Kəlbəcərdə partlayan minanı diversantlar yeni basdırıblar - Rey Kərimoğlu

Xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş media nümayəndələrinin minaya düşmə anını əks etdirən görüntülər baş vermiş hadisənin əvvəlcədən planlaşdırılmış terror aktı olduğuna şübhə yeri qoymur. 

Qarabağ müharibəsinin qazisi, hərbi-jurnalist Rey Kərimoğlu  jurnalist həmkarlarımızın faciəli ölümü ilə bağlı sosial şəbəkədə bu qeydləri edib: “diqqətlə baxın! Erməni terrorudu! Açıq görünür ki, orada mina olub! Ya olub, çıxarıblar, tam təmizlənməyib, ya da erməni terrorçuları atəşkəsdən sonra qoyub!”.

Müharibənin od-alovundan çıxanlar da həmkarlarımızın ölümünə səbəb olan terror aktı barədə mülahizələrini qeyd edir və yekdil rəy budur ki, bəli, bu, planlaşdırılmış  terror aktıdır.  Yola  minalar yeni qoyulub. 

R.Kərimoğlu yayılan videoya stinad edərək avtomobl hərəkətdə olarkən yolun bəzi hissələrinin ağardığına diqqət çəkir. Partlayış da avtomobil  məhz həmin “ağaran yer”ə çatanda baş verir. Yolun həmin hissəsinin şübhəli olduğu diqqətdən qaçmır. Görünür ki, yolda “iş” aparılıb, yeni - sarı torpaq tökülüb. 

Bu minanı erməni silahlıları Kəlbəcəri tərk edən vaxtı qoymuş olsaydılar, ən azı üstünü zəif ot örtərdi. Bu mina 7 ay əvvəlki basdırılmaya heç uyğun gəlmir, erməni diversantları tərəfindən məhz yeni basdırılandır.  Bunun bir neçə yerdə təkrarlanması isə sürücünü aldatmaq, azdırmaq məqsədi daşıyır. Bir yerdə təzə torpaq tökülsəydi, sürücü, avtomobildəkilər də fərq edərdi və hərəkəti dayandırardılar. Lakin xain düşmən yol boyu br neçə yerə təzə torpaq tökməklə yolun guya ki, yeni düzəldiyi mənzərəsini yaratmağa çalışıb. Minanın məhz yeni basdırıldığını söyləməyə əsas verən digər amil budur ki, istehkamçılar ərazini təmizləmədən yola heç kim buraxılmır . İstehkamçı  bir yeri təmizlədisə təhvil təslim aktı yazır . Heç kim təmizləmədən o sənədə qol çəkməz . Mina yüzdə-yüz təzə qoyulub. Bu, adi gözlə də görünür. Bəlkə də avtomobildə  peşəkar hərbçi olsaydı, minanı fərq edəcəkdi. Yolda hər hansı iş getmirsə, amma təzə torpaq varsa, demək mina var. Diversant ermənilər yola təzə mina qoyub.  Tələm-tələsik basdırıblar qaçıblar. Keçmiş kəşfiyyatçılar köhnə ilə təzə minanı ayırd edə bilir.  Köhnə basdırılmış minanın ust qatı çat-çat olur.Təzə basdırılmış mina ərazidəki torpaq relyefindən fərqlənir və bu gözə çarpır. Hansı ki, bu yolda da mina basdırılan hissədəki torpağın rəngi fərqlidir.   Deməli, sürücülər yolu diqqətlə izləməli, azacıq şübhəli məqamda hərəkəti dayandırmalıdırlar. İşğaldan azad edilmiş ərazilərə ezam olunan sürücülərə də xüsusi təlim keçilməlidir. 
Müharibə iştirakçıları minanın tank əleyhinə, ya da piyada əleyhinə olması versiyası üzərində də dayanırlar. Tank əleyhinə mina patlayış zamanı 15 min atmosfer təzyiq yaradır.  Lakin bu partlayış zamanı avtomobilin təkərlərinin salamat qalması minanın uzaqdan idarəetmə ilə partladılması versiyasını da gündəmə gətirir. Mütəxəssislərin bir çoxu məhz uzaqdan komandalı partlamanın üzərində dayanır. 

R.Kərimoğlu qeyd edib ki, işğaldan azad edilən ərazilərimizə erməni diversantlarının sızmaları  mümkündür:

“Tam bağlanmayıb aramız hələ. Qar 1 aydı əriməyə başlayıb. Əlbəttə, sərhəd xidməti gücləndirilməlidir. Kəlbəcərin ərazisi çox böyükdür ,üstəlik hər ağac, hər qaya bir siqnaq yeridir, düşmənin sızmasının  qarşısını almaq üçün gərək dövlət sərhəddinin hər qarışına nəzarət olunsun”. 

Xatırladaq ki, 2021-ci il iyunun 4-də saat 11:00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib. Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb. Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.