Brüssel görüşü Kreml üçün risk olaraq qalır

Məhz buna görə Soçidə imzaların atılacağı ehtimalı ön plandadır

"Paşinyanın mərkəzdənqaçma meyilləri, Qərbin prosesə praktiki müdaxilə imkanlarının artması Rusiyanı məcbur edir ki, üçtərəfli bəyanatların icrasında irəliləyişə nail olsun"


Məlum olduğu kimi noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya rəhbəri Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Bu barədə Kreml rəsmən məlumat yayıb. Bildirilib ki, danışıqlar Rusiya dövlət başçısının təşəbbüsü ilə aparılacaq. Üç ölkə liderinin 10 noyabr və 11 yanvar tarixlərində imzalanmış üçtərəfli sazişlərin icrası, o cümlədən regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün gələcək addımların müəyyənləşdirilməsi yönündə müzakirələr aparacağı deyilir. Kremlin mətbuat xidmətinin məlumatına görə, ayrıca Putin-Əliyev və Putin-Paşinyan danışıqları da nəzərdə tutulub. Xatırladaq ki, üç ölkə liderinin mümkün görüşü hələ oktyabr ayında müzakirə edilmişdi. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov demişdi ki, “belə bir razılaşma əldə olunarsa, Kreml bu barədə vaxtında məlumat verəcək”. 

Onu da diqqətə çatdıraq ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyilə bu il dekabrın 15-də Brüsseldə Azərbaycan-Ermənistan rəhbərlərinin görüşü planlaşdırılıb. Həm Azərbaycan, həm də Ermənistan tərəfi həmin görüşə artıq rəsmən razılıq veriblər. Ekspertlərin fikrincə, Soçidə sərhədin delimitasiya və demarkasiyası üçün işçi qrupunun yaradılması barədə sənəd imzalana bilər. Sənəddə ərazi bütövlüyünün tanınması məsələsini də əks etdirən bəndin olması mümkündür. Həmçinin, kommunikasiyaların açılması ilə bağlı Qazax-İncivan və Ermənistan-Azərbaycan-İran yolunun açılması və Zəngəzur dəhlizi barədə bəzi irəliləyişlərin olması gözlənilir. Soçidəki görüşlə bağlı digər bir ehtimal Azərbaycan və Ermənistan arasında gələcəkdə imzalanacaq sülh müqaviləsi ilə bağlı müəyyən mesajların verilməsidir. Tərəflər arasında əsir-mina xəritəsi mübadiləsi haqqında razılaşma əldə olunacağı da istisna edilmir.

Soçi görüşü ilə bağlı fikirlərini “Şərq”lə bölüşən siyasi şərhçi Asif Nərimanlı deyib ki, Rusiyanın Brüssel görüşünə qədər üçtərəfli təmas yaratmaq üçün əlindən gələni edəcəyi bəlli idi. Ekspertin fikrincə, Kremlin məqsədi kommunikasiya və sərhəd məsələsində ilkin razılaşmalarla Avropa İttifaqını “ofsaytda” saxlamaqdır:

 “Böyük ehtimalla Putin və Paşinyan arasında telefon söhbəti Moskvanın təşəbbüsü ilə reallaşmışdı. Rusiya Ermənistanı masaya gətirmək üçün açıq təzyiq edirdi. Soçi görüşü ilə bağlı informasiyada diqqətçəkən məqam Rusiya mediasının “Kremlin təsdiqi”nə istinadən yaymasıdır. Bu, İrəvanda görüşlə bağlı hələ də tərəddüdlərin olduğu və rusların ikinci dəfə səhv etmək istəməmələrindən qaynaqlanır. Peskov noyabrın ilk ongünlüyündə üçtərəfli görüşün olacağını açıqlamışdı. Paşinyanın təkzibindən sonra fikirlərinə korrektə etməyə məcbur oldu. İndi məlumatı Peskov yox, rus mediası Kremlə istinadən yayır. Ermənistan XİN-in dünən xəbəri təkzib etməsi də görüşə qədər proqramın dəyişə biləcəyi ehtimalını gücləndirir. İstisna deyil ki, Peskov tam dəqiqləşdiyi halda açıqlama verəcək. Görüşün əsas gündəliyi nədən ibarətdir? Əsas məqamlar kommunikasiyaların açılması ilə bağlı qrafikin təsdiqlənməsi, sərhədlərin delimitasiya və demarkasiyasına başlamaqla bağlı razılığın olmasıdır. Bu gözləntiləri gücləndirən məqamlar da var. Kreml Soçi görüşündə kommunikasiyanın bərpasına xüsusi diqqət ayrılacağını bildirir. Sərhəddə sonuncu döyüşlər delimitasiya-demarkasiyanın qaçılmaz olduğunu təsdiqlədi. Kommunikasiyanın bərpası üçün də sərhədin müəyyənləşdirilməsi prosesinə ehtiyac var. Paşinyanın müavini, üçtərəfli İşçi Qrupunun üzvü Mqer Qriqoryanın açıqlamaları da sərhəd və kommunikasiyanın bərpası müzakirələrində irəliləyişin olduğu fikrini ortaya çıxarır. Hərçənd, Qriqoryanın açıqlamaları prosesin yekunlaşmadığını deməyə əsas verir və bu, Soçi görüşündə “sənədlər imzalana bilərmi” sualını aktuallaşdırır”. 

A.Nərimanlıya görə, “9 noyabr görüşü” xüsusilə sərhəd məsələsindəki fikir ayrılığına görə baş tutmadı: 

“Rusiya rəsmilərinin “razılaşmalar olan kimi görüş keçiriləcək” açıqlamaları müzakirələrin getdiyini deməyə əsas verirdi. Mümkündür ki, Rusiya görüşü məhz detalların razılaşdırılmasından sonra keçirmək niyyətində idi. Brüssel görüşünün gündəmə gəlməsi isə Moskvanı tələsməyə məcbur etdi. Bu baxımdan, Putinin hansısa sənəd imzalanmasa belə görüş keçirmək istəyi Qərblə yarışda önə çıxmaq gedişi kimi görünə bilər. Lakin Paşinyanın mərkəzdənqaçma meyilləri, Qərbin prosesə praktiki müdaxilə imkanlarının artması Rusiyanı məcbur edir ki, üçtərəfli bəyanatların icrasında irəliləyişə nail olsun. Ən optimal variant məhz kommunikasiyanın açılması qrafikinin təsdiq edilməsidir. Putinin “Valday”da çıxışı zamanı verdiyi mesaj da sərhəd məsələsinin Qərbin müdaxiləsi üçün zəif nöqtə olduğunu təsdiqləyir. Məhz bunlara görə Soçi görüşündə imzaların atılacağı ehtimalı ön plandadır. Konkret sənədlər olmazsa, Brüssel görüşü ruslar üçün risk olaraq qalacaq”.