Ayrıca uşaq ombudsmanı təsisatının yaradılmasına ehtiyac yoxdur

Kəmalə Ağazadə: “Hazırda Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində işlək olan model, hesab edirəm ki, daha uyğundur”


Özbəkistan parlamenti - Ali Məclisi yanında uşaq hüquqları üzrə müvəkkil - uşaq ombudsmanı institutu təsis edilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev uşaq hüquqları üzrə ombudsman institutunun yaradılması haqqında fərman imzalayıb.

Uşaq ombudsmanı təsisatının yaradılmasında məqsəd uşaqların hüquqlarını, azadlıqlarını və qanuni maraqlarını qorumaq, azyaşlılara nəzarəti gücləndirmək və onlar arasında hüquq pozuntularının qarşısını almaqdır. Uşaq hüquqları üzrə müvəkkil öz səlahiyyətlərini dövlət orqanlarından asılı olmayaraq yerinə yetirir, bununla belə, Ali Məclis qarşısında hesabat verir. Ombudsman beş il müddətinə seçilir və namizədliyini Prezident irəli sürür. Müvəkkil Özbəkistanın vilayət və rayonları ilə sıx əlaqədə işləyəcək.



Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Şərq”ə açıqlamasında ayrıca uşaq ombudsmanı təsisatının yaradılmasına ehtiyac görmədiyini bildirib: 

- Hazırda Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində işlək olan model, hesab edirəm ki, daha uyğundur. Uşaq hüquqlarının müdafiəsinin Ombudsman İnstitutundan ayrılaraq əlahiddə fəaliyyət göstərməsi nəyi dəyişəcək? Hazırda Ombudsman İnstitutu ümumilikdə insan hüquqları, o cümlədən də uşaq hüquqlarının müdafiəsi istiqamətində çalışır, bu işlər paralel aparılır. Hesab edirəm ki, ayrıca uşaq ombudsmanı institutunun yaradılması ombudsman təsisatında pərakəndəliyə səbəb olar. 

Lakin K.Ağazadə eyni zamanda uşaq hüquqlarının müdafiəsi işində bir sıra pərakəndəliklərin olduğunu da qeyd edib: 

- Uşaq hüquqlarının müdafiəsində pərakəndəlik hardadır: uşaqların yerləşdirilməsiylə bağlı. Uşaq sığınacaqlarının bir hissəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdindədir, bir hissəsi isə - internat və uşaq evləri timsalında Təhsil Nazirliyinin. Həmçinin, övldalığa verilmə məsələsinə “DOST” Mərkəzi baxır. Qiymətləndirməni “DOST” aparır, valideynini itirmiş, valideyn himayəsindən məhrum uşaqlar haqqında məlumat bazası “DOST”dadır, ancaq uşaqlar övladlığa veriləndə yenə də uşaqlar internatlar və ya uşaq evlərindən götürülür. İcra hakimiyyətləri yanında qəyyumluq şöbələri var. Sosial xidmətlər agentliyi də fəaliyyət göstərir. Ancaq bütün bu pərakəndəlik ayrıca uşaq ombudsmanının olmasını gərəkdirmir. Bizə lazımdır ki, ya ombudsmanın səlahiyyətləri artırılsın, ya icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyaların, ya da Sosial Xidmətlər Agentliyinin. Yəni bir iş üçün 2-3 quruma deyil, bir quruma müraciət edilsin, uşaqların hüquqlarının müdafiəsi bir əldə - bir orqanda cəmləşsin. Bunun da ən uyğun gələni hazırkı Ombudsman İnstitutudur.  İkinci ombudsmanın yaradılmasındansa, uşaq hüquqlarının müdafiəsi gücləndirilməlidir.