Birgə hərbi müəssisə yaradılır

Gürcüstan həmişə Türkiyə ilə hərbi əməkdaşlıqda maraqlı görünüb

Türkiyənin “TUSAŞ” şirkətinin nümayəndə heyəti Gürcüstana səfər edib. Şirkətin baş direktoru Temel Kotil və vitse-prezidenti Atilla Doğan Tbilisi Aviasiya Zavoduna baş çəkib. Nümayəndə heyətini Gürcüstan müdafiə nazirinin müavini Zurab Azaraşvili və müəssisənin direktoru Mixeil Oğlişvili müşayiət ediblər. 

Tərəflər Gürcüstan və Türkiyə arasında birgə müəssisənin yaradılması və hərbi-hava sənayesinin inkişafına yönəlmiş gələcək planları müzakirə ediblər. Qeyd edək ki, Tbilisi Aviasiya Zavodunda hərbi təyyarələr müasir standartlara uyğun bərpa, təmir olunur və modernləşdirilir.

Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov "Şərq"ə açıqlamasında Gürcüstanla Türkiyənin hərbi və müdafiə sənayesindəki mütəffiqliyinin dərin tarixi köklərə malik olduğunu deyib. O qeyd edib ki, bunun ən ümdə səbəblərindən biri odur ki, Türkiyə Gürcüstanın ərazi bütövlüyü məsələsində, ümumiyyətlə, Gürcüstanın region maraqlarının təmin olunmasında daim Gürcüstana qarşı açıq və pozitiv münasibət ortaya qoyub:

 "Eyni zamanda, NATO-ya inteqrasiya olunmaq istəyən Gürcüstan öz qonşuluğundakı yeganə NATO üzvü olan ölkə ilə hərbi əməkdaşlığa həmişə maraq göstərib. Bu baxımdan Gürcüstan və Türkiyə arasında, hətta ortaq müəssisələrin yaradılması məsələsi də yeni deyil. 

 Uzun illərdir ki, bu barədə müzakirələr olunub. Həmçinin, Azərbaycan-Türkiyə-Gürcüstan tez-tez müxtəlif hərbi təlimlər keçirirlər, müdafiə nazirləri rəsmilərinin iştirak elədiyi konfranslara qatılırlar. Bu baxımdan Türkiyə və Gürcüstan arasındakı hərbi münasibətlərin daha da dərinləşəcəyini düşünürəm. 

Həmçinin, bu münasibətlər üçtərəfli şəkildə, yəni Azərbaycanın da iştirak eləyəcəyi formada tamam yeni bir məcraya daxil ola bilər".