Zəngəzur dəhlizi gündəliyin ön sıralarındadır

Artıq layihənin həyata keçirilməsi ilə bağlı işlərə başlanıb

"Zəngəzur dəhlizinin açılması Azərbaycanın tarixi ədaləti bərpa etməsinə xidmət edəcək"


2021-ci il yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış üçtərəfli sənəddə prioritet hədəf nəqliyyat kommunikasiyasının yaradılması və iqtisadi layihələrin həyata keçirilməsidir. Regionda gerçəkləşdiriləcək ən strateji nəqliyyat infrastrukturu Zəngəzur dəhlizi ilə bağlıdır. Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında dəmir yolunun və nəqliyyat əlaqəsinin yaradılması bütövlükdə tarixi İpək yolunun cəlbediciliyinin artmasına xidmət edəcək. Mühüm geoiqtisadi layihənin reallaşması isə sadəcə Azərbaycan üçün deyil, region ölkələri üçün olduqca perspektivlidir.

O baxımdan burada dünyanın aparıcı ölkələrinin də geoiqtisadi maraqları var. Əlbəttə, burada cılız, heç bir potensiala malik olmayan Ermənistanın hansısa maneə xarakterli addımları prosesə təsir göstərə bilməz. Azərbaycan tərəfi birmənalı şəkildə Zəngəzur dəhlizindən dəmiryolu və avtomobil yolunun çəkilməsini istəyir. Bu yol həm Azərbaycanın böyük hissəsini Naxçıvanla əlaqələndirəcək, həm də Naxçıvan üzərindən Türkiyə ilə birbaşa dəmiryolu və avtomobil əlaqəsi qurulacaq. Xatırladaq ki, Qarabağ münaqişəsindən əvvəl bu dəhliz istifadə olunub, amma münaqişədən sonra Naxçıvanla quru əlaqəsi, ancaq İran ərazisindən keçməklə olub. 

Prezident İlham Əliyev Türkiyənin Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunu qəbul edərkən regional kommunikasiyaların bərpasından, xüsusən Zəngəzur dəhlizinin reallaşmasından da bəhs edib. Dövlət başçısı vurğulayıb ki, nəqliyyat sahəsi həmişə gündəliyimizdə ön sıralardadır. Ölkə rəhbərinin sözlərinə görə, İkinci Qarabağ savaşından sonra bunun önəmi daha da artıb:

“Əvvəlki illərdə birgə həyata keçirdiyimiz layihələrlə yanaşı, yeni layihələr də artıq masa üzərindədir. İkinci Qarabağ savaşından sonra biz yeni bir koridor üzərində çalışırıq - Zəngəzur koridoru. Artıq beynəlxalq müstəvidə də bunun adı məhz Zəngəzur koridoru kimi təsbit edildi. Bu da Türkiyə ilə Azərbaycan arasında yeni bir bağlantını təmin edəcək. Bildiyiniz kimi, müharibədən sonra ilk mərhələdə Ermənistan bu məsələ ilə bağlı öz etirazını bildirmişdi. Ancaq son vaxtlar mənə məlumat verilir ki, Ermənistan tərəfi də artıq bu koridorun qaçılmaz olması ilə bağlı məsələləri düzgün təhlil edir. İndi üçtərəfli çərçivədə müzakirələr aparılır. Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup çərçivəsində bu məsələ müzakirə edilir və yaxşı nəticələr də var. Biz artıq azad edilmiş torpaqlarda Horadizdən Ermənistan sərhədinə qədər dəmir yolunun çəkilişinə start verdik. Əminəm ki, yaxın iki il, bəlkə iki il yarım ərzində o dəmir yolu tam istismara veriləcək”. Prezident vurğulayıb ki, Naxçıvan dəmir yolunun böyük hissəsi fəaliyyətdədir və çatışmayan hissə də inşa ediləcək: “Bütün təlimatlar verilib. Ermənistan ərazisində Zəngəzur koridorunun önəmli hissəsi inşa edilməlidir. Beləliklə, yeni bir koridor açılacaq və Türkiyə-Azərbaycan arasında bu bağlantı daha da möhkəm olacaq”. 

Ölkə rəhbəri mayın 20-də “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxışı zamanı da bildirib ki, Zəngəzur dəhlizi regionun iqtisadi mənzərəsini dəyişəcək. Dövlət başçısı diqqətə çatdırıb ki, artıq sözügedən layihənin həyata keçirilməsi ilə bağlı işlərə başlanılıb:

“Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq”. Ölkə rəhbəri mövzu ətrafında danışarkən Ermənistanın da bu şansdan yararlana biləcəyini vurğulamışdı: “Biz Azərbaycanın nəqliyyat məsələlərində, xüsusilə Zəngəzur dəhlizinin açılması məsələləri ilə bağlı əməkdaşlıq təklif etmişik. Eyni zamanda, Ermənistanın iki yaxın dostu ilə - Rusiya və İranla dəmir yolu əlaqəsi olacaq. Bu dəmir yolu əlaqəsi mövcud deyil. Beləliklə, biz bunu təklif etdik və sizə deyə bilərəm ki, proses gedir. Proses başlayıb, bu, asan deyil, lakin başlayıb”. 
Dövlət başçısı Zəngəzur layihəsi barədə çıxışında sözügedən dəhlizin açılması nəticəsində Ermənistanın normal inkişafa qədəm qoyacağını beynəlxalq ictimaiyyətin də nəzərinə çatdırıb: “Onların heç kimlə dəmiryolu əlaqəsi yoxdur. Ona görə də heç kim investisiya qoymur. Bu, onlar üçün imkanlar açacaq. Amma öz seçimlərini etməlidirlər”.

