Ağdam şəhərinin yeni baş planı fantastikdir

 Belə bir şəhərdə yaşamaq təkcə ağdamlıların yox, hər kəsin arzusudur

"Ölkə başçısının işğaldan azad olunmuş bölgələrə səfərlərinin hər biri tarixi hadisədir". 

"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Nəsib Məhəməliyev sosial şəbəkədə yazıb. 

Deputat bildirib ki, budəfəki Ağdam səfəri öz zənginliyinə, məzmununa görə əvvəlkilərdən xeyli fərqlənir: 

"Səfər çərçivəsində Ağdam şəhərinin, açıq və qapalı Zəfər muzeylərinin, məşhur 1 nömrəli məktəbin, sənaye parkının, əsası qoyuldu. Ağdam şəhərinin yeni baş planı, nəzərdə tutulan parkların, stadionun, atçılıq mərkəzinin, şəhər kənarı meşəliklərin, aqrokomplekslərin, ən müasir standartları özündə əks etdirən şəhər nəqliyyat sisteminin, velosiped yolları ilə, ekoloji tələblərə cavab verən küçə və prospektlərin təqdimatı baş tutdu. İşğaldan azad olunmuş şəhər və rayonların ən yüksək dünya standartlarına uyğun bərpa olunacağına heç kim şübhə etmirdi. Bu barədə Prezident əvvəlki çıxışlarında toxunmuşdu. Ancaq etiraf edək ki, təqdim olunan layihələr fantastikdir. Hər hansı mübaliğədən kənar,  bütün aspektlərinə görə zamanı qabaqlayan layihələrdir. İnsanın ən yüksək tələblərə cavab verən komfort yaşayışını təmin etmək üçün bütün incəliklər nəzərə alınıb".

N.Məhəməliyevə görə, belə bir şəhərdə yaşamaq təkcə ağdamlıların yox, hər kəsin arzusudur: 

"Belə bir estetikanı görən mənfur qonşularımızın keçirdikləri hissləri,  düşüncələri təsəvvür etmək çətin deyil. Hesab edirəm ki, Ağdamdakı görüşləri televiziya vasitəsilə izləyən hər kəs  xüsusi zövq aldı. Prezidentin Ağdam şəhərini, inzibati rayonunu, su resurslarını dərindən bilməsi hər kəsi təəccübləndirməklə yanaşı, həm də onun bu sahədə yüksək peşəkarlığının göstəricisidir. Qələbə epopeyası davam edir. Yaxın zamanlarda daha çox yeniliklərlə təəccüblənəcəyimizə şübhə yoxdur".