ELin NURu azalır

Koronavirus artıq 14 jurnalistimizin həyatını yarımçıq qoyub

Koronavirus gənc, qoca demədən bir çox insanın həyatına son qoydu. Bu virusdan ölənlər arasında media təmsilçiləri də var. Hesablamalara görə, pandemiya başlayandan bu günə qədər Azərbaycanda 300-dən jurnalist COVİD-19-a yoluxub. Onlardan 14 nəfəri həyatını itirib. Koronavirusun növbəti qurbanlarından biri də Elnur Əşrəfoğlu oldu. 

Çox təəssüf ki, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmadı. Mərhum Saray qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində E.Əşrəfoğlunun ailə üzvləri, yaxınları, Cüdo Federasiyasının rəsmiləri, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak edib. Qeyd edək ki, 47 yaşlı jurnalist sentyabrın əvvəllərində koronavirusa yoluxmuşdu, "Yeni Klinika"da müalicə alırdı. E.Əşrəfoğlunun axırıncı iş yeri Azərbaycan Cüdo Federasiyası olub. O, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini, eyni zamanda, idman qurumunun mətbuat xidmətinin rəhbəri olub. Jurnalist həmkarları öz kədərlərini sosial media şəbəkəsində bölüşüblər. Onlardan bir neçəsini təqdim edirik:

Jurnalist Nurlan İbrahimov: "90-ların dəyişməz adamıydı Elnur Əşrəfoğlu... Uşaqlığımızın, yeniyetməliyimizin televiziya-idman səsi idi... Spesifik səs tembrinə bir kərə qulaq verənlərin əbədi həkk olunmuşdu yaddaşının çalarlarına..
... Elə mən də uzun illər sonra uşaqlığımla harmoniya daşıyan Elnur Əşrəfoğluyla həmkar olanda o gümrah, şirin səsinin verdiyi istiqanlılığına sığınmışdım. Daha doğrusu, Elnur verdi bunu mənə. Sadəliyi, hər kəsə açıq olmasıyla, böyüklə böyük, kiçiklə kiçik nəhəngliyi ilə Elnur Əşrəfoğlu idi..
... Onunla tanışlığımı vərəqləyirəm. Az, amma öz xatirələri yəqin özü kimi unudulmayacaq..
... Çox gəncdim, gəncliyin dəliqanlılığıyla üsyan edirdim, o isə bir dəfə də olsun əks reaksiya vermirdi. Deyirdi ki, gəncsən, belə şeylərə fikir vermə, istəsən belə düzəldə bilməyəcəksən. Çalış, özünü yükləmə, yoxsa ağır olacaq sənə deyirdi..
... Dediyini edirdi də. Başına gələnləri, kimlərinsə ayağının altını qazmasını gülərək, o qədər rahat danışırdı ki) Eh, Elnur, eh..
... Cəmi 1 dəfə aramızda ənənəvi baməzə üslubunda deyil, ötkəm söhbət olmuşdu. Onda da məlum hadisəylə bağlıydı... "Möhkəm ol, qardaş, yaxşı olacaq!" demişdi.
Amma sən möhkəm ola bilmədin, ustad.. Xəstəliyindən gec xəbər tutmuşdum, maraqlana bilməmişdim. Mesaj yazdım ki, tez sağal və məni vicdan əzabında buraxma... Amma olmadı, son zarafatını edib bizi tərk etdin..
... Doğum günümdə mənə "sən yaxşı qardaşsan, həmişə var ol" yazmışdın. Uşaqlığımdan böyüyüb həmkarıma gedən yolda səndən bunu duymaq bəlkə də indi sənli xatirələrdə bir kövrək təsəllidi.. 
Amma, təsəlliyə sığmayan, dəyişməyəcək bir şey var.. Sən həmişə var olacaqsan, Sənətkar...".

