“Mina xəritəsi və diversantların qaytarılması həll oluna bilər" – ŞƏRH 

"Əgər Ermənistan bütün ərazilərin mina xəritələrini təhvil verməyə hazırdırsa, o zaman Azərbaycan da  qarşılıqlı addım atacaq". 
Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, yaxın günlərdə mina xəritəsi və diversantların geri qaytarılması məsələsi də həll oluna bilər: 

"İlk olaraq qeyd edim ki, Paşinyan bu günlərdə açıqlamasında Azərbaycana mina xəritələrini təhvil verməyə hazır olduğunu dedi. Amma bir şərti də xatırlatdı ki, Azərbaycan əlində olan bütün erməni “əsir”lərini geri qaytarmalıdır. Düzdür, biz onları diversant adlandırırıq. Onu da qeyd edm ki, indiyədək Ermənistanın verdiyi mina xəritələri reallığı əks etdirmir. Hətta bunu cənab İlham Əliyev də çıxışlarının birində vurğuladı ki, mina xəritələrinin cəmi 25 faizi həqiqətə uyğundur. Düşünürəm ki, Ermənistan düzgün addım atacağı təqdirdə, Azərbaycan da buna qarşılıq verəcək və diversantların bir hissəsini Ermənistana təhvil verəcək. Çox güman ki, dünən Moskvada Putinlə Paşinyan arasında baş tutan görüşdə də bu istiqamətdə müzakirələr olub. Azərbaycan prezidentinin də yaxın günlərdə Moskvaya gedəcəyi gözlənilir. Yaxın aylarda İlham Əliyevlə Paşinyan arasında da ikitərəfli görüş keçirilə bilər. Fikrmcə, bu görüşdə mina xəritəsi və diversantların geri qaytarılması ilə bağlı məsələlər həll oluna bilər".