Taktika dəyişməyib


ABŞ-Rusiya qarşıdurmasının yeni mərhələsi başlayıb

"Qısa müddət sonra savaş faktorları mütləq hansısa başqa bölgədə müşahidə edilməyə başlayacaq"

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu çinli həmkarı Vey Fenqe ilə görüşdə Amerikanın yaratdığı təhlükələrdən danışıb. Nazir bildirib ki, Amerikanın hərbi hava qüvvələrinin strateji bombardmançı aviasiyası Rusiyanın şərqində, dövlət sərhədinin bilavasitə yaxınlığında əhəmiyyətli dərəcədə fəallaşıb. Artıq pilotlar raket zərbələri endirmə taktikasını tətbiq edirlər: “Rusiyanın şərq sərhədləri yaxınlığında uçuşların sayında əhəmiyyətli artımı qeyd edirik. Təkcə 2020-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin strateji aviasiyası Oxot dənizi üzərində 22 uçuş həyata keçirib, halbuki, 2019-cu ildə bu uçuşların sayı 3 olub.

Bütün hallarda hava hücumundan müdafiəmiz Amerikanın strateji bombardmançılarının vaxtında aşkar edilməsi, davamlı monitorinqin qurulması və insidentlərin qarşısının alınması üçün tədbirlər həyata keçirir”. Xatırladaq ki, ötən gün Rusiya Baş Qərargahının rəisi, general Valeri Gerasimov və ABŞ Qərargah Rəisləri Birləşmiş Komitəsinin rəhbəri, general Mark Mili arasında telefon söhbəti olub. 

Telefon danışığı Rusiyanın Ukrayna sərhədləri yaxınlığında hərəkətlərindən Qərbin narahatlığının ən yüksək həddə çatdığı bir vaxtda baş verib. Kiyev və Qərb ölkələri Rusiyanın Ukrayna sərhədləri yaxınlığında qoşun və hərbi texnika cəmləşdirməsi ilə bağlı həyəcan təbili çalıblar. Ukrayana hərbi kəşfiyyatının noyabrın 21-də verdiyi məlumata görə, sərhəd yaxınlığında Rusiyanın cəmləşdirdiyi hərbçilərin sayı 92 minə çatıb. Kreml isə bu barədə iddiaları “əsassız” adlandırıb. Qeyd edək ki, bir neçə gün əvvəl Prezident V.Putin ABŞ və Rusiyanın mövqelərinin bəzən köklü şəkildə haçalandığını desə də, Rusiya dialoqa hazır olduğunu söyləmişdi: “Bəzi ikitərəfli və çoxtərəfli məsələlərdə bizim maraqlar, qiymətləndirmələr, mövqelər bəzən həqiqətən də köklü şəkildə haçalanır, bu, hamıya yaxşı məlumdur. Lakin mən yenə də qeyd etmək istəyirəm ki, kontaktlara, fikir mübadiləsinə və konstruktiv dialoqa hazırıq”. Putin ABŞ Prezidenti Co Baydenlə görüşün dialoq üçün imkanlar açdığını da bildirib: “Baydenlə Cenevrədə keçirilən sammit ABŞ və Rusiya arasında dialoq və münasibətlərin düzəlməsi üçün imkanlar açıb və artıq bəzi işlər görülür. Ən vacibi hər iki tərəfin əldə olunmuş razılaşmanı ardıcıl şəkildə inkişaf etdirməsidir”. 

ABŞ-Rusiya gərginliyi ilə bağlı “Şərq”ə danışan politoloq Elçin Xalidbəyli deyib ki, tərəflərin qarşıdurması yeni dünya düzənində daha üstün mövqelər qazanmaq uğrunda mübarizənin tərkib hissəsidir. Analitikə görə, bu, yeni başlamış rəqabət və ya mübarizə prosesi deyil: 

“ABŞ və Rusiya arasında həmişə beynəlxalq siyasət məkanında qarşıdurma və ziddiyyətlər mövcud olub. Ancaq hazırda baş verənlər qarşıdurmanın yeni mərhələsidir. Belə ki, son illərdə Amerika beynəlxalq mövqelərini itirmişdi, Ağ Evin dünya jandarmı imici ciddi şəkildə zərər görmüşdü. Ona görə də Prezident Co Bayden hakimiyyətə gəlişi ərəfəsində ölkəsinin beynəlxalq mövqelərini mütləq geri qaytaracağını vəd etmişdi. O hətta bəyan etmişdi ki, ABŞ-ın beynəlxalq siyasət məkanına dönüşünün vaxtı çatıb və dünyada hər kəs buna hazır olmalıdır. Təbii ki, Prezident Co Bayden fəaliyyətə başladığı andan öz vədlərinin yerinə yetirilməsinə cəhd göstərməyə çalışdı. Nəticədə ABŞ-Rusiya qarşıdurmasının yeni mərhələsinin əsasını qoymuş oldu. Bu ilin ilk yarısında Ukrayna üzərindən Kremlə qarşı hərbi-siyasi təzyiqlərin başladılması da məhz Bayden administrasiyasının olduqca qərarlı olduğunu göstərirdi. Ağ Ev hətta NATO-nu da Rusiyanın qarşısına çıxartmağa nail olmuşdu. Ancaq o vaxt Bayden administrasiyasının Rusiyaya qarşı hərbi-siyasi təzyiq kampaniyası iflasa uğradı. ABŞ və NATO Ukrayna ətrafında canlı qüvvə və hərbi texnika cəmləşdirsə də, Rusiya geri çəkilmədi. Əksinə, Kreml Rusiyanın hərbi potensialını Ukrayna sərhədləri ətrafına daşıdı. Amerika və hərbi alyansla silahlı toqquşmadan çəkinmədiyini göstərdi. Nəticədə Rusiya ilə hərbi təmasa cəsarət edilmədi və böyük sürətlə geri çəkildilər. Bununla da ABŞ Rusiya qarşısında tarixi və təmassız hərbi məğlubiyyət yaşadı. Siyasi-psixoloji üstünlük Rusiyanın tərəfinə keçmiş oldu”. 

E.Xalidbəyli vurğulayıb ki, Amerika acı siyasi-psixoloji məğlubiyyətlə barışmaq istəmir: 

“Ağ Ev Rusiyanı ABŞ və NATO qüvvələr qarşısında aciz duruma salmağın yollarını axtarır. Əslində, Ağ Evin taktikası da dəyişməyib. Bu dəfə də Rusiyanın üzərində eyni coğrafi və hərbi faktorlara dayanaraq, təzyiq dalğası yaratmağa çalışır. Yenə də Ukraynanı qabağa verməyə, Rusiya ilə silahlı toqquşmaya sövq etməyə çalışırlar. Ancaq rəsmi Kiyev artıq ABŞ və NATO-ya əvvəlki kimi güvənmir. Çünki bundan öncə Ukraynanı Rusiya ilə qarşı-qarşıya gətirib, sonra heç nə olmamış kimi “qaçdıqlarını” hələ unutmayıblar. Məsələ ondadır ki, rəsmi Kiyev Ukraynanın Rusiya ilə hərbi münaqişəyə girəcəyi təqdirdə, ABŞ və NATO-nun yenə də qaçmayacağına, onu tək buraxmayacağına tam əmin deyil. Hətta Kiyev vurğulayır ki, Qərb Ukraynaya hərbi texnika yardımı göstərir, ancaq birbaşa, eyni səngərdə dəstək verməyə həvəsli deyil. Böyük ehtimalla Amerika və NATO-nun hərbi qüvvələrinin bu dəfə Qara dəniz hövzəsinə cəmləşdirilməsi də Ukraynanı Rusiya ilə silahlı qarşıdurmaya cəsarətləndirmək məqsədi güdür. ABŞ hərbi təyyarələrinin Rusiya sərhədləri ətrafında təhdidkar savaş manevrlər etməsi də Kremlin əsəblərini tarıma çəkmək, Kremli səhvə sövq etmək niyyəti daşıyır”. 
Siyasi icmalçıya görə, bu qarşıdurma uzun müddət davam edəcək: “Ağ Ev hətta Rusiyanın siyasi tərəfdaşlarını da neytrallaşdırmağa, hətta Kremllə qarşıdurmaya çəkməyin yollarını axtarır. Buna misal olaraq, Rusiya ilə yaxın münasibətləri olan Türkiyəni Kremlə qarşı qoymaq cəhdlərini göstərmək olar. 

Belə ki, Ağ Ev rəsmi Ankaraya Suriyada bəzi hərbi-strateji güzəştlər təklif edir. Bunun əvəzindəsə, Türkiyənin Qara dəniz hövzəsində Rusiyaya qarşı hərbi-siyasi kampaniyada ABŞ və NATO-nun yanında yer almasını istəyir. Rəsmi Ankara isə ABŞ-ın Rusiya əleyhinə planlarında yer almağa qətiyyən həvəsli deyil. Bütün bunlar onu göstərir ki, ABŞ-Rusiya qarşıdurması yaxın gələcəkdə sona çatmayacaq. Ola bilsin ki, hansısa bölgədə qarşıdurma faktorları arxa plana keçiriləcək. 

Ancaq qısa müddət sonra savaş faktorları mütləq hansısa başqa bölgədə müşahidə edilməyə başlayacaq. Bu qarşıdurma yalnız o halda aradan qalxa bilər ki, tərəflərdən biri – yəni ya Rusiya, ya da ABŞ tam məğlub duruma düşsün, digərinin beynəlxalq iradəsini qəbul etmiş olsun”.