Şuşa Bəyannaməsi təkan oldu

Türkiyənin Azərbaycandakı hərbi attaşesinin fəaliyyəti genişlənir


Dünən Türkiyə Respublikasının Azərbaycan Respublikasına yeni təyin edilən hərbi attaşesi, general-mayor Zəkəriyyə Yalçın Müdafiə naziri, general-polkovnik Zakir Həsənova  təqdim olunub.

Müdafiə naziri yeni təyin olunan hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edib və  ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində fəaliyyətində ona uğurlar arzulayıb.

Ölkəmizdə hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən general-mayor Z.Yalçın Azərbaycan-Türkiyə əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq, dostluq üzərində qurulduğu vurğulanıb. Bildirilib ki, bu əlaqələr yüksələn xətt üzrə inkişaf edir.

Tərəflər, həmçinin regiondakı hərbi-siyasi vəziyyəti, hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Müdafiə naziri ilə türkiyəli generalın görüşünü “Şərq”ə şərh edən hərbi ekspert Ramil Məmmədli vurğulayıb ki, iki ölkə arasında 1994-cü ildən rəsmən hərbi əməkdaşlıq var:

 “O zaman strateji əməkdaşlığa dair müqavilə imzalandı. Razılaşmanın şərtlərindən biri də hərbi-texniki əməkdaşlıqla bağlı idi. Ötən dörd il ərzində  bu əməkdaşlığın miqyası böyüdü. Şuşa sazişindən sonra tərəflər arasında əməkdaşlıq yüksək pilləyə qalxdı. Belə olduğu halda hər iki ölkənin orduları daha çox əməkdaşlıq etdilər. 

Artıq ordularımızın faktiki olaraq birgə fəaliyyəti zərurətə çevrilib. Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi genişləndirilib.  Adətən bir ölkənin nümayəndəliyində maksimum iki, ya da üç nümayəndə olur. Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı təmsilçisi artıq nümayəndəlik səviyyəsindədir. 

Bu həm də regionun təhlükəsizliyinin təmin olunması, sülhün bərqərarı, həmçinin Azərbaycan Ordusunun güclü inkişafı, iki ölkə arasındakı  əməkdaşlığın dərinləşməsi baxımından böyük əhəmiyyət kəsb edir. 

Hesab edirəm ki, Türkiyənin Azərbaycandakı Hərbi attaşesi əməkdaşlığa öz töhfəsini verəcək və əlaqələrimiz daha da inkişaf edəcək, birgə təlimlərin sayı və miqyası genişlənəcək”.