Zəngəzur dəhlizinin açılması Rusiyanın da marağındadır



Paşinyan danışıqlar masasındakı mövzuları qəbul etmək zorundadır

Soçidə bəzi razılıqlar əldə olunacaq, sənədlər imzalanacaq


Ermənistan Baş naziri Nikol Paşinyan “Facebook” vasitəsi ilə sualları cavablandırarkən yenidən əsassız iddialar irəli sürüb. Qeyri-konstruktiv mövqe sərgiləməyə, ən əsası da imza atdığı kapitulyasiya aktının bir çox bəndini pozmağa yönəlik bəyanatlar səsləndirib. Paşinyan öz nitqində Qarabağı yenə də “Artsax” adlandıraraq Azərbaycanın bu bölgəsinin “öz müqəddəratını təyinetmə” statusuna malik olduğunu bildirib. 

Baş nazir kommunikasiyaların açılmasında Ermənistanın maraqlı olduğunu desə də, bəyanatda əksini tapan Zəngəzur dəhlizi ilə bağlı əsassız fikirlər dilə gətirib. O, fikrini belə əsaslandırır ki, üçtərəfli bəyanatda dəhliz ifadəsi yoxdur. Üçtərəfli bəyanatın 9-cu bəndində dəhliz ifadəsi işlədilməyib. Ermənistan hələ başa düşə bilmir ki, regionda Zəngilan dəhlizinin açılması ilk növbədə ermənilərin öz maraqlarına xidmət edəcək. Azərbaycan İran vasitəsilə və hava yolları ilə Naxçıvanın blokadadan çıxmasını hələ uzun müddət bundan əvvəl təmin edib. Zəngəzur dəhlizinin açılması üçün Azərbaycan postmüharibə dövründə sərhəd zonasında strateji yüksəkliklərə yiyələnib. Bu, Bakının hərbi strategiyasının ümumi dövlət maraqlarının təmin edilməsinə hesablanmış uyğunlaşdırmadır. Eyni zamanda Azərbaycan tərəfi dəhlizin açılması üçün infrastruktur layihələrinə başlayıb. Ekspertlərin fikrincə, Paşinyanın bəyanatları daxili auditoriyaya hesablanmaqla yanaşı, gözlənən danışıqlar prosesində Ermənistanın yenə də yüksək nəticələrin əldə olunmasına mane olmaq istəyindən xəbər verir. 
Millət vəkili Arzu Nağıyev Paşinyanın çıxışlarının daxili auditoriyaya hesablandığını düşünür və deyir ki, bu fikirlər spekulyasiya xarakteri daşıyır: “Ermənistan məğlub ölkədir. Paşinyan məğlub ölkənin başçısı kimi öz nüfuzunu qaldırmaq, hakimiyyətini qorumaq üçün çıxışlar edir. Amma reallıq danışıqlar masasındakı mövzulardır. Ermənistan tərəfi bu reallıqları qəbul etməyə məcburdur. Paşinyan administrasiyası iki ölkə arasındakı məsələlərin həllinə Qərbi cəlb etməyə çalışır. Ermənistan istəyir ki, görüşlər Qərbin patronajlığı altında keçirilsin. Lakin Rusiyada Paşinyanın kim olması və hansı siyasi oyunlar qurduğunu yaxşı dərk edirlər. Buna görə də Rusiya tərəfi prosesləri nəzarətdə saxlamağa çalışır. Bu proseslərdə Azərbaycan diktə edən tərəfdir. Ona görə də Azərbaycan təmkinli şəkildə öz siyasətini sərgiləyir. Bizim əsas məqsədimiz sərhədlərin müəyyən edilməsi və təklif olunmuş "3+3" formatının reallaşmasıdır. Unutmaq lazım deyil ki, regionda Qərbin də, Rusiyanın da öz strateji maraqları mövcuddur. Azərbaycan müstəqil siyasət aparan bir ölkədir. Buna görə də bütün tərəflərlə bərabərhüquqlu müstəvidə danışıqlar aparır. Xarici siyasətimizin əsasında da ərazi bütövlüyümüzün tanınmasını qəbul etdirmək dayanır. Danışıqlar prosesində də bu müddəanın yerinə yetirilməsini təmin etmək istəyirik”.
Politoloq Əlimusa İbrahimov da deyib ki, Baş nazir Nikol Paşinyan və onun komandası həmişə bəyan edirdilər ki, Zəngəzur dəhlizi açılmasa da, kommunikasiyalar açılacaq. Onun sözlərinə görə, Azərbaycan və Rusiyanın məqsədi isə təkcə kommunikasiyaların deyil, həm də dəhlizin açılmasıdır: “Azərbaycanla yanaşı Rusiya da dəhlizin açılmasında maraqlıdır. Çünki bu dəhliz həm region ölkələrinə, həm də Asiyaya təsir vasitəsidir. Odur ki, Moskva dəhlizin açılması üçün İrəvana təzyiq edir. Fikrimcə, dəhliz açılacaq, ora Rusiya qoşunları nəzarət edəcək və siyasi-iqtisadi dividendlər də şimal qonşumuza qalacaq. Əlbəttə, Ermənistan dəhlizin açılmasının əleyhinədir. Elə buna görə Nikol Paşinyan üçtərəfli görüşə getmək istəmirdi. Bilirdi ki, sıxışdırılacaq. Avropada görüş məsələsi gündəmə gələndə o, ola bilsin, müəyyən mənada ümidləndi. Amma bu, boş xülyadan başqa bir şey deyil”.
Politoloqun sözlərinə görə, son vaxtlar Rusiya dövlət başçısı Vladimir Putinin Paşinyana təzyiqləri daha da artıb: “Ola bilsin, Ermənistanın baş nazirinin Soçiyə getməsi üçün ona müəyyən təsir göstərilib. Çünki bu görüş onun ürəyincə deyil. Düşünürəm ki, Soçidə bəzi razılıqlar əldə olunacaq, sənədlər imzalanacaq. Bunun Zəngəzur dəhlizi ilə bağlı olması da istisna deyil. Çünki Rusiya Avropanı qabaqlamaq niyyətindədir. Putin istəyir ki, Brüsseldə müzakirə olunacaq məsələ qalmasın. Zəngəzur dəhlizinin açılması, sözsüz, bu gün üçün rəsmi Bakının prioritetidir. Bundan sonra Ermənistan növbəti dəfə ağır məğlubiyyətə uğrayacaq, Azərbaycanın ən böyük problemi həllini tapmış olacaq”.