Bozqurdlar İran üçün qorxulu yuxu deməkdir


Ona görə Azərbaycanın Naxçıvana hərbi uçuşlarına qadağa qoyub

İran Azərbaycan tərəfinə rəsmi hərbi kanallar vasitəsilə Naxçıvana daha çox hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoyulduğunu bildirib. APA bu barədə hərbi dairələrdən məlumat əldə edib. Mənbə İranın Azərbaycana qarşı növbəti xəyanətinin Ermənistanın diktəsi ilə həyata keçirildiyini iddia edib. İran nəqliyyat-tranzit məsələlərində Azərbaycan ərazisindən daha çox istifadə edir. 

Bu, əsasən, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilən daşımalarda özünü göstərir. "İranın Azərbaycana növbəti dəfə zərbə vurmaq cəhdi Naxçıvandakı hərbi hissələrin təchizatına bir o qədər də təsir göstərməyəcək. Azərbaycan bu marşrutdan çox az istifadə edir və daha çox digər marşrutlar üzrə daşımalara üstünlük verir" - deyə mənbə bildirib.

Məsələ ilə bağlı "Şərq"ə açıqlama verən  siyasi-analitik Züriyə Qarayeva deyib ki, Tehranın bu addımı atmasının bir neçə səbəbi var: 

"Əvvəla bu, son günlər yaranan gərginliklə birbaşa bağlıdı. İran istəmir ki, dövlətlər arasında gərginlik daha da artsın. Təlimlər zamanı yaranan provokasiyalar da əbəs deyildi. Hərçənd Tehran bunu anlaşılmazlıq adlandırsa da bir neçə nəfərin yaralanması, hərbi vertolyotun atəşə tutulması açıq-aşkar provokasiya idi. Artıq İran vəziyyəti anladı. Bir tərəfdən də İran öz nüfuzunu qorumaq üçün bu addımları atır. İslam respublikası regionda bloklaşmanın şahididir: Rusiya-Ermənistan; Azərbaycan-Türkiyə. İran bölgədə tək qala bilər. Ona görə də Tehran hərbi uçuşları dayandırdı ki, Azərbaycana göstərsin ki, mən bitərəfəm, heç kimi yaxın buraxmıram. Digər tərəfdən Ermənistan və Rusiya blokuna göstərmək istəyir ki, mən Türkiyə və Azərbaycan tərəfindən təklənmişəm. Cənubi Azərbaycan faktoru da önəmlidi təbii ki. Bu, kiçik məsələ deyil ki, təlimdə hərbiçi bozqurd işarəsi göstərir. Bu, açıq mesajdı İrana. Bozqurdlar  İran üçün qorxulu yuxu deməkdi. Ona görə də hesab edirəm ki, bu səbəblərdən dolayı İran hərbi uçuşları təxirə salıb".