Sülhün ilk əlamətləri göründü

Azərbaycan və Ermənistan bir-birinə hava məkanını açdı

Yaxın vaxtlarda Ermənistan Azərbaycanla delimitasiya və demarkasiya işlərinə başlamağı planlaşdırır

“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) dünəndən etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysləri Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməklə yerinə yetirməyə başladığını elan edib. Bu artıq Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı sayıla bilər. Bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir, bu isə bütün sərhəd dövlətlərin maraqlarına cavab verir. 

Nəzərə almaq lazımdır ki, bu, birtərəfli addım deyil. Ermənistanla Azərbaycan arasında müharibə bitdiyindən regional aviasiya təhlükəsizliyi qaydaları da təbii olaraq dəyişib. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) qaydalarına əsasən, regionun hava məkanı və bütün hava dəhlizləri artıq uçuşlar üçün açıqdır. Odur ki, Azərbaycan beynəlxalq konvensiyalara uyğun olaraq Zəngəzur dəhlizinin üzərindəki hava məkanından istifadə edərək uçuşlar yerinə yetirməyə başlayıb. Bu məsələdə həm Azərbaycan, həm də Ermənistanın müvafiq öhdəliyi var. Söhbət ondan gedir ki, Azərbaycan Ermənistan hava məkanı ilə uçuşlar icra etdiyi kimi, eyni şəkildə Ermənistan mülki təyyarələri də Azərbaycan hava məkanından keçən dəhlizlərdən istifadə edə bilər. Yəni bu proses birtərəfli qaydaya yerinə yetirilmir, həm Azərbaycanın, həm də Ermənistanın regionda yeni reallıqlardan faydalanmaq imkanı yaranıb. Tərəflərin bu imkandan istifadə etməsi həm regional təhlükəsizliyə, həm münasibətlərin normallaşmasına töhfə verir, həm də bunun iqtisadi dividendləri var. Bir faktı vurğulamaq yerinə düşər ki, Bakı-Naxçıvan-Bakı reysinin marşrutunun dəyişərək, Ermənistan üzərindən yerinə yetirilməsi uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının azalmasına gətirib çıxaracaq. Ermənistan mülki aviasiyasının da eyni qaydada Azərbaycan hava məkanından keçən dəhlizlərdən istifadə etməsi bu ölkə üçün daha əlverişlidir. Son baş verənlər eyni zamanda regionda kommunikasiyaların açılmasının növbəti nümunəsidir. Ermənistan bununla tranzit ölkəyə çevrilir. Başqa bir maraqlı məqam odur ki, belə olan halda Azərbaycanın uçuşlar üçün İranın hava məkanından istifadə etməsinə ehtiyac qalmır.

Mövzu ilə bağlı siyasi-şərhçi Turab Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, bu çox müsbət haldır.  Analitik qeyd edib ki, əslində bu, Azərbaycanla Ermənistan münasibətlərinin normallaşmasının ilk əlamətidir:

 "Biz nəzərə alsaq ki, İranın Azərbaycana hərbi yüklərin daşınmasını qadağan etdiyi bir zamanda Azərbaycan və Ermənistan da bir-birinə hava məkanını açdı. Bu da Azərbaycan-Ermənistan-Rusiya-Türkiyə dördlük formatının yaxın gələcəkdə uğurlu şəkildə həyata keçirilməsinin bir əlamətidir. Nəzərə alsaq ki, İranın hava sərhədlərimizi bağladığı bir vaxtda Ermənistanın belə jest etməsi Azərbaycan təyyarələrini öz ərazisindən Naxçıvana buraxması, əslində yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında digər kommunikasiyaların da açılmasını göstərir. Bu da iqtisadi fəaliyyətin bərpa edilməsi, iqtisadi yaxınlaşmanın baş verməsinə səbəb olacaq. Və ən nəhayətində Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinə doğru birgə yolun alınmasına gətirib çıxaracaq. Regional inkişafda Ermənistanın həm Azərbaycanla, həm də Türkiyəylə müniasbətlərin normallaşdırılması, sərhədlərin açılması, kommunikasiyaların açılması iqtisadi həllərin bərpa edilməsi istiqamətində bir yoldur. Yəni bunun fonunda artıq düşünürəm ki, sülh və ədalət eyni vaxtda bərabərlik, qonşuluq və dostluq münasibətləri inkişaf edə bilər. Gəlin açıq şəkildə etiraf edək ki, son vaxtlar Paşinyanın çıxışları da bunu deyir. Məsələn, Paşinyanın çıxışı da diqqət çəkir: "Şuşa  sizə lazım idisə, niyə 30 ildə o şəhərdə bir bina tikmədiniz? Çünki siz bilirdiniz ki, Şuşanı qaytaracaqsız".  Paşinyanın Azərbaycan torpaqlarını qaytarmaqda Köçəryan və Sarkisyanı ittiham etməyi onu göstərir ki, Paşinyanın özü də artıq bu münaqişənin səbəbi olaraq keçmiş cinayətkar Qarabağ klanını görür".

T.Rzayev deyib ki, yaxın vaxtlarda Ermənistan Azərbaycanla delimitasiya və demarkasiya işlərinə başlamağı planlaşdırır: 

"Hətta bununla da bağlı Paşinyan açıqlama verib. Təbii ki, bütün bunlar regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa aparan yolda müsbət bir addımdır".