Xatırladaq ki, Ermənistan Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan da Azərbaycanla dəmiryol əlaqəsindən danışıb. Seçki öncəsi tərəfdarları ilə görüşən Paşinyan vurğulayıb ki, nəqliyyat kommunikasiyalarının bərpası ilk növbədə fəaliyyət göstərən dəmiryol kommunikasiyalarının açılması deməkdir. Onun sözlərinə görə, Ermənistan üçün prioritet dəmiryol xətlərinin bərpası və yenidən açılmasıdır: “Dəmiryol rabitəsi MDB tərəfindən təsdiqlənmiş müqavilələr çərçivəsində hərəkət üçün beynəlxalq standartlara uyğun olmalıdır”. 

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Şərq”ə açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanın tarixi ədaləti bərpa etməsinə xidmət edəcək. Professorun sözlərinə görə, yüz ilə yaxındır ayrı düşdüyümüz Naxçıvanla quru yoluyla birləşəcəyik. Eyni zamanda qardaş Türkiyə ilə torpaq üzərindən əlaqəmiz təmin olunacaq:

“Zəngəzur dəhlizi tranzit ölkə kimi Azərbaycana siyasi-iqtisadi faydalar verəcək. Rusiya və Mərkəzi Asiya ölkələri Azərbaycan üzərindən birbaşa Yaxın və Orta Şərqə çıxış əldə edəcəklər. Azərbaycan bölgədə sadəcə Cənubi Qafqazın deyil, bütövlükdə Qafqazın lider ölkəsinə çevriləcək. Burada Rusiya, Türkiyə, Azərbaycan üçlüyü mühüm rol oynayacaq. İran da bu dəhlizdən yararlanacaq. Dəhliz Rusiya və Ermənistan üçün də çox lazımlıdır. Ermənistan tamamilə blokadadadır. Siyasi və iqtisadi cəhətdən təcrid olunmuş vəziyyətdədir. Ermənistan bütün blokadaları Zəngəzur dəhlizinə imkan yaratmaqla tezliklə aradan qaldıra bilər”. 
C.Nuriyev vurğulayıb ki, Ermənistanda seçkiyə qədər Paşinyanın əleyhinə olan müxalif qüvvələr bu dəhlizin açılmasına qarşı çıxış edəcəklər. Amma dəhlizin önəmi o qədər çoxdur ki, Ermənistanda hansısa müxalif qruplar bunun reallaşmasına mane ola bilməz: “Hətta seçkidə Paşinyan məğlub olarsa, onun yerinə Rusiyaya yaxın adam gələrsə, dəhlizin açılması daha da sürətlənər. Ümumiyyətlə, Ermənistan bir dövlət kimi mövcud deyil. Daha doğrusu, Rusiyanın bir nömrəli “dalan dövləti”, vassalıdır. İrəvanda son qərar Moskvadan verilir, Rusiya isə təbii olaraq öz maraqlarını güdür. Nəzərə alaq ki, Ermənistanın bütün infrastrukturu Rusiyanın əlindədir. Bu da o deməkdir ki, Zəngəzur dəhlizinin işə düşməsində Ermənistan bir dövlət kimi müqavimət göstərə bilməyəcək. 
Zəngəruz dəhlizinin açılması Çindən başlayan Böyük İpək yolunun birmənalı reallaşması ilə nəticələnəcək. Bu da Azərbaycanın növbəti meqalayihəsidir. Prezident bu layihənin həyata keçirilməsində həddindən artıq maraqlı və israrlıdır. Dövlət başçısı öz iradəsini ortaya qoyub”.  


Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə deyib ki, Prezident İlham Əliyev hələ martın 6-da cəmiyyətdə “Naxçıvan dəhlizi” adlandırılan, Naxçıvanı Azərbaycanla birləşdirən nəqliyyat kommunikasiyasını Zəngəzur dəhlizi elan etdi. Hədəf isə heç də sirr deyil:

“10 noyabr razılaşmasında “dəhliz” və ya “Zəngəzur” ifadəsi yer almayıb. Onun sözlərinə görə, Paşinyan daxili auditoriyanı sakitləşdirmək, opponentlərinin ittihamlarına cavab vermək üçün “Mehridən dəhliz keçmir”, “Zəngəzur dəhlizi yoxdur” sözlərini dedikdə bu layihənin olmaması yox,  üçtərəfli razılaşmada belə ifadələrin yer almamasına istinad edir. Razılaşmaya belə ifadənin salınmaması böyük ehtimalla Paşinyan hakimiyyətinin prosesin icrası zamanı daxili siyasətdə çətin vəziyyətə düşməməsinə hesablanıb. Bakı üçün vacib olan istədiyi nəticəyə nail olmaqdır. Nəqliyyat kommunikasiyasının beynəlxalq müstəvidə Zəngəzur dəhlizi kimi təsbit edilməsi hədəfə doğru atılan ciddi addımlardan biri hesab oluna bilər. Birincisi, Zəngəzur dəhlizi ifadəsinin geosiyasi leksikona daxil edilməsi Zəngəzurun Azərbaycanın tarixi torpağı olması faktını yenidən aktuallaşdıra bilər. İkincisi, bu, Azərbaycanın Zəngəzura qayıdış hədəfinin beynəlxalq müstəvidə legitimləşdirilməsinə zəmin yarada bilər. Üçüncüsü, dünya Zəngəzur dəhlizindən danışdıqca, Zəngəzur və onun tarixi gündəmdə qalacaq və bu, tarixi torpağa qayıdış strategiyasında olduqca əhəmiyyətlidir”.