Jurnalist Anar Şabanoğlu: "Uşaqkən səbirsizliklə gözlədiyim, idmanı və futbolu mənə sevdirən əsas verilişlərdən "Sport Daycest"in aparıcı siması... Bütün media turnirlərinin dəyişməz bombardiri..."Azərreyl" müstəqil Azərbaycan üçün ilk dəfə avrokubok qazanan komanda olanda finalda həlledici məqamda şərhdə göz yaşlarını saxlaya bilməməsi... Cüdo Federasiyasındakı mötəbər vəzifəsinə baxmayaraq İctimai TV-nin təklifinə imtina etməməsi və 4 oyunu Azərbaycanda keçirilən futbol üzrə ilk Avropa çempionatında şərhçiliyə dönüşü... Məclisləri rahatlıqla ələ alması və hamının damarını tutması... Ona "Tarixi "Neftçi"-"Lokomotiv" oyununun videokadrları AZTV-nin arxivində qalmasa da, səndə qalar" deməyim... Və bir-iki foto...
...Onunla bağlı xatirələrim bəlkə çox zəngin olmasa da, Elnur Əşrəfoğlu müstəqil Azərbaycanın idman jurnalistikasında, telejurnalistikasında möhürünü vurmuş və yeri hər zaman görünəcək isimlərdən idi". 
Jurnalist Fərid Azəri: "Anar Məmmədxanov vəfat edəndə Mirşahin yazmışdı ki, "Bu dünyadan bir ANarLIQ gülüş azaldı. Elnur Əşrəfoğlu isə bir ELin NURunu apardı...".

Jurnalist İbrahim Nəbioğlu: "2003-cü ilin avqust ayının sonları idi. İstanbula yenicə Baş konsul təyin olunmuşdum. Qərargahı İstanbulda olan Türk Silahlı Qüvvələrinin 1-ci Ordu komandanlığına təbrik ziyarətinə gedirdim. Türk Ordusunun önəmli komandanlarından biri, Orgeneral (Ordu generalı) Yaşar Büyükanıt yenicə 1-ci Ordu Komandanı təyin olunmuşdu. Azərbaycan dövləti adından Yaşar Paşanı təbrik ziyarəti üçün Bosforu Avropadan Asiyaya keçirdim. Yolda qardaşım zəng vurdu ki, Elnur İstanbuldadır, sənin nömrəni istədi, mən də verdim dedi. “Yaxşı elədin” dedim, “Zəng eləsin, mütləq görüşəcəm”, - əlavə elədim. “Yox, sən zəng vur, abırlı adamdır axı, birdən narahatlıq vermək istəməz”, - qardaşım israr etdi. Elnur mənim keçmiş iş yoldaşım idi, bir-birimizi çox istəyirdik. Amma qardaşımla daha çox yaxınlıq edirdi. Məndən yaşca kiçik olduğu üçün yəqin…
Elnura zəng vurdum maşından. Sabah İstanbuldan hansısa idman yarışı üçün hansısa ölkəyə uçacağını dedi. “Olduğun yerdə qal, indi maşın gəlib səni tapacaq” söylədim…
1-ci Ordu Komandanlığı İstanbulun Anadolu yaxasında – Asiyadakı tarixi Selimiye Kışlasında yerləşir. Türk Hərb Tarixinin önəmli hadisələrinə səhnə olan bu əfsanəvi məkana ayaq basmaq, oranın havasını tənəffüs etmək hər bir insan üçün əlçatmaz bir xəyaldır. Telefonumu sürücüyə verib Yaşar Paşanın üst mərtəbələrdə yerləşən möhtəşəm otağına çıxdım…
Görüşdən sonra Yaşar Paşa nəzakətlə məni yola salanda yavəri bizə yaxınlaşıb yavaşca nəsə dedi. Fanatik futbol həvəskarı olan Yaşar Büyükanıt mənə tərəf dönüb gülümsəyərək “Sizin önəmli spor spikeriniz kapıdaymış” dedi və əlavə etdi: “Buraları gezdirmişler” (Selimiye Kışlasına girmək normal şərtlərdə nəinki çətindir, mümkün deyil). 
Binadan çıxanda Elnur sevinclə mənə sarılıb: “Dünyanın çox ölkəsində olmuşam, nə belə bir yer görmüşəm, nə də bayraqlı maşına minmişəm”…
Sürücüm Mehmet Elnurun dalınca gedəndə xidməti maşındakı Azərbaycan bayrağını (xaricdəki diplomatik missiyaların başçılarının xidməti maşınlarında sağ tərəfdə təmsil etdiyi ölkənin bayrağı dalğalanır) çıxarmayıb ki, gecikməsin, ehtiyat zolaqdan sürsün avtomobili. Elnur da Selimiyeye gələndə yolboyu polislər ona salam verib, maşına öncəlik tanıyıblar.
Axşam Üsküdarda, Bosforun sahilindəki balıq restoranlarından birində Elnurla gecəyarısına qədər dadı damağımızda qalan bir axşam yeməyi yedik, doyunca söhbət etdik. 
Bu dəqiqə, bu sətirləri yazarkən onun güləş üzü gözümün önündən getmir. 
Çox kədərliyəm. Sarsılmışam".