Azərbaycanda milli islam modeli formalaşmalıdır

Olmasa, o boşluğu irançılar doldurmağa davam edəcək

"Ölkəmizdə din siyasəti konsepsiyası yaradılması vacibdir. Hətta deyərdim ki, gecikib". Bu fikirləri "Şərq"ə açıqlamasında ilahiyyatçı Tural İrfan deyib. O, bu mövzuda ilahiyyatçı-alim, millət vəkili Ceyhun Məmmədovun parlamentdə səsləndirdiyi fikirləri dəstəklədiyini deyib: "Bu gün ölkədə çoxsaylı İranmeyilli dindarların yaranmasının bir səbəbi də bizdə milli islam modelinin formalaşmamasıdır. Məsələn, qardaş Türkiyədə normal islam modeli var. 
Demək olar ki, bütün müsəlman ölkələrinin özlərinə məxsus modelləri var. Amma Azərbaycanda bunun tarixi kökləri olsa da hazırda bu görünmür. Odur ki, bu boşluğu irançılar doldurub. Fərqli, çoxsaylı məzhəblər, dini cərəyanlar olması təbiidir və bu, dini tolerantlıq nümunəsidir. Ancaq bir-birinə qarşı düşmən mövqedə duran, xarici dövlətlərin siyasi maraqlarını din pərdəsi altında təbliğ edənlərin kökünü kəsmək üçün özümüzün milli-mənəvi dəyərlərimizə, ənənəvi inancımıza, xalqımızın ruhuna uyğun, elmə, mədəniyyətə, vəhdətə əsaslanan, islamın əsl rayihəsindən kök alan milli islam modeli formalaşmalıdır. Bunun üçün xarici dövlətlərin ali dini rəhbərlərinə, şeyxlərinə, müctəhidlərinə tabe olan, təqlid edən, beyət edən inananlar maariflənməlidir. Bu maarifləndirmə işini də, məsələn, yerli dini təhsil almış Bakı İslam Universitetinin məzunlarına həvalə etmək olar. Çünki bu təhsil ocağında təhsil alan şəxslərin bir qismi ola bilsin dini elmləri müəyyən qədər zəif mənimsəyə bilərlər. Amma əksəriyyəti milli, dövlətli ruhda təhsil alanlardır. Və bu gün ölkədə milli islam modelinə qarşı xarici qüvvələrdən bəşər tapan gizli əllər bu universitetin bütün məzunlarının diplomunun tanınmaması haqda qərar qəbul etməyə nail olublar. Hətta dövlətin Təhsil Nazirliyi belə bu qüvvələrin təsiri altındadır və məhkəmələr də diplomları tanımaqdan çəkinir. Demək, hələ də xarici qüvvələr ölkədə öz maraqları naminə milli-dini təhsil alanların məscidlərdə yerləşməsinə, fəaliyyət göstərməsinə imkan verməmə gücündədirlər. Və öz kadrlarını məscidlərdə yerləşdiriblər".
T.İrfan hesab edir ki, ölkədə çox ciddi şəkildə din sahəsində islahatlara böyük ehtiyac var.