Hər gün bir dezinformasiya hazırlayırlar

İran qardaşlaşdığı Ermənistandan elə də çox fərqlənmir

Azərbaycan Respublikası Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə telefon danışığı baş tutub. Nazirlər iki ölkə arasındakı münasibətlərin cari vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər, son zamanlar müşahidə olunan, ölkələrimiz arasındakı dostluq münasibətlərinin səviyyəsinə uyğun olmayan ritorikanın zərərli olduğunu və bütün fikir ayrılıqlarının dialoq vasitəsilə həll edilməsinin vacibliyini qeyd ediblər. 

Nazirlər, ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmətin hər zaman rəhbər tutulmasının vacibliyini vurğulayıblar. Azərbaycan Respublikası vasitəsilə tranzit daşımalarına dair sualların aidiyyəti dövlət qurumları arasında birbaşa təmaslar vasitəsilə müzakirə edilməsi qənaətinə gəlinib. Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Millət vəkili, siyasi-şərhçi Sahib Alıyev "Şərq"ə açıqlamasında deyib ki, İranın yeni xarici işlər naziri Moskva səfəri zamanı Azərbaycanla bağlı səsləndirdiyi fikirlər, orada sərgilədiyi davranışla təmsil etdiyi dövlətin oturuşmuşluğuna və qədimliyinə heç cür uyuşmayan biri olduğunu ortaya qoymuşdu.

 Amma Əmir Abdullahianın Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramova zəng etməmişdən öncə və sonra özünün, eyni zamanda da başında durduğu qurumun yaydığı dezinformasiyadan sonra belə bir təəssürat yaranır ki, deyəsən, İran qardaşlaşdığı Ermənistandan elə də çox fərqlənmir və onun kimi “failed state”cəsinə davranır: "Baxın, deməli, İranın xarici işlər naziri oktyabrın 11-də Livanın Əl-Manar kanalına verdiyi açıqlamada onların tələbi qarşılığında Azərbaycan rəhbərliyinin bizim ölkədəki “terrorçuların və sionistlərin” buradan çıxarılacağı öhdəliyi götürdüyünü demişdi. Demişdi və cavabını da almışdı. Azərbaycanın Xarici İşlər Nazirliyi onun söylədiklərini “qətiyyətlə rədd” etmişdi. Təkzibdən bir gün keçməmiş həmin cənab xarici işlər nazirimizə zəng edib dostluq və qonşuluqdan, eyni zamanda da qarşılıqlı səfərlərdən dəm vurmaqla görüntü yaratmağa çalışdı ki, guya artıq tələbləri yerinə yetiriləndən sonra belə bir addım atıb. Yoxsa o boyda İran geriyə çəkilmək təsiri bağışlayan hərəkət etməzdi. İki xarici işlər nazirinin telefon danışığı başa çatar-çatmaz isə İran tərəfi daha bir dezinformasiya buraxdı ki, Azərbaycan onların iki sürücüsünü həbsdən açıb buraxıb. Xatırladaq ki, burada söhbət Qarabağa qanunsuz yük daşıyan sürücülərdən gedir.  Niyə məhz o iki nəfərin tutulub saxlanması mənim özüm üçün də xeyli düşündürücüdür. Belə fikirləşirəm ki, o sürücülər digər iranlılar kimi Azərbaycandan izinsiz Xankəndinə sadəcə qanunsuz yanacaq, yaxud da oradakıların ehtiyaclarının ödənməsinə yönəlmiş ərzaq və sair daşımayıblar. Başqa qaranlıq işlərdə də yer alıblar. Ola bilsin, bununla bağlı dəqiq bilgilər veriləcək. İndi maraqlı orasıdır ki, İran bu dezinformasiyanı kimin üçün buraxır? Bütün dünya bilir ki, burada terrorçuların olması və sionistlərin at oynatması haqda İranın iddialarının tam əsassızdır".

S.Alıyev əlavə edib ki, Cəbrayıla səfəri zamanı bunun uydurma olduğunu deyən Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibəsində də bir daha oxşar fikirlər səsləndirdi: 

"Elə isə sözügedən dezinformasiyalar, İranın hava məkanının Naxçıvana daşınan bütün yüklər üçün açıq olması, Azərbaycanın özünün bunu istəməməsi kimi digər yalanlar nə üçündür? Bununla Yaxın Şərqdəki proksi və tərəfdarlarına, eyni zamanda da bizim İrandakı soydaşlarımıza özlərinin olmayan böyüklüyünümü göstərirlər?  Bilirsiniz, 19, hətta 20-ci əsr olsaydı, bəlkə də, bu cür dezinformasiylar arzulanan effekti yaradardı. Amma indi istənilən bir informasiyanı dəqiqləşdirmək elə də çox vaxt tələb etmir və bu, demək olar ki, oxuyub-yazmağı bilən hamı üçün əlçatandır. Oxuyub-yazmağı bilməyənlərlə işləməklə isə elə də uzağa getmək olmur. Gedib Ermənistanda dirənib qalırsan!".