Təlimlərə Türkiyə ordusu komandanlıq etdi

Görüntülər Kreml tərəfindən təhdid kimi dəyərləndirilib

Bir aydır Moskvanı narahat edən NATO-nun Qara dənizdəki “Avropanın müdafiəsi – 21” adlı hərbi təlimlərinin Rumıniyadakı bölümünə Türkiyə ordusu rəhbərlik etməkdədir. Təlimlərdə 1356 türk əsgəri ilə yanaşı Türkiyə istehsalı olan 214 zirehli hərbi vasitələr də sərgilənir. 

“Şərq”ə qəzeti Türkiyənin “Milliyet.com.tr” saytına istinadən xəbər verir ki, 26 NATO ölkəsinin 16 dövlətdə keçirdiyi hərbi təlimlər zamanı Rusiya silahlı qüvvələri ilə “zarafat” da edilib. Öncə ABŞ-a məxsus PUA rus savaş gəmisinə yaxınlaşıb.

Ardınca amerikalılar Estoniya-Rusiya sərhədində raket artilleriyasını sınaqdan keçiriblər. Bu hərəkətlər gözlənildiyi kimi Kreml tərəfindən təhdid kimi dəyərləndirilib və sərt bəyanat verilib. Lakin hərbi blok türk əsgərinin böyük rol oynadığı təlimlərdə hədəfin Rusiya olmadığını söyləyib. NATO rəsmisi Mirkea Qeoana bildirib ki, təlimlər birbaşa hansısa ölkəyə qarşı yönəlməyib.

Amma NATO öz müttəfiqlərini hər cür təhlükəyə qarşı qorumağa hazırdır:

“Əlbəttə, Rusiya addımlarımızı diqqətlə izləyir. Sadəcə onu vurğulamaq istəyirik ki, biz öz müttəfiqlərimizin ərazilərini müdafiə etməkdə çox qərarlıyıq. Dünyanın bir çox bölgəsində genişmiqyaslı hərbi təlimlər keçirmək imkanlarımız var. Bu da bir mesaj kimi dəyərləndirilə bilər”.

Rusiya bu təlimlərdə hədəfin Moskva olduğundan əmindir. Rusiya Müdafiə naziri Sergey Şoyqu bildirib ki, NATO təhdidinə qarşı ilin sonunadək qərb sərhədlərinə 20-yə yaxın yeni hərbi bazalar qurulacaq:

“Qərbli məsləkdaşlarımızın hərəkətləri dünyadakı təhlükəsizlik sistemini yerləbir edir. Qərb bizi məcbur edir ki, onun təhdidlərinə qarşı müəyyən tədbirlər görək. Rusiyaya qarşı təhdid böyükdür. NATO ölkələrinin Rusiya sərhədinin yaxınlığındakı hərbi fəallığı narahatlıq doğurur”.