"Zəngəzur dəhlizinə xüsusi status verilməlidir"

Azər Qasımov: "Çünki Zəngəzur dəhlizi tək dəmir yolu üçün yox, eyni zamanda avtomobil nəqliyyatı və gələcəkdə  Naxçıvana qaz xəttinin çəkilməsi üçün lazımdır"

Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərindən ibarət işçi qrup istismarına başlanılması nəzərdə tutulan dəmir yollarının xəritəsi üzrə konsensusa yaxınlaşa bilib. Bu barədə işçi qrupun Ermənistandan olan üzvü, Baş nazirin müavini Mqer Qriqoryan bildirib. Onun sözlərinə görə, avtomagistralların xəritəsi üzrə məsləhətləşmələr isə hələ davam edir. M.Qriqoryan vurğulayıb ki, avtomobil yolları ilə bağlı hələlik konsensus yoxdur:

"Müxtəlif təkliflər var, lakin hələlik konsensus və ümumi yanaşma əldə olunmayıb. Avtomobil yollarına dair əlimizdə artıq hazır xəritə var deyə bilmərik. Dəmir yoluna gəlincə, daha yaxın yanaşmalar və baxışlar var. Orada suallar aydındır”.

Mövzu ilə bağlı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında bildirib ki, dəmir yolunun açılacağı üzərindəki spekulyasiyalar əslində məsələnin mahiyyətini kiçiltmək cəhdidir:

 "Mqer Qriqoryan açıqlamasında qeyd edib ki, sovet vaxtı bu dəhlizdə ancaq dəmir yolu olub, avtomobil yox. Bu baxımdan da tək dəmir yolundan danışmaqla o, məqsədli şəkildə məsələnin əsas məğzindən yayınmağa çalışır. Çünki Zəngəzur dəhlizi tək dəmir yolu üçün yox, eyni zamanda avtomobil nəqliyyatı və gələcəkdə  Naxçıvana qaz xəttinin çəkilməsi üçün lazımdır. Fikrimcə, Zəngəzur dəhlizinə xüsusi status verilməlidir. Və bu, mütləq yeni müqavilədə qeyd olunmalıdır".