Uyğur türklərinə dəstək! - Türkiyədə MADO-ya qarşı boykot kampaniyası başlayıb

Qardaş Türkiyədə MADO restoranlar şəbəkəsinə qarşı boykot kampaniyası başlayıb. Sosial şəbəkə istifadəçiləri MADO-nu boykota çağırır, vətəndaşlara bu restoranlar şəbəkəsinə ayaq basmamalarını tövsiyə edirlər.

 Nədən? Nə oldu ki, MADO türk vətəndaşları belə incik salıb? “ahaber.com.tr”də yer alan məlumata görə, səbəb MADO-nun sahibi Mehmet Sait Kanburun uyğur türklərinin Çində toplantı keçirməsinə izin verməməsi, bu azmış kimi bir də  “mən bu gün Çində qarnımı doyururamsa, çinliyəm”, ifadəsini işlətməsidir.  

M.S.Kanburun uyğur türklərinə qarşı bu davranışı və sözləri Türkiyədə böyük təpki ilə qarşılanıb. 

Türk vətəndaşlar da sosial media üzərindən MADO-nu boykot qərarı alıblar. M.S.Kanburun uyğur türklərinin toplantısına mane xəbərini toplantının təşkilatçısı dosent doktor Erkin Emet verib:

 “Öyrəndik ki, Mehmet Kanbur Dubaydan telefon açaraq “bizim şöbəmizdə uyğurların toplantısı olmasın, Çindəki işimiz zərər görər” söyləyib”. Deməli, M.Kanbur biznesini uyğur türklərinin haqlarının qorunmasından üstün tutur. 

Bu necə türkdür?! Məhz M.Kanburun telefon zəngindən sonra uyğurların toplantısı ləğv edilib. Onların fəaliyyətinin qarşısı alınıb. 

Məlum olduğu kimi, Bakıda da bir neçə yerdə MADO restoranlar şəbəkəsi fəaliyyət göstərir. Maraqlıdırsa, bildirək ki, MADO adı firmanın qurulduğu şəhərin qədim adı olan Maraşın ilk iki hərfi və dondurma sözünün ilk iki hərfinin birləşməsidir. MADO Türkiyədə 300, dünyanın müxtəlif şəhərlərində də bir çox şöbələri olan dondurma və şirniyyat markasıdır.

 Firma 1850-ci ildə Yaşar Kanbur tərəfindən qurulub. 1991-ci ildən başlayaraq fəaliyyəti genişlənib və restoranlar “zənciri” şəklini alıb.