AMEA artıq "can vermək" üzrədir

Cümşüd Nuriyev: "Vaxtı ilə ziyalı ocağı, elm məbədi sayılan Akademiya son illərdə didişmələrin, qarşıdurmaların, münaqişələrin meydanına çevrilib"

"AMEA-nın yenidən canlanmasına böyük ehtiyac var. Akademiyadan küsüb xaricə gedən dəyərli alimlərimiz var. Onları yenidən elmi fəaliyyətə cəlb etmək lazımdır"

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev qurumda aparılan yoxlamalar nəticəsində meydana çıxan acınacaqlı mənzərəyə görə AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayevi suçlayıb. Akademik vurğulayıb ki, yoxlamalar nəticəsində ortaya çıxan nöqsanlara görə, məhz Fətəli Abdullayev ciddi məsuliyyət daşıyır. Ramiz Mehdiyev qurumun elmi-tədqiqat müəssisələrində son vaxtlar aparılan yoxlamalar zamanı aşkarlanan ciddi qanun pozuntularını, korrupsiya faktlarını və idarəetmədə hökm sürən hərc-mərcliyi də kəskin tənqid edib. Qarşıya çıxan problemlərin tezliklə həllinin vacibliyini vurğulayıb. Həmçinin, alimlərin sırf elmi işlərlə məşğul olmaları üçün zəruri addımların atılacağını diqqətə çatdırıb. Akademiyanın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayev Ramiz Mehdiyevin ittihamlarını cavabsız qoymayıb. O, akademikin iddialarından təəssüfləndiyini bildirib: 

“Azərbaycan Milli Elmlər Akademiyasının nüfuzuna xələl gətirəcək hər hansı məsələnin ictimailəşməsinin qəti əleyhinəyəm. Qaldı konkret şəxsimlə bağlı səsləndirilən fikirlərə, yaşını və vəzifəsini nəzərə alaraq çox təəssüfləndiyimi bildirirəm. Onu da xatırlatmaq istərdim ki, mən artıq 2 ildir AMEA-da çalışmıram”. Xatırladaq ki, xeyli vaxtdır Hesablama Palatası və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi AMEA-nın müxtəlif strukturlarında yoxlamalar həyata keçirir. Qurum tərəfindən verilən açıqlamalara görə, yoxlamalar nəticəsində ortaya çıxan qüsurlar əsasən idarəçilik və maliyyə-təsərrüfat fəaliyyətilə bağlıdır.

Akademiyadakı mövcud durumu “Şərq”ə dəyərləndirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev baş verənlərə təəssüf etdiyini deyib. Professor bildirib ki, elm ocağımız, məbədimiz AMEA sayılır: 

“Vaxtı ilə bu qurumda ölkəmizi dünya miqyasında tanıdan ləyaqətli alimlərimiz çalışıb. Təəssüf ki, son zamanlar, hələ Ramiz Mehdiyevdən də öncə Akademiya ilə bağlı ciddi ittihamlar gündəmə gəlməkdədir. Akademikə münasibətim birmənalı deyil. Amma AMEA lap əvvəldən, elə Akif Əlizadənin zamanında pis günə qalmışdı. Akademiyada alver-ticarət məsələsi məhz onun vaxtında gündəmə çıxmışdı. Bir elm ocağı düşünün ki, orada hər şey sözün həqiqi mənasında satılır. İndi R.Mehdiyevdən sonra qurumda yoxlamaların getdiyi deyilir. Hesab edirəm ki, AMEA artıq “can vermək” üzrədir. Vaxtı ilə ziyalı ocağı, elm məbədi sayılan Akademiya son illərdə didişmələrin, qarşıdurmaların, münaqişələrin meydanına çevrilib. Əsl elm adamları qalıb bir tərəfdə, hanısa yollarla “diplom” almış “alimlər” ölkədə elmimizə yol verirlər”. 
C.Nuriyevin sözlərinə görə, əgər Ramiz Mehdiyev həqiqətən Akademiyada islahat aparmaq, elm ocağının öz missiyasına uyğun fəaliyyətini təmin etmək istəyirsə, çox ciddi addımlar atmalıdır: “AMEA-da bir-birini təkrarlayan qurumlar ləğv edilməlidir. Eyni zamanda elm haqqında ümumi milli konsepsiya hazırlanmalı, müasir dövrlə uyğunlaşmalıdır. İnsan resurslarının kapitala çevrildiyi vaxtda bu məsələyə daha çox diqqət yetirilməlidir. AMEA-nın yenidən canlanmasına böyük ehtiyac var. Akademiyadan küsüb xaricə gedən dəyərli alimlərimiz var. Onları yenidən elmi fəaliyyətə cəlb etmək lazımdır. Akademiyaya yeni nəfəs, can lazımdır. AMEA-da rüşvət, qanunsuzluqlar aradan qaldırılmalıdır. Bunu da küsüb getmiş əsl elm xadimlərinin əli ilə etmək mümkündür. Dünyaya açılmaq imkanlarımız yetərincədir, sadəcə, bundan düzgün istifadə etməyi bacarmalıyıq”.