Soçi görüşü öncəsi ermənilərin təxribatları gözlənilir

Rusiyaya bağlı qüvvələr Moskvanın maraqları təmin olunmadıqda, dərhal meydana çıxırlar

Soçi və qarşıdan gələn Brüssel görüşləri öncəsi Ermənistan tərəfinin növbəti təxribatları baş verə bilər. Erməni mediasında bu iddiaları gücləndirən informasiyalar yayılmaqdadır. Eyni zamanda ölkəmizdə də bir çox ekspert nəzərdə tutulan görüşlərin nəticə verməməsi üçün müəyyən dairələrin yenidən təxribat düyməsinə basacağını istisna etmirlər. Məsələn, hərbi ekspert Ədalət Verdiyev Ermənistan ordusunda təxribata hazırlıq prosesi getdiyini söyləyib. Onun fikrincə, hər dəfə danışıqlar prosesi çərçivəsində erməni tərəfi təxribat törətməklə danışıqlara zərbə vurur. Ekspert xatırladıb ki, 10 Noyabr bəyanatından sonra da bu təxribatlar davam etdi: 

“Soçi görüşü ərəfəsində ermənilər yeni təxribat törədə bilərlər: “Ermənistan ordusunda təxribata hazırlıq prosesi gedir. Laçın və Kəlbəcərin Ermənistanla sərhədində yerləşən hərbi hissələr 1 saylı döyüş hazırlığı vəziyyətinə gətirilib. Paşinyanın Soçi səfəri zamanı ona müxalif generalların növbəti dəfə atəşkəsi pozmaq cəhdi istisna edilmir”. 

Ermənistanın “Hraparak” qəzeti də Azərbaycanla sərhəddə “canlanmadan” bəhs edib. Nəşr yazıb ki, hökumət Ermənistan-Azərbaycan sərhədində qoşun cəmləşmələri ilə bağlı məlumatı təsdiqləməsə də, artıq bir neçə gündür ki, orduda bir nömrəli vəziyyət elan olunub: “Döyüş növbətçiliyində olmayan müqaviləli hərbi qulluqçular hərbi hissələrə çağırılıb. Zəngəzur və Göyçədən əldə etdiyimiz məlumata görə, onlara noyabrın 25-26-na kimi hərbi hissələrdə qalmaları və ya ola biləcək bəzi hadisələrə görə döyüş növbətçiliyinə mümkün olduğu deyilib”. Qeyd edək ki, İrəvandakı etiraz aksiyaları, Soçi görüşü xəbərdarlığı, Brüssel hazırlığı fonunda bir erməni hərbçinin, guya, Kəlbəcər istiqamətindən açılan atəş nəticəsində ölməsi barədə dezinformasiyalar da köhnə senariləri xatırladır. Oktyabr ayında bir traktorçu və bir hərbçinin ölümü ilə bağlı ermənilər iki dezinformasiya yaymışdılar, ardınca ordumuza qarşı terror hücumu olmuşdu.

Gözlənilən erməni təxribatı ilə bağlı “Şərq”ə danışan politoloq Natiq Miri deyib ki, həm Ermənistan ordusunda, həm də Qarabağda Rusiyaya bağlı qüvvələr var. Ekspertin fikrincə, həmin qüvvələr Moskvanın maraqları təmin olunmadıqda, yaxud Kreml üçün arzuolunmaz hadisələr yaşandıqda dərhal meydana çıxırlar: 

“Moskva məhz öz mənafeləri naminə Ermənistan ordusunun içində rusmeyilli hərbçiləri saxlayır. Eyni zamanda Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin qalmasına şərait yaradır. Nə zaman tərəflər müstəqil qərar versələr və bu addım Kremlin maraqlarına zidd olsa, dərhal düyməyə basılır. Rusiya heç zaman bu siyasətdən vaz keçməyəcək. 10 noyabr Bəyannaməsinin 4-cü bəndinin, yəni erməni terrorçularının bölgədən çıxarılmamasının əsas səbəbi budur. Məqsəd “lazım” olan anda yaranı yenidən qanatmaqdır. Əgər Qarabağda erməni silahlıları olmasaydı, rus hərbçiləri təxribat yaratmaq üçün Azərbaycan Ordusu ilə qarşı-qarşıya gəlmək məcburiyyətində qalacaqdı ki, bu da “sülhməramlı” qoşun üçün arzuolunmaz haldır”. 

N.Miriyə görə, eyni hadisələr Ermənistanda da davam edir: “Ermənistan ordusunun hərbi rəhbərliyinin əksəriyyəti Rusiyanın əks-kəşfiyyatına bağlı insanlardır. Onların hamısı birbaşa Kremldən idarə olunur. Moskvanın tabeliyində olan siyasi və hərbi qüvvələr zaman-zaman Nikol Paşinyanın əleyhinə olaraq bu cür təxribatlar törədirlər. Bununla da Azərbaycan-Ermənistan danışıqlarını çox rahatlıqla sabotaj edirlər. Son günlərdə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin birbaşa telefon vasitəsi ilə əlaqə bağlamaq imkanlarının yaradılmasının əsas səbəbi bu cür təxribatların qarşısının alınması üçündür. Bunu Paşinyan çıxışı zamanı etiraf etdi. Baş nazir dolayısı ilə təsdiq etdi ki, o, hələ də erməni ordusuna nəzarət edə bilmir. Müdafiə nazirinin dəyişdirilməsi və ordunun başına tarix müəlliminin gətirilməsi bununla bağlı idi. Amma Ermənistanda Rusiyanın dəstəklədiyi revanşist güclər mövcud olduqca, ermənilərin hərbi təxribatlarını bundan sonra da müşahidə edəcəyik. Xatırladım ki, əvvəlki Soçi görüşü öncəsi də erməni təxribatı ilə üzləşmişdik. Növbəti təxribatları da istisna etmirəm”.