Heç kim şəhid ailəsinə, qazilərə minnət qoymamalıdır


Qanunvericilik elə dəqiqliklə işlənməlidir ki, xırda nüanslar yaddan çıxmasın

Şəhid və qazi ailələrinə sosial qayğı hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olub. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri müzakirə edərkən deyib. 

M.Quliyev bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərə sosial dəstək məqsədilə 17 qanuna əlavə və dəyişiklik edilib. O, 30 min bu kateqoriyadan olan şəxsin qayğı ilə əhatə olunduğunu vurğulayıb: "1293 yaralı hərbiçi ziyarət edilib, onların zəruri ehtiyacları öyrənilib, 1200 müharibə əlili 8830 reabilitasiya vasitələri ilə təmin edilib. Bu qanun layihələri də bu siyasətin davamıdır. Hazırda qanuna edilən dəyişiklik ötən sessiyada “Məşğulluq haqqında” qanuna edilmiş dəyişikliyə uyğunluq xarakteri daşıyır və şəhid ailələrinin və qazilərin işlə təmin olunmasında onlara üstünlük verilməsini nəzərdə tutur".

Şəhid və qazi ailələrinə sosial qayğının önəmindən söhbət açan Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri Asəf Quliyev "Şərq"ə açıqlamasında vurğulayıb ki, hər kəs şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına və müharibə iştirakçılarına qayğı ilə yanaşmalıdır. O qeyd edib ki, ümumiyyətlə, bu, qanunvericilikdə təsbit olunmalıdır:

 "Düzdür, Azərbaycan qanunvericiliyində müəyyən  dərəcədə təsbit olunub. Amma bilirsiz, elə şeylər var ki, o sırf mənəvi, psixoloji  amillərlə bağlıdır. Bunu ilk növbədə elə etmək lazımdır ki, şəhid ailəsi özünü kiməsə borclu hesab eləməsin və kiminsə qarşısında kimsə ona bunu minnətlə eləməsin. Yəni qanunvericilik elə tənzimlənməlidir ki, bu kimi hallar olmasın. Qanunvericilikdə sözsüz ki, hələ müəyyən boşluqlar var və onları mütləq doldurmaq lazımdır. Bu yaxınlarda bir şirkət  Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Qəmbərov Mehman Nəriman oğlunun ailəsinə ev hədiyyə elədi. Bu çox gözəldir. Belə deyək ki, çox xoş təsir bağışlayır  ki, insanlarımız belə bir qayğıya möhtac olan insanlara yardım göstərir. Bəli, özəl şirkətlər, fərdi şəxslər müəyyən humanist addımlar atırlar, müəyyən işlər görürlər. Təbii ki, bu, hamımızın borcudur. Amma bu, elə bir formada olmalıdır ki, şəhid ailəsi və qazi özünü heç kimə borclu hesab eləməsin. Çünki o, vətən uğrunda canından keçib, vətən uğrunda hansısa əzasını itirib. Bu kimi şeylər mütləq qanunvericilikdə nəzərə alınmalıdır. Qanunvericilik elə dəqiq işlənməlidir ki, xırda nüanslar belə yaddan çıxmamalı və heç bir boşluq olmamalıdır". 
A.Quliyev qeyd edib ki, qanunvericiliyin işləməsinə də nəzarət gücləndirilməlidir: "Qazilərimiz və şəhid ailələrimiz niyə hansısa məmurun qapısına getməli, onun qəbuluna düşməlidir ki, problemini həll eləsin. Qanunvericilik bunları tənzimləməlidir və onun icrasına xüsusilə ciddi nəzarət olunmalıdır. Kimsə bu qanunvericiliyin icrasında boşluğa yol verərsə, icranı ləngidərsə və hansısa səhlənkarlığa yol verərsə, o zaman həmin şəxs elə cəzalanmalıdır ki, başqaları üçün də bu dərs olsun".

Aynurə Pənahqızı