Ə.Şahidov etiraf edib ki, bu tipli qurumlar həmişə güclü tərəfin, təsir imkanlarına malik dairələrin yanında dayanıblar:

“Nəzərə alaq ki, 44 günlük müharibə Avropa üçün gözlənilməz sürpriz oldu. Heç bir Qərb ölkəsi gözləmirdi ki, Azərbaycan qısa müddət ərzində, yəni AŞ PA-nın iki sessiyası arasında savaşa başlasın və qələbə ilə başa vursun. Ona görə də qurum güclü Azərbaycanın yanında dayanmağı daha məqsədəuyğun sayır. Artıq reallıqlar dəyişib, heç kim məğlub Ermənistana sahib çıxmaq fikrində deyil. Həm də nəzərə alaq ki, hazırda gündəmin əsas müzakirə mövzusu Orta Asiya-Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya gedəcək enerji xətləri və nəqliyyat dəhlizi ilə bağlıdır. Bundan sonra bütün Avropa dövlətləri Azərbaycanla münasibətləri korlamaq fikrindən uzaq olacaq. Hətta birmənalı Ermənistanın tərəfini tutan Fransa belə son günlər rəsmi Bakıya üz tutub. Fransa xarici işlər naziri Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb”.

Hüquq müdafiəçisi qeyd edib ki, ermənilərin təxribatları bundan sonra da davam edəcək:

“AŞ PA-nın sessiyaslarının həftə sonuna kimi keçirilməsi nəzərdə tutulur. Çox güman ki, ermənilər hər sessiyada müxtəlif iddialarla Azərbaycana təzyiq göstərməyə çalışacaqlar. Müharibə bitsə də, diplomatik sahədə mübarizəmiz uzun zaman sürəcək. Ermənilər usanıb özləri bu işdən vaz keçənə kimi absurd ambisiyaları uğrunda çalışacaqlar. Ancaq bildirmək istəyirəm ki, Azərbaycan tərəfini təmsil edən deputatların hazırlıq səviyyəsi yüksəkdir. Onlar istənilən erməni təxribatının qarşısını almaq iqtidarındadırlar. Hər halda qətiyyən arxayınlaşmaq olmaz. Balaca boşluq yaranan kimi ermənilər yenidən hərəkətə keçəcək”. 

Millət vəkili Cavid Osmanov da “Şərq”ə bildirib ki, Prezident İlham Əliyev 44 günlük müharibə boyu dünyanın 26 aparıcı media qurumlarına verdiyi müsahibələrdə Azərbaycan həqiqətlərini və erməni yalanlarını olduğu kimi dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Deputatın sözlərinə görə, ümumilikdə son 17 ildə cənab Prezident tərəfindən aparılan beynəlxalq siyasətin mərkəzində artıq həllini tapmış “Dağlıq Qarabağ münaqişəsi”nin çözümü xüsusi yerə malik olub:

“Əslində dünyanın nüfuzlu təşkilatları yaxşı bilirdilər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edərək 30 ilə yaxın dövrdə işğalda saxlamışdı. Əksər təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıması buna dəlalət edirdi. Amma reallıqlara rəğmən, münasibət fərqli idi, işğalçı Ermənistanla işğala məruz qalmış Azərbaycan arasında çox vaxt “bərabərlik” işarəsi qoyulurdu. Qərəzli və məqsədyönlü şəkildə təcavüzkar Yerevan hökumətinə dəstək verilirdi. 44 günlük Vətən müharibəsinin nəticəsi və ondan sonrakı proseslər Avropanın, bütövlükdə Qərbin Cənubi Qafqaza, ələlxüsus Azərbaycana baxışını müsbətə doğru dəyişdirdi. Qərb ölkələri, təşkilatlar rəsmi Bakının haqlı və qətiyyətli mövqeyi ilə barışmaq məcburiyyətində qaldılar. Xatırladım ki, Birinci Qarabağ müharibəsində torpaqlarımız işğal olunduğu halda yanlış təbliğatın nəticəsi olaraq Ermənistan deyil, məhz Azərbaycan “işğalçı” dövlət kimi tanınırdı. Bu cür faktlar düzgün xarici siyasətin, “hücum diplomatiyası”nın nə qədər önəmli amil olduğunu göstərir. Vətən müharibəsindən sonra Ermənistanı layiq olduğu adla çağıranların sayı çoxalıb. Beynəlxalq təşkilatların haqlı tərəfin yanında durması, hüquq çərçivəsində addımlar atması təqdirəlayiqdir. Bu, həmin qurumların öz imici üçün də müsbət dəyişiklikdir